GÜNDƏLİKLƏR

291

   1952 -2020-ci illər

 Böyük və kiçik fasilələrlə

(Əvvəli ötən saylarımızda)

 

  Yazıçılar ittifaqına getdim. Əli Kərim qeydlərini dedi.

Axşam qarşımdan əbədi və sonsuz bir zülmət uçurumu açıldı. Hər şey solğun, hər şey dumanlı və boş. Arzu da, ümid də, Günəş də, gözəllik də. Çəkdiyim bu əzablardan, düşdüyüm ümidsizliklərdən sonra gələcək sevinc və nəşələrin nə faydası.

 

Səhər şaxtasının müqabilində

Gündüzün istisi bir zada dəyməz.

                                                    Nizami

                                                        4 Mart 1959

 

İki gündür evdə düşüncələr içindəyəm, poema çap etdirmək mümkün deyil, şeir də yazmaq olmur.

Bütün həyat hadisələri qeyri-şüuri sürətdə instinktiv cərəyan edir. Hər bir hadisə hadisəni tamamlayır.

 

                                                                               5 Mart

 

Bu gün qonşuda dəhşətli bir hadisə baş verdi. Cavan, gözəl bir qız toy günündən bir gün əvvəl öldü. Deyəsən hamamdan çıxıb gələndə bərk soyuq dəyib.

Əllərindən yalnız ağlamaq və ölmək gələn zavallı insanlar…

 

                                                                         6 Mart

 

Seylon (Şri-Lanka) filminə baxdım. Bu həyat cinayətlər yığnağıdır. Gözəl tamaşadır. Xüsusilə sonu. Uzun və qorxunc mərhumiyyətlərdən sonra xoşbəxtlik.

 

                                               *    *    *

 

Günlərim evdə keçir. Heç bir təsiredici hadisə baş vermədiyi üçün (hardan da baş versin) az yazıram.

 

                                                                7 Mart

 

Bu gün Bahadırgilə getdim.

Dağlarımın qarı – çoxdan bəri məni üşüdən bu qar yavaş-yavaş əriyir.

Axşam anam gəldi. Evdə, Lənkəranda hamı xəstə imiş. Özü də nə qədər sınıxıb. Onunla birgə Lənkərana gedəcəyəm.

Lev Tolstoyun bioqrafiyasını oxudum. Əsərləri kimi sadə bir həyat…

 

                                                          8 Mart

 

Hüseyn Hüseynzadə (Hüseyn Arif) aşıq şeirimizin baş çobanının bu gənc köməkçisi bu gün iki kəlmə sözü ilə düyünlədi.

Cəfər Cabbarlı kimi döyüşəcəyəm. Onlar döyəcək mən isə öz işimdə olacağam. Özü də sonra Mehdi Hüseyn və Mirzə İbrahimov Cəfər Cabbarlı ilə olduğu kimi məni tərifləyəcək, sadiq müdafiəçilərimə çevriləcəklər.

 

                                                             12 Mart

 

Əkrəmin yerişi artıq mənə qəribə görünür. Halbuki, əvvəllər bu yeriş ona yaraşırdı.

*    *    *

Hər gün günorta K.Kələntərli ilə görüşüb söhbət edirik. Hər şey arzularımızdadır.

 

                                                              13 Mart

 

Bu gün sevimli Lənkərana gəldim. Ancaq heyif ki, o məni qaşqabaqla qarşıladı. Dumanlı, yağışlı gün idi.

Bizim Məhərrəm şeir yazır. Və mənim 5-6 il qabaqkı rolumu oynayır.

Neçə gündür evdəyəm. Gecə-gündüz oxuyuram. Heç nə yazmıram.

Aylarla, illərlə üstündə gəzdiyim çəmənləri, çölləri, qumluqları, çay qırağını, küçələri, dəniz sahilini, öz həyətimizi doyunca gəzirəm. Keçmişdən heç bir iz qalmayıb. Təbiət və amansız insanlar hamısını dağıtmış, uçurmuş, daşıyıb aparmışlar.

Çay qırağında saatlarla oturub xəyala daldığım, sularla oynadığım, yayda uşaqlarla şolgilərdə (çayın dərin yeri) çimdiyim, çıxıb qumluqda uzandığım, bir az aralı paltar yuyan qız və gəlinlərə tamaşa etdiyimiz, qonşu kəndlərdəki həyətlərdən əzgil dərib oğurladığımız, sonra da əzgillərlə oynadığımız günlər yadıma düşür. Daha əvvəllər isə səhərdən axşamacan balaca çayda (evimizin aşağısındakı böyük çəmənlikdən iki çay axırdı)  ləyənlə kiçik balıq balalarını tutub onlarla oynadığımız, acından ölənəcən davam etdiyimiz ləzzətli futbol, mənim uşaqlar üçün uydurma nağıllarım, Bayramgildə (qonşumuz) şirin-şirin gizlənpaç oynamağımız. Həyətimizdəki kümənin (gil daxma) banına çıxıb Bayramgilin şaftalılarından dərib yeməyimiz, payız və yaz günlərində hadar-hadar oynamağımız, payız günlərində küçədə qoz-qoz oynamağımız və bunların hamısında ayrılmaz qardaşım Qəhrəmanla birlikdə.

Təbiət hamısını apardı. O, uşaq sevinc, nəşə, qəzəb, qorxu, həyəcan və gülüşlərimin hamısı əriyib getdi. Heç ələbil bütün bunlar olmayıb.

 

                                                                          19 Mart,  Lənkəran

 

Oh, biz bu şöhrəti, saçlarımıza dən düşən, üzümüz mübarizələrin izi olan qırışlarla örtülən, uzun illərin gərginliyi, ümidsizliyi və kədərindən gözlərimiz torlaşan zaman deyil, bu şöhrət üçün şirin-şirin xəyala daldığımız zaman əldə etsəydik! Həyatın ilk çağında, alqışlar və təbriklər içərisində yürüdüyüm zamanda məhəbbət gənc ikən, inam gənc ikən, dünyanı fəth edə bilsəydik  (Teodor Drayzer, “Dahi”).

 

*    *    *

 

Bahar gecikib, söyüdlər, çən duman, aramsız yağışlar… Doğma qədər yadlardan uzaq düşmüşəm. Lakin kim bilir? Qəlbimdə zərrə qədər də od, həyəcan yoxdur.

                                                                 20 Mart

 

Səhər-axşam evdəyəm. Yaman darıxıram. Bakı üçün, Əkrəm üçün, Fikrət üçün, Vaqif üçün, universitet üçün, Nigar üçün, “Zanbaq” üçün, küçələr üçün, kitab mağazaları üçün, tanış olmadığım tanışlar üçün, nifrət etdiyim və sevdiyim Yazıçılar İttifaqı üçün darıxıram. Evdəyəm. Arzuladıqlarımın yanında. Səhər evdən çıxır, şəhəri gəzir evə qayıdıram. Gecələr bərk darıxır, uzun zaman yata bilmirəm.

 

                                                   *    *    *

 

15 gün Lənkəranda oldum. Hacıağanın (qonşu) məzəli söhbətləri, ailənin mehribanlığı və xüsusən sevimli Asudənin (kiçik bacım) fərəh dolu səmimiyyəti az qaldı məni Bakıdan bir müddət ayırsın.

Bu gün Bakıya gəldim. Və deyəsən doğrudan da həyatımın yeni dövrü başlayır. Aylar və illərlə həsrətini çəkdiyim gözlər, baxışlar maraqla və rəğbətlə mənə tərəf baxır, boylanır.

 

                                                                         1 aprel 1959

 

2-3 gündür keyf içindəyəm.  Quru keyf .

“Örpəyi” (uzaqdan-uzağa sevdiyim qızlardan biri) indi-indi yavaş-yavaş sevməyə başlayıram. Nigardan isə heyif. Hər kimin gözü onda olduğu kimi onun da gözü hamıdadır.

                                                       2 Aprel

 

Həyat heç kimə fərq qoymayan harın bir atdır. Nə qədər ki, ram etməmisən, sallanmısan o qədər çapacaq, səni o qədər bu daşa o qayaya çırpacaq ki, əlin üzülsün. Əksinə minə bildinsə sakit bir quzuya dönəcək, hara istəsən sürə biləcəksən.

Hər bir yeni gözəl ad mənim üçün bir yeni poemadır.

                                                              3 aprel

 

Bu gün yağış yağdı. Həm də bütün günü. Mənim bəxtimə, sevincimə yağdı.

Yenə Vaqifləyəm (Nəsib). Məhəbbətin sevinc və iztirablarında ən yaxın köməkçim. Örpəy özünü çəkir. Amma uzaqdan-uzağa sevdiklərim çoxdur.

Qadın – sevimli ilandır.

                                                                    6 Aprel

 

4 cildlik “Səfillər”i oxuyuram, dünya ədəbiyyatının zirvəsi. Jan Valjan – göydən enib insan cildinə girən bir mələkdir. O, Hamlet qədər müdrik, Qabil qədər üsyankar (Bayronun qəhrəmanı), Moor qədər qüdrətli və özü qədər xeyirxahdır.

                                                                                                 7 Aprel

 

Aman allah, mən dünənki Əlisa deyiləm. Hər gün gözəl keçmişimdən ayrılıram. Arzular, ümidlər, həyəcanlar, əzablar öz məsumluğunu itirir, uzaqlaşır. O günləri bircə şey qaytarır, – xatirələr, musiqi.

 

                                                                                                     8 Aprel

 

Köhnə dostlardan Aydını gördüm ( Masallılı).  Həm fiziki, həm də mənəvi cəhətdən nə qədər kiçilib.

                                                                                             9 Aprel

 

Bu günüm “mavi örpəyi” müşayiət etməklə keçdi. “ Biofak”da (biologiya fakültəsi) oxuyan gözəl qız.

                                                                                                                            11 aprel

 

Fikrət (Sadıq) düşündüyümdən də yaxşı çıxdı. Təkcə ona görə yox ki, ürəyiaçıqdır, həm də ona görə. Onunla və nişanlısı ilə üçlükdə ispan  Lope de Veqanın “Küzəli qız” filminə baxdıq. Daha doğrusu pyesi əsasında çəkilmiş filminə.

                                                         12 Aprel

 

Bu gün anamla atam gəldilər. Səadəti evləndiririk. Uzun və zərərli dağınıqlıqlara son.

 

                                                                                          13 aprel

 

Mark Tvenin “Tom Soyyerin macəraları”nı oxudum. Kim uşaq olubsa, bu gözəl əsəri sevməyə bilməz.

 

*    *    *

 

Bu gün güzgüdə özümə baxıb heç xoşuma gəlmədim. Çünki ən xoşagəlməyən bir vəziyyətdəyəm – arıq. Eynilə 1953-cü ilin yay günləri kimi.

                                                              14 Aprel

 

Bu gün (hər gün) o qədər gəzdim ki, ayaqlarımdan elə bil çay axıb gedirdi. Yəni yorğunluq.

İnsana nə verilir?! Sonsuz əzablar ki, hər vaxt içindəsən, sonsuz ümidlər ki, həmişə uzaqdan əl eləyir, bir az sevinc ki, olmasa həm yaxşı həm də pisdir (yaxşıdır ona görə ki, sevinirsən, pisdir ona görə ki, bir anlıqdır), bir az təbəssüm ki, göz yaşlarıyla qarışır, bir az fərəh ki, sonu yorğunluq, bir az yuxu ki, (qayğısız keçirilən yeganə vəziyyət) heyif yuxudur, bir az qüssə ki, əridir, bir az sevgi ki, yandırır, bir az da xatirələr ki, pul kimi o da layiq olmayana qismət olur. Bir az da o ki, heç şey və hər şeydir.

 

                                                                                                      15 aprel

 

Bir ot kimi bitirik,

Sonra yenə itirik.

*    *    *

 

Gecələr… Mən insanın bu vaxt ki, düşüncələrini təsvir etməliyəm.

Anamlayam.

Mən dəstə içində olmağı sevmirəm.

Gündəliklərdən ibarət olan “Hava” romanı ürəyimdədir. Yalnız hadisələrlə yaşamaq və vərəqləri doldurmaq qalır.

 

                                                                                  16 aprel

 

Bu gün kitabxanada o qıza tamaşa edərkən həmin balaca gözəl qız gəldi. Tərsliyə bax a! Bu gün anamı ötürmək üçün saat 1-ə kimi avtovağzalda qaldım. Bərk yoruldum. Cabir Novruzovu özümə düşmən düzəldəcəyəm. Neyliyim? Başqa əlac yoxdur. Axı, düşmənsiz mümkün deyil, nə qədər çox olsa bir o qədər yaxşıdır.

                                                           17 aprel

 

Bu gün ürəyim yüz dəfə (bir az çox oldu) yerindən oynadı. Ürək partlamasın neyləsin? “Səfillər” ağlımı başımdan çıxarıb.

 

                                                            19 aprel

 

Vaqiflə kinoya getdik. Hər gün universitetin qabağındakı çayxanada çay içirik. Güclə 1-2 manat tapırıq.

                                              20 Aprel

 

Bu gün səhər bərk kədərləndim. Yazıçılar İttifaqına getdim. İsa Hüseynov (Muğanna), Əhəd Hüseynov, Salam Qədirzadə – bunlara həmişə hörmət bəsləyəcəyəm. Xüsusən də İsaya. Nə qədər mehriban, sadə və böyükdür. Yəni böyük olacaq. Hüseyn Hüseynzadə dayaz olsa da, xeyirxahdır.

                                                                                                                        21 aprel 1959

                                                                                   (ardı var)

                                                                                   Əlisa  NİCAT