GÜNDƏLİKLƏR

318

 1952 -2020-ci illər

  Böyük və kiçik fasilələrlə

(Əvvəli ötən saylarımızda)

 

 1959-cu ildən sonrakı hadisələr – xüsusilə sevdiyim və üç-dörd ay görüşdüyümüz gözəl Zemfira ilə bağlı gündəliklərim nədənsə belə görünür ki, qalmayıb. Çünki o illər həyatımın ən maraqlı, ən gərgin, ən tufanlı və ən xoşbəxt illərindən olub. Əgər evdə hardasa qalıbsa və nə vaxtsa taparamsa, mütləq çap etdirərəm.

                                             *     *      *

  Bu gecə “ağıllı dəli” olmuşdum. Bütün günü yuxu görürdüm. Kainat haqqında ən yeni doğru fikirlər kəşf etmişdim. Ən başlıcası isə yenə bizim Yer kürəsi… Mən bu doğma kürəni onun niyə fırlandığını, onun nə böyüklükdə olduğunu hər gecə görürəm. Heyf, heyf ki səhərəcən bu fikirlərdən heç nə qalmır. Yuxu ilə birlikdə hamısı əriyib gedir.

 Təbiətdən fərqli olaraq cəmiyyətlərdəki bütün qanunları ifşa edəcəyəm. Həyat – qorxulu əndişə və təlaşlar silsiləsidir.

  1. Sərhəd
  2. Evlənmək (zaqs)
  3. Ordu
  4. İdeya (boş)
  5. Ehtiyac
  6. Qoruqlar
  7. İstedadı boğmaq
  8. Təbliğat (yalanlar)
  9. Birini gecə-gündüz işləməyə məcbur etmək
  10. Siyasi quruluşlar
  11. Vədlər (yalançı)
  12. Milyonlarla insanı bir nəfərin idarə etməsi
  13. Siyasi motivlərlə mühakimələr.

                                                    24 may 1963

 

Nüşabə necə nazla, necə xoş bir təbəssümlə gülümsəyirdi.

Yusifləydim.

Ancaq və ancaq sevdiyin və sevildiyinlə evlənməli.

 

                                     POVEST:

 Ehtirasların analizi.

 Həyat maneələri aşmaqla uzun bir qaçışdır.

                                                                                                   25 may

 

   Qarşımda duran ən başlıca məsələlər:

  1. Bilmədiyim saysız-hesabsız sözləri köçürüb yadda saxlamaq.
  2. Fəlsəfə ilə məşğul olmaq (Spenser, Nitşe). Xüsusilə müasir fəlsəfi cərəyanları (Kamyu, Sartr və s.) əldə edib oxumaq.
  3. Ardı-arası kəsilmədən müasir Qərb yazıçılarının əsərlərini əldə edib oxumaq.
  4. Portret toplamaq (obraz yaratmaq üçün). Rast gəldiyim qəribə adamların portretləri. (xarakter, hərəkət, davranış, danışıq və s.). Hamısını bloknota yazmaq.
  5. Gəzmək, gəzmək, gəzmək.
  6. Təbiət (ağacların, bitkilərin, çiçəklərin, otların və s.) adlarının quruluşlarını öyrənmək.
  7. Nüşabə.

                                                                           28 may 1963

 

 

 

 

Bu gün Nuşabəni görmək üçün çıxdım.  Dərsdən çıxıb keçib getdi.

Baxdı, sağ olsun. Ənvərlə oturub baxırdım. Ağappaq geyinmişdi. Adil də (Rəsul) yanımızda idi. Nizami muzeyinin yanındakı dayanacaqda trolleybusa mindi.

                                                                                          11 iyun

 

                                         *    *    *

                                                  POVEST

 

Bir qeyri-adi gözəli sevən iki gənc. Gözəl hər ikisini uzun müddət oynadır və nəhayət gözlənilmədən ikinciyə razılıq verir. Birinci dəli olmaq dərəcəsinə gəlib hər gün hər yerdə onları təqib edir. Uzun müddət… Artıq ər-arvad olan qızla oğlan bunu görürlər. Bu qeyri-adi mübarizə kəskinləşir. Birinci cavan gecə-gündüz pulla, maşını ilə, tanışları vasitəsilə, xəbərlərlə onları təqib etməkdə davam edir. Beləliklə beş il keçir. Bir gün ər-arvad gəzməyə çıxırlar. Kimsəsiz bir çəmənlikdə birincinin maşını ilə qarşılaşırlar. Bir-birlərinin ətini didməyə hazır olan cavanlar savaşırlar. Uzun müddət davam edən yumruqlaşmadan sonra birinci cavan nəhayət əyin-başı, üz gözü cırılmış halda qalib gəlib ayağa qalxır. Ər ölümcül halda huşunu itirib.

Qadın təslim olmaqdan başqa çarə görməyib oturub qalibi gözləyir.Qalib cavan ona yaxnlaşıb illərlə ardınca süründüyü qadının onu gözlədiyini görüb yuxarıdan aşağı ona baxır və… maşınına minib çıxıb gedir.

 Qadın sarsılmış halda torpağa sərilib ərinin yanında uzanıb qalır. Ər özünə gəlib arvada heç nə olmadığını görüb təəccüb edir. Arvad acı-acı gülümsəyib deyir: Mən səndən də bərk “döyüldüm.” Heç barmaq da vurmayıb çıxıb getdi.

 

                                                                                                            13 iyun 1959

 

                                       HEKAYƏ:

 

Ər əslində gözəl olan qadınından get-gedə soyuyur. Qadın ərini bütün varlığı ilə sevir. Ərinin soyuduğunu görüb onu daha artıq sevir. Vəziyyət gərginləşir. Nəhayət kiçik bir təsadüf qadını və ərini xilas edir. Ər bir gün rəğbət bəslədiyi kişilərin oğrun-oğrun onun arvadına baxdıqlarını görür və onu təzədən sevməyə başlayır.

                                                                                20 iyun 1959

 

 Təbiət alicənabdır. O yaratdığı hər hansı bir xilqəti heç vaxt hər şeydən məhrum edib yaşatmır.

                                                                                                               25 iyun

 

  1. Dəstə içində yaltaqlığı qəbul etmə.
  2. Gülmə.
  3. Lazım gələrsə, ən kiçik adamı da alqışla.
  4. Ən böyük bədbəxtlik ortabab yaranmaqdır.

                                                                                             30  iyun

 

     Əfrailin (o dövrün gənc şairlərindən biri) heç ağlına da gəlməzdi ki, ondan guya aldığım borc çörəyə və yolpuluna gedəcək.

                                                                                             11 avqust

 

   Bir həftədən çoxdur ki, çətinliklə dolanırıq. Çay-çörəkdən başqa heç nə yeyə bilmirik. Lap arıqlamışam.

                                                                                         15 avqust

 

   İki aydır eyni vəziyyətdəyəm.

                                                 22 sentyabr

 

    Bu gün Yazıçılar İttifaqında zəmanət üçün Süleyman Rüstəmi gözlədim, gəlib çıxmadı.

                                                                                  1 noyabr

 

Beş gündən qalmış çörəyi yeyirəm (böyük qardaşım Səadət evlənib bir neçə müddət idi ki, Lənkərana köçmüşdü. Ona görə Bakıdakı “Xrebtovıy” küçəsindəki köhnə evdə tək qalırdım. Evdən gələn pulla yaşayırdım).

                                                                                     3 noyabr

 

Uzaqdan-uzağa olsa da  yalnız Nüşabə ilə təsəlli tapıram.

 

                                                 *     *      *

Yenə gecələr ölümlə üz-üzə qalıram. Görürəm ki, milyard-milyard illik – yəni həmişəlik heçə çevrilirik. Bundan acı nə ola bilər? Hamısı da yuxudan sonra, yaxud da yuxudan qabaq baş verir. Güclə özümə gəlirəm.

                                                                                                                4 noyabr

 

“Çınqı” povestini sürətlə yazıram. İki çətinliyi var: qəhrəmanımın mənəvi aləmini alt-üst edən gözəl təbiətin və onun bəstəkar olmasının, misilsiz bir opera yazmasının təsviri. İstədiyim kimi qurtara bilsəm əla olar.

                                                                                     5 dekabr

 

“Çinqı”nı bitirəndən sonra dincəlmək lazımdır. Pul olsaydı, Gəncə ya da Tiflisə səfər edərdim. “Nəğməyə dönmüş ömür” romanını yazmaq üçün çox lazımdır.

“Ot haqqında poema”nı başlamaq lazımdır.

                                                                                                                 10 dekabr

 

Bu gün Lənkərana gəldim. “Bir almanın məzuniyyəti” povestini oxudum. Nə qədər təmiz və gözəl əsərdir. Bizdə belə şeylər yazılmır. “Saçlı”nın əvəzində belə bir şey yazılaydı.

                                                                                        14 dekabr

 

İrvinq Stounun “Həyat yanğısı” povestini oxudum. Van Qoqa həsr olunub. Dünyada şöhrət qazanmış əsərlərdən biridir elə bu şöhrətə layiqdir. Hərçənd ki, “Martin İden”ə çatmaz.

 

                                          *   *   *

 

“Nəğməyə dönmüş ömür” romanını yazmağa hazırlaşıram. Ürəyim indidən döyünür.

                                                                                                            17 dekabr 1963

 

Balzakın  “Şıltaq hekayələri”ni oxuyuram. Hamısı bir-birindən gözəldir. Xoşbəxtlik, məhəbbət, həyat dolu hekayələr. İnsanı səfərbər edən nəğmələr. “Arşın mal alan” və “O olmasın bu olsun”dan başqa bizdə belə  şeylər yoxdur. İnsana nə qədər ruh verir.

                                                                                    07 yanvar 1964

 

Alan Sillitounun hekayələrini oxuyuram. Xüsusilə ikisi lap əladır. “Yelləncək” və Tənha qaçış” hekayələri şedevrdir.

                                                                                     10 yanvar

 

Bu gün yenə də demək olar ki, bütün günü ac qaldım.  Əlimə pul gəlsə ailə üzvlərimizdən və qızlardan başqa heç kimə bir qəpik də xərcləməyəcəyəm.

                                                                                               31 yanvar 1964

 

                                                                                      (ardı var)

                                                                                    Əlisa  NİCAT