GÜNDƏLİKLƏR

204

 

 

                         1952 – 2020-ci illər

 

            (Böyük və kiçik fasilələrlə)            

 

                                                Ön söz əvəzi

 

 

  Əziz oxucu, sizi “Hürriyyət” qəzetininin bu nömrəsindən başlayaraq qəzetimizin ömürlük əməkdaşı yazıçı, filosof həm bizim, həm redaksiya kollektivinin, həm də çoxsaylı oxucuların sevimlisi Əlisa Nicatın 68 il bundan qabaq başlayıb fasilələrlə yazılmış gündəlikləri ilə tanış edəcəyik. Qeyd etdiyimiz kimi, hələ keçən əsrin 50-ci illərinin əvvəlindən başlayan bu gündəliklərdə sizi müəllifin zəngin dünyagörüşü, bu dünyagörüşün haralardan başlandığını 51 cilddə nəzərdə tutulmuş külliyatın 27 cildini çap etdirmiş bir sənətkarın həyat salnaməsilə, bu 51 cildin necə yarandığını ötəri şəkildə olsa da, bu uzun müddət ərzində ölkədə baş verən siyasi-ictimai hadisələr, lakin ən əsası sənətkarın və mütəfəkkirin topladığı biliklər, oxuduğu, öyrəndiyi şairlər, yazıçılar, mütəfəkkirlər haqqında düşüncələri, mühakimələri, aldığı təəssüratlar və onların yaradıcılığına reaksiyalar öz əksini tapmışdır.

1952-53-cü illərə aid olan elə ilk qeydlərdə gənc Əlisa Nicatın sovet dövlətinin, hətta Stalinin hələ sağ olduğu dövrdə bu 16-17 yaşlı məktəblinin siyasi-ictimai dünyagörüşcə nə qədər sadəlövh amma fanatik dərəcəsində vətənpərvərliyi və insanpərvərliyi onun mənəviyyatının necə mahiyyətini təşkil etdiyinin şahidi olacaqsız. Elə ilk qeydlərdən siz bu gəncin necə ətrafındakılardan hətta bütün ölkə miqyasında həmyaşıdlarından kəskin sürətdə fərqlənərək öz aləmində yaşadığının xüsusilə musiqi duyumu, musiqiyə bağlılığı ilə ən əsası isə hansı arzularla yaşadığı diqqəti cəlb edir. Xüsusilə xalqa və vətənə bağlılıq hər qeyddə hiss olunur. Sovet məktəbində oxuyan 8-9-cu sinif şagirdi başqa cür düşünə bilərdimi? Əgər Səməd Vurğun kimi dünya şöhrətli, ümumxalq sevimlisi akademik, şair leninizm, stalinizm, sosializm, yalançı xalqlar dostluğu, uydurma sovet vətənpərvərliyinin coşqun və qızğın tərənnümçüsü ikən 16-17 yaşlı bir gənc necə başqa cür düşünə bilərdi?

Əlisa Nicatın 1953-54-cü illərdə Lənkəran dövrü gəncliyinin bütün böyük arzuları, işığa, gözəlliyə, böyüklüyə sonsuz coşqunluğu arif oxucunu elə ilk səhifədən heyran qoyur.

Və inanırsızmı ki, cəmi 3-4 il sonra uzağı 5 il bu gəncin dünyagörüşü necə 180 dərəcə dəyişir.Rəğbət necə nifrətə çevrilir.

Hər şey 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinə daxil olub, həyatının Bakı dövrünün başlanması ilə dəyişir. O artıq həyat həqiqətlərinin tərənnümçüsü olmaq xəyalı ilə, eşqi ilə yaşayır. Lakin bu mümkündürmü, insanların nə düşündüklərini, hansı arzu və istəklə yaşadıqlarını ağızlarını açmadan bilən bir rejimdə nəinki yazıb yaratmaq, ümumiyyətlə yaşamaq mümkün idimi? Baxmayaraq 1957 və sonrakı 10 il sovet rejiminin nisbətən mülayim dövrü olub. Kliment Voroşilovun ölümü ilə hər şey yeni qorxunc bir faza ilə dəyişdi.

Lakin Əlisa Nicat yeganə şair və yazıçı olub ki, qarşısında dağ kimi maneələr qalanıb. Bütün bu maneələr gündəliklərdə öz əksini tapıb. Neçə dəfə xoşbəxtlik və gözəllik gənc şairin əlində ikən əlindən çıxıb. Kim olsaydı bəlkə də, dünya ilə vidalaşardı. Lakin sənət eşqi, yazıb yaratmaq həvəsi, içərisində qalaq-qalaq topalanan arzular, fikirlər, ideyalar, mövzu və sujetlər onu hər cür çətinliklərə sinə gərməyə məcbur edir. “Qızılbaşlar” romanı 23 yaşında yazılıb yalnız 24 ildən sonra işıq üzü görür. O, bəlkə də, məcbur oub ardınca “Gəncəli müdrik”, çoxlu hekayələr və povestlər yazıb nəhayət, yalnız 80-ci illərdən sonra əsərlərini çap etdirə bilir. Ümumiyyətlə, xalqın səviyyəsindən, ziyalı kütləsinin düşüncə və təfəkküründən seçilmək bir növ bədbəxtçilikdir. Əlbəttə, müəllifin həyatı çərçivəsində. Kimsə gözəl deyib ki, gələcək nəsilləri satın almaq mümkün deyil. Bu fikir böyük təsəlli verir, lakin tam təsəlli üçün çox azdır. Əlbəttə, Əlisa Nicat kimi sənətkar üçün. Təsadüfi deyil ki, son əsəri “Hüceyrə” romanı hətta yarımçıq qalmaqdadır. Belə ki, hətta gözəl qəzetimiz belə onun çapını çap etməkdən imtina etdi. Əlbəttə, qəzet dəəyyən təsirlərin nəticəsi olaraq bu qərara getməli olmuşdur. Keçən əsrin 60-cı illərinin əvvəlindən bəri Əlisa Nicatın bütün romanlarında (onların sayı 10-dan artıqdır) çoxlu povest, çoxlu hekayə, minlərlə şeir, minlərlə publusistik yazı, yüzlərlə fəlsəfi esse və nəhayət 1500-dən artıq pritça – Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün tamamilə yeni  olan (fəlsəfi roman, fəlsəfi hekayə və povest, fəlsəfi söhbətlər və nəhayət pritçalar) bütün bunlar 84-85 yaşlı sənətkara heç bir maddi fayda və qazanc gətirməyib desək, yalan olmaz. Halbuki, təhqir hesab etmədən yüzlərlə cızmaqaraçı prezident təqaüdü alır. Əlisa Nicatın isə yuxarılarda işləyən heç bir qohumu, yaradıcılığını izləyən heç bir vəzifə və söz sahibi hətta heç bir imkanı olan eloğlusu yoxdur. Yalnız bir neçə yüz sadiq və şüurlü oxucusu vardır ki, yazıçıya ruh yüksəkliyi bəxş edərək bir növ təsəlli verirlər.

Ümumiyyətlə Əlisa Nicat gündəliklərində ətrafında baş verən hadisələri deyil, özündə, qəlbində, dünyagörüşündə, mənəvi aləmində yaranan rastlaşdığı, öyrəndiklərini, bildiklərini ən başlıcası isə ümidlərini və arzularını əks etdirməyə çalışıb. İllər boyu onun ən başlıca məşğuliyyəti oxumaq və oxumaq olub. Çünki bu oxuduqları onun qəlbində, zəkasında baş qaldıran, böyüyən, çiçəklənən fikirlər, düşüncələr, əsərlər üçün bir növ bulaq suyu olub. Və bu proses bu gün də davam edir. 

 

                                           *   *   *

 

İlk hekayəm: “Qızıl medal” 1949-cu il

İlk şeirim: “Oktyabr” 1952-ci il

 

                                        *   *   *

 

                                            1951

 

Sərvətinlə, rütbənlə, gözəlliyinlə, qüvvətinlə, – heç bir şeyinlə heç vaxt öyünmə. Çünki nə bunlar səndə, nə də sən təbiətdə əbədi deyilsən.

 

                                           *   *   *

 

                                            1952

 

Mən onunla fəxr edirəm ki, bütün varlığım hər vaxt vətən eşqi ilə, xalq eşqi ilə döyünür. Mənim ən müqəddəs məqsədim bütün həyatım boyu ona xidmət etmək, – bütün həyatımı, bütün bacarıq və istedadımı onun çiçəklənməsi uğrunda mübarizəyə həsr etməkdir.

Azərbaycan! Səni mən qədər böyük bir məhəbbətlə sevən varsa o da mən özüməm!

 

*   *   *

Köhnəliyi ifşa etməkdə, yeniliyi təbliğ və alqışlamaqda Cəfər Cabbarlının özü kimi bacarıqlı rəqibi ola bilməz.

 

*   *   *

Sərvətinlə, rütbənlə, gözəlliyinlə, qüvvətinlə, – heç bir şeyinlə heç vaxt öyünmə. Çünki nə bunlar səndə, nə də sən təbiətdə əbədi deyilsən.

 

*   *   *

Səməd Vurğun – şeirin Şekspiri.

Cəfər Cabbarlı – dramın Bayronu.

 

*   *   *

 

 

                                             1953

 

 

Azərbaycan xalqı, onun mədəniyyəti və incəsənəti yalnız o zaman bütün dünyada şöhrətlənə bilər ki, – Cənubi Azərbaycanla Şimali Azərbaycan bir dövlət şəklində birləşmiş olsun.

 

*   *   *

Azərbaycan  həyatımtək

Müqəddəssən əzizsən,

Günəş kimi mehribansan

Günəşdən də təmizsən.

 

*   *   *

Həqiqəti zülmətlə pərdələməyə çalışanlar nə qədər yanılırlar.

 

*   *   *

Azərbaycan mədəniyyət tarixinə nəzər salın. Hələ min illər boyu türk, monqol, iran, osmanlı işğalçılarının məhvedici hücumlarına baxmayaraq, gör bir-birinin ardınca nə böyük dühalar yetişmişdir: Təxminən  min il bundan əvvəl (2500 il bundan qabaq Ə.N) İran hökmdarı Kirin başını qan dəryasında üzdürən aslan ürəkli hökmran qadın Tomiris, ulu Cavanşir, dar ağacını qəbul edərək la-iləha-illallah deməyən sarsılmaz iradəli Babək, üzünü dövrünün hökmdarlarına tutaraq – boşdur bu şahların başları ancaq – deyən dahi Nizami, ölməz sənət əsərləri yaradan memar Əcəmi ibn Əbubəkr, elmdə ən böyük nümayəndə Nəsirəddin Tusi, şahlara qarşı qəzəbli Xaqani Şirvani, böyük incilər yaradan Füzuli, ölümə sinə gərən Nəsimi, gözəl qəzəllər yaradan Natəvan, böyük vətənpərvər Həsənbəy Zərdabi, faciəmizin banisi Nəcəf bəy Vəzirov, böyük hekayənəvis və dramaturq Haqverdiyev, böyük demokrat Cəlil Məmmədquluzadə, köhnə dünyanın çar üsulu idarəsinin  amansız və bacarıqlı ifşaçısı böyük Sabir, rəssamlığın misilsiz sənətkarı Bəhruz Kəngərli, əsərləri bütün dünyada sevilən və dildən dilə düşən Üzeyir Hacıbəyov, ölməz romanslar müəllifi Asəf Zeynallı, əsərləri insan zehninə sığmayan müstəsna dramaturq istedadına malik Cəfər Cabbarlı, dahilərə ölməz heykəllər yapan Fuad Əbdürrəhmanov, nəğmələri dillərdə əzbər olan Səid Rüstəmov, xalqımızın sevimlisi Bülbül, cəsarətli müğənni qadın Şövkət Məmmədova, hind, çin, rus, alban, gürcü, benqal mahnılarını dünyaya yayan xalqımızın fəxri Rəşid Behbudov, sosializm dövründə dünya zirvəsinə qalxan Səməd Vurğun, insan psixologiyasına təsir edən yazıçı Ənvər Məmmədxanlı, beynəlxalq yarışlarda mükafatlar alan skripkaçı Azad Əliyev, idmançı Musa Babayev , bir çox elmi müəssələrin həqiqi üzvü akademik  Mustafa Topçubaşov, böyük vətənpərvər Hüseyn Ərəblinski, SSSR xalq artisti Mirzəağa Əliyev, təbiət alimi akademik Firuz Məlikov, inqilabçı  Xanlar Səfərəliyev, tarixçi Məmməd Qazıyev, üsulları xarici ölkələrdə tətbiq edilən usta Ağa Nemətulla.   

                                                                                            

                                                                                                  (ardı var)

                                                                                                Əlisa  NİCAT