Gürcülərin milyonları havaya sovrulur – İqtisadiyyat böyük zərərlə üz-üzə

    30

    Gürcüstanda baş verən son məlum etirazlar ölkə iqtisadiyyatına ciddi zərbə vura bilər. Artıq ölkənin milli valyutası olan lari Rusiya ilə münasibətlərin gərginləşməsi səbəbilə “büdrəməyə” başlayıb.

    Belə ki, iyunun 15-də 1 ABŞ dolları 2.7 lari idisə, bu gün az qala 2.85 lariyədək bahalaşıb. Bu, larinin tarixində ən böyük anti-rekorddur. 2 həftədən də az müddətdə milli valyutanın bu cür bahalaşması hələ yalnız ilkin psixoloji təzyiqin nəticəsi hesab olunur. Çünki Rusiyanın öz vətəndaşlarının Gürcüstana turist səfərlərinin qarşısını alma qərarının real maliyyə-iqtisadi təsirləri bir müddət sonra özünü göstərməyə başlayacaq.

    Məsələn, Gürcüstan mehmanxanalar və restoranlar Assosasiyasının başçısı Şalla Alevardişvili bildirib ki, Rusiyanın təyyarə reyslərinə qoyduğu qadağa və ölkə vətəndaşlarının Gürcüstana gəlişini əngəlləməsi ölkə iqtisadiyyatına 750 milyon dollaradək ziyan vura bilər. Mütəxəssis hesab edir ki, Rusiya tərəfinin qadağaları turizm sahəsinə rəsmi qurumların açıqladığı rəqəmlərdən daha çox ziyan vuracaq.

    Rəsmi qurumlara gəldikdə isə Gürcüstan Milli Bankı yayımladığı məlumatda ölkə iqtisadiyyatına 200-300 milyon ABŞ dolları aralığında ziyan dəyəcəyini bəyan edib.

    “Galt & Taggart” konsaltinq şirkətinin proqnozlarına görə, məlum hadisələr nəticəsində Rusiyadan Gürcüstana turist axını ötən ilin analoji dövrü ilə müqayisədə 47 fasiz azalacaq ki, bu da yarıbayarı azalma deməkdir. Şirkətin hələ ən optimist sayılan hesablamalarına görə, təkcə turizm sahəsi 200 milyon dollar vəsaitdən məhrum olacaq. Belə ki, qurumun yaydığı hesabata görə, ölkənin turizmdən gəlirləri gözlənilən kimi 3.6 milyard yox 3.4 milyard dollar təşkil edəcək.

    7

    Lakin iki ölkə arasında yaranan gərginliyin Gürcüstana vuracağı iqtisadi ziyan bununla da bitmir. Belə ki, son günlər Rusiyanın müvafiq dövlət qurumları gürcü çaxırının idxalı ilə bağlı məhdudiyyətlərin tətbiq olunacağının anonsunu veriblər. “Galt & Taggart” hesab edir ki, bu sahədə Rusiyanın ata biləcəyi addımlar Gürcüstana əlavə olaraq, 58 milyon dollar ziyan vura bilər. Ümumilikdə isə Gürcüstan iqtisadiyyatının artım tempi proqnozlaşdırılan 4.5 faizdən 4.3 faizə enəcək. Hansı ki, ilin birinci yarısında bu göstərici 4.8 faiz olub. Ölkənin ən iri banklarından olan TBC Bank isə öz hesabatında ölkə iqtisadiyyatının artım göstəricisi üzrə proqnozunu 5 faizdən 4 faizə endirib.

    Lakin ölkənin iqtisadiyyat naziri Natiya Turnava hesab edir ki, ölkə iqtisadiyyatı bütün baş verənlərə rəğmən stabilliyini qoruyacaq. Nazir deyib ki, onlarda olan məlumata görə, ölkənin makroiqtisadi parametrləri stabildir. Hazırda baş verənlər isə yalnız qısa müddətli tərəddüdlərə səbəb ola bilər: “Biz bu böhranın neytrallaşdırılması üzərində çalışırıq”./azpolitika.info/