GÜNDƏLİKLƏR

210

                                  

 

                                                           1952 -2020-ci illər

 Böyük və kiçik fasilələrlə

(əvvəli ötən saylarımızda)

 

  “Çınqı”nı qurtarmaq üzrəyəm. Heç bilmədim necə yazdım. Yəqin ki, ədəbiyyatımız üçün qəribə şey olacaq. Hər halda ürəyimin böyük parçasını itirdim.

                                                       *     *     *

“Çınqı”nı bitirdim. Əvvəlki əsərlərdə olduğu kimi hamısından yaxşı olduğunu düşünürəm.

                                                                                             05 fevral 1964

 

Bu gün yenə qonorar verilmədiyinə görə Əlicanın yeməkxanasına getdim. Ət, kartof yeyib solğun çay içdik. Ondan quru çay alıb kağıza bükdüm.  Şəhərə çıxdım. Səmid yenə evdə olmadı(lənkəranlı tanışlarımdan biri). Yolda Nüşabəni gördüm uzaqdan arxasınca getdim. Sonra evə gəldim. Bir həftədən qalmış çörəyi yeməliyəm.

                                                                                                                             13 fevral 1964

 

“Mirzə Şəfi” (“Nəğməyə dönmüş ömür”) və cənub mövzusunda faciəni yazmaqdan ötrü tələsirəm. Bir tərəfdən də taqətim yoxdur. Hələ içimdəki xəstəlik… Heç bilmirəm neyləyim.  Ürək “yaz” deyir, bədən isə yox.

Kaş mən də Balzak kimi nəhəng vücudlu olardım. Heç olmazsa sap-sağlam olaydım.

                                                                                          10 mart 1964

 

Gecələr tək-tənha oturub öz-özümlə söhbət edirəm.  Səkkiz aydır ki, hər gecəni bu cür başa vururam. Gecələr nə oxuya, nə də yaza bilirəm. Oxuyub-yazanda bütün gecəni gözümə yuxu getmir.

                                                                                         11 mart  1964

 

Bu gün yazıçı Əbülhəsən dahiyanə nadanlığının ifadəsi olan dəlillərlə “Qızılbaşlar”a mənfi rəy yazıb çapına imkan vermədi. Təəccüblü və təbii cəhət orasındadır ki hamı onu müdafiə edir. Ah, bu zərbəyə də dözsəydim!

 Bütün ümidlərə əlbida!  Nüşabəyə, xoşbəxtliyə. Ya daxilimdəki özümü məhv edib axmaq şeylər yazmalıyam, ya həyasız vicdansıza dönüb yenə məhv olmalıyam, ya da xaricə qaçmalıyam.  Çünki Mirzə Şəfinin, Stendalın gününə düşmək təhlükəsi var. 

Bircə Lənkəranda, evdə dözsəydilər.

Hər şeydən əl çəkməyə hazıram.

                                                                                            14 mart 1964

 

Niyə bu qədər sakitəm? Yəqin ki yara hələ istidir. Bir azdan keçib gedəcək. Ən yaxşı cavab təzə əsər olacaq.

“Mirzə Şəfi”ni başladığım yerdə ilişdim. Mühitə girə bilmirəm. Təzə girən yazın təsirindəndirmi?  Ya bəlkə də materialların azlığındandır, bilmirəm. Payızın, qışın qədrini bilmək, gecə gündüz yazmaq lazımdır. Yaz, yay məhəbbət və səyahət fəsilləri, payızla qış isə ilham və yaradıcılıq.

 

                                                                              29 mart 1964

 

  Povesti Əliağa Kürçaylı oxuyur.  

 Nə əcəb,  kiçik də olsa, ilk kitabçam çıxır (“Yay axşamı”).

                                                                                           31 mart 1964

 

Eh, kaş Mirzə Şəfinin ancaq daxili düşüncələrini yazmalı olaydım. Necə asan, necə istəyimcə olardı.

                                                                                             5 aprel 1964

 

                           

                                          POVEST:

 

On ilin əzab və mübarizəsi nəticəsində nail olduğu gözəli, həm də həyatını itirən gənc… Özü də nəyin xatirinə, uzaqdan gülümsəyən gözlərin.

                                                                                                                         25 aprel 1964

 

Bu gün ilk dəfə məktəbdən çıxıb evə gedən Nüşabəni  “Bakı soveti”ndən üzüyuxarı gedən gedən yolda tutdum. Nə böyük məlahət və səadət xəzinəsi. Danışdım:

– Siz bu yolla gedirsiniz?

 

                                                    *    *    *                                           

– Yox, bizim hissiyyatımız yoxdur.

 Bu qədər gənc və gözəl ikən nə qədər ağıllıdır. Hətta görüş təyin etdim. Amma heç nə demədi…

 Bütün günü sevincdən deyib-güldüm.  Axşam isə yenə məyusluq…

 

                                                                                            30 aprel 1964

 

 Hər şey unudulur, sevinc də, kədər də.

 

 

                                                   ROMAN:

                     Gecikmiş bahar

30 yaşına qədər başı arxiv materiallarını öyrənməyə qarışmış cavan bir gün qonşularına köçən 14-15 yaşında gözəl bir qızın şuxluğuyla  sanki ayılır və dəətli bir ehtirasla həyat ardınca, gözəllər, keyf-nəşə ardınca yüyürür.

                                                                                              10 may 1964

 

Ürəyim doludur; sözlə, hadisələrlə, hisslər, həyəcanlarla. Sevgilər, dağlar, cığırlar. Bulaqlarla…

 “Hərb və sülh”ü  yenidən oxudum.

 Yazıq nəsrimiz, hardasan? Səni hər yeni əsərlərlə bir addım daha geri çəkirlər.

Hiss edirəm ki mən də belə bir şey yaza bilərəm.

                                                                                           01 avqust 1964

 

Həyat qaçır, mən qovuram. İndiyə kimi hələ bir dəfə də olsun. Çata bilməmişəm. Yalnız bir dəfə, bircə dəfə əlimi toxundura bilmişəm.

                                                                                        02 avqust 1964

 

Gecə-gündüz fikrimdə, xəyalımda  “Mirzə Şəfi”dir. İllah ki gecələr… Səhərə kimi obrazlarla beynimdə söhbət edir, hətta bir-birləriylə danışırlar. Səhər açılır, amma heç cür başlaya bilmirəm. Bircə yağışlar başlasaydı… Qonşuluqda yaşayan 14-15 yaşlı qız yəqin ki Züleyxa olacaq. Təbii, nazlı, ədalı…

                                                                                                                   24 avqust 1964

 

Bu gün “Çınqı”nı İsa Hüseynova verdilər. O da bəyənmədi.

                                                                                  25 avqust 1964

 

“Yay” axşamı şeirlər kitabçam çapdan çıxdı.

 

“Səhər şaxtasının müqabilində

Gündüzün istisi bir zada dəyməz”

                                                                                  01 sentyabr 1964

 

Nəhayət ki, romanı başladım. Hələ ki pis getmir.

                                                                                                 03 sentyabr 1964

 

Romanı yazıram, povest isə (“Çınqı”) hələ də çap olunmur.

 

                                              POVEST:

  Günlər bir-birinə bənzəyir.

Hər gün ümidlə şəhərə çıxan, ümidlərlə rastlaşan, onların dalınca gedən, amma heç nəyə nail ola bilməyən bir adam.

                                                                                     28 oktyabr 1964

 

Adildən borc alıb (Adil Rəsul) böyük ümidlərimin daşıyıcısı olan kostyumu aldım. Və noyabrda geyinib şəhərə çıxdım.

                                                                                      07 noyabr 1964

 

Yazıçılar İttifaqında hamıya mənzil verdilər. Demək olar ki, hamıya, təkcə mənə yox.

 Bütün bunların taleymlə uyğun olması fikri  özünün doğru olduğunu bir daha sübut etdi.

                                                                                         20 noyabr 1964

 

“Mirzə Şəfi” yazılır. Aprelə kimi yəqin ki qurtaracağam.  “Qızılbaşlar”ın son fəsli olan “Çaldıran”ı da yazıram.

Kafka, Uilyam Folkner, Henrix Böll sevdiyim ustad yazıçılardır.

Saqqallı, yorğun və ümidsiz ikən trolleybusun pəncərəsindən baxmaq… Gəlirəm, ey bəxt.

                                                                                        10 dekabr 1964

 

Bütün dünyada gənclərin psixoloji durumu: Kimdə oxumuşam, bilmirəm. “Gənclər və gənclik, bu millətlərin və bəşəriyyətin  ən iztirab çəkən və hüquqsuz hissəsidir.”

Necə də doğru fikirdir. Deməli ümumiyyətlə mənim kimilər üçün bütün dünyada vəziyyət belədir.

 

                                          MÖVZULAR

 

  1. Əvvəlcə təmizliklə xoşbəxtliyini əldə etmək istəyən, amma hər yerdə zərbəyə məruz qalıb (iş, sevgi və) sonra fırıldaqlığa keçib məqsədinə nail olan gənc.
  2. Ev yiyəsinin həyatı… Sonsuz (övladsız), pulunu basdırmış xəsis, boylu-buxunlu bir qadın ölüm yatağında dəətli yalvarış və fəryadlarla sanki allahla didişir. Heç cür ölmək istəNiyə? Ay dad öldüm, ay aman öldüm. Mənə nə oldu, mən ki belə deyildim.”

 

                                                                                         31 dekabr 1964

 

 “Mirzə Şəfi” davam edir. Hər cümləsini dəniz mirvarisi kimi böyük çətinliklə əldə edirəm.  Xüsusilə də Züleyxa ilə bağlı səhnələr…

   Gecələr ürəyim iki saat məni üzür. Heç bir şey yoxdur, amma özüm-özümü əldən salıram.

                                                                                         04 yanvar 1965

 

                                                                                              (ardı var)

Əlisa NİCAT