Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yol inşa olunacaq

69

Gürcüstanın Kaxeti bölgəsində yeni avtomagistralın tikintisi çərçivəsində Tbilisi-Saqareco hissəsinin inşasına başlanılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentindən bildirilib.

Yüksək hərəkət intensivliyi ilə seçilən 35,2 kilometr uzunluqda olan yol hissəsi dörd zolaqlı və asfalt-beton örtüklü olacaq.

Tenderlərin elan olunması və tikinti işləri bu ilin noyabr-dekabr aylarına planlaşdırılıb.

Tbilisi-Saqareco hissəsi Gürcüstan paytaxtını və Kaxeti bölgəsini birləşdirən əsas avtomagistralın, həmçinin Azərbaycanın şimal-qərb bölgəsini birləşdirən tranzit dəhlizinin bir hissəsidir. Bu hissədə nəqliyyat axınlarının intensivliyi əhəmiyyətli dərəcədə artıb və mövcud yol sıx məskunlaşmanın olduğu yaşayış məntəqələrindən keçir.

Departamentdən qeyd olunub ki, yeni yolun tikintisi bu hissədə hərəkətin təhlükəsizliyini xeyli artıracaq və səyahət müddətini əhəmiyyətli dərəcədə qısaldacaq.