“Gürcülər Qarabağ məsələsində bizi çox gözəl başa düşərək dəstəkləyirdilər”

228
Qurbanov klubundan tez ayrılmalı olmasından, gələcək taleyindən söz açdı

“Çempionatın sonuna 3 oyun qalmışdı, köhnə zədələmi yenilədim. Sağalmağım 2-3 həftə çəkəcəkdi. Mövsüm isə dekabrın 10-da bitdiyindən, orda qalmağımın heç bir mənası yox idi. Ona görə Azərbaycana qayıtmağım daha məqsədəuyğun idi və klubdan icazə alaraq geri döndüm. Bunu Tiflis-İstanbul-Bakı hava reysilə reallaşdırdım”. Bu fikirləri sport24.az-a açıqlamasında Gürcüstanın “Samtredia” klubunun futbolçusu Nicat Qurbanov bildirib.

Onun sözlərinə görə, hələ avqustda əzələ dartılması üzündən 1 ay oynamayıb və yenə həmin zədələni təzələyib: “Məşqdə həmin ayağımdan, həmin yerdən xəsarət aldım. Onsuz da mövsümü erkən başa vurmalı idim, bu il daha oynaya bilməyəcəkdim. Hazırda Bakıda həkim nəzarəti altında müalicəmi davam etdirirəm”.

Nicatın son il yarımda çıxış etdiyi klubuyla müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. Bu da bitməkdə olduğundan, 28 yaşlı hücumçumuzun gələcək taleyi maraq doğurur: “Hamımızda müqavilənin müddəti noyabrın 30-də qurtarıb. Sadəcə, pandemiyaya görə çempionatda son oyunları bri az qabağa saldılar. Vəziyyət keçənilki kimidi – yeni mövsümə büdcənin təsdiqlənməsini gözləmək lazımdı. Şərait, daha doğrusu, yeni müqavilə təklif ürəyimizcə olsa, niyə də qayıtmayaq? Orda hamını tanıyıram, yaxşı münasibətlim, əlaqələrim var. Təklifdən çox şey asılıdı. Hazırda Gürcüstanın başqa klublarından təklifim yoxdu, çünki digərlərində də “Samtredia”dakı kimi vəziyyətdi. Yəni, yeni büdcənin müəyyənləşib təsdiqlənməsini gözləyirlər. Azərbaycanda da təklfi baxımından sakitlikdi”

“Samtredia”da bir müddətlik fasilədən sonra qayıtdığı yüksək liqada mövsümün gedişində baş məşqçi dəyişikliyi olub. Qurbanovun sözlərinə görə, bu, komandanın çıxışına müsbət təsiri olub: “Son matçımız qalıb. İndidən demək olar ki, çempionatı hazırda olduğumuz 7-ci pillədə başa vuracağıq. Komanda yüksək liqaya qayıdanda əsas məqsəd qalmaq idi ki, buna da nail olmuşuq. Bəli, məni “Samtredia”ya hazırkı baş məşqçi gətirməyib. Ancaq onunla çox gözəl münasibətim var. Sadəcə, bu vəzifəyə gələndə, qırmızı vərəqə üzündən 2 oyunluq cəzam vardı. Bu, bitəndən sonra mənə şans verdi, oynadım. Ancaq zədə üzündən çempionatın sonunda yaşıl meydandan kənarda qalmalı oldum”.

Gürcüstanda COVİD-19-la bağlı vəziyyət uzun müddət vəziyyət xeyli stabil, hər halda, Azərbaycandan çox yaxşı idi. Ancaq indiki durum bizdən də pisdi. Futbolçunun sözlərinə görə, “korona”yla bağlı vəziyyətə görə Gürcüstana dönməkdə tərəddüd etmir: “Ona qalsa, koronavirus bütün dünyada var. Hamımız üçün çox çətin bir dövrdü və bundan keçmək lazmdı. İnşallah, tezliklə qurtarar, hamımız rahat nəfəs salarıq. Bu, olanda adam bir az stressli olur, əvvəlki rahatlıq olmur. Gürcüstanda virusla bağlı hər şey əla idi. Birdən necəsə oldu, vəziyyət gözlənilmədən dəyişərək belə pisləşdi. Artıq gündəlik yoluxma 5000-ə çatıb ki, bu da böyük rəqəmdi”.

Nicat Gürcüstanda olduğu müddətdə İkinci Qarabağ Müharibəsini internetdən diqqətlə izləyərək, tarixi zəfərimizə görə çox sevinir. Onun sözlərinə görə, gürcülər haqq savaşı apardığımızı deyərək, bunu dəstəkləyiblər: “Baş məşqçimiz məndən tez-tez soruşurdu ki, müharibədə vəziyyət necədi. Məndən ona 2-3 gündən bir məlumat verirdim. Gürcüstanda kiminlə bu münaqişəylə bağlı söhbətim olurdu, hamısı bu torpaqların Azərbaycana məxsus olduğunu bildirirdilər. Deyirdilər ki, məsələnin həlli danışıqlar, sülh yoluyla alınmayandan sonra müharibəylə olmalı idi, çünki 30 illdir gözləmisiniz, başqa yol qalmayandan sonra çıxılmaz vəziyyətdən yalnız belə çıxmaq olardı. Onların da bizim kimi problemi var – Abxaziya. Buna görə gürcülər Qarabağ məsələsində bizi çox gözəl başa düşürdülər”.

Qeyd edək ki, Qurbanov Gürcüstanın yüksək liqasında ilk mövsümündə 6 qola imza atıb.