GÜNDƏLİKLƏR

387

 

         Böyük və kiçik fasilələrlə

 

       (əvvəli ötən saylarımızda)

 

  Bu gün anamla Sumqayıta gəldik. Təbiətin qoynundan çıxmış, təbiət kimi sadə və təbii insanlar, qohum qardaşlar…

 Qəzetdə yenə şeir çıxmayıb. Külək də gözlərimizi kor edəcək qədər güclü və qumlu…

 Daxilimizdəki tufanla uyğun gəlmək gələn bir hava…

 Günortadan sonra bir az keyfim açıldı. İman, Malik… Təsirli alman filmi.  

                                                                                 25 yanvar 1959

 

                                                 *    *    *

Bu gün Əkrəmi (Əylisli) gördüm. Sevindim. Radio verilişləri komitəsinə getdik. Poemanı verdim  (Hüseyn Kürdoğluna).

 Sərdar  və Arifin hərəkətlərini ilk dəfə gördüm. Birisinin oxuması ətimi tökdü, ikincinin də bəzi sözləri.

 Axşam anamı gedib gətirdim. Töhmət və haqlı tənələr altında ayaqla evə gəldik. Evdə isə beli bükəcək qədər ağır sözlər… Sonra isə bütün gecəni əzab çəkdim.

                                                                                 28 yanvar 1959

 

                                             *    *    *

Bu gün Kələntərgilə getdik. Şeir oxuyub söhbət etdik, çörək yedik, çay içdik. Bayronun külliyyatını oxuyur. Mən isə onu oxumasam da oxumuş kimiyəm.

Anam Lənkərana qayıtdı. Pul verdi, götürmədim, guya qəhrəmanlıq elədim.

                                                                                     29  yanvar

                                              *     *     *

Bu gün səhər ayaqla Radio verilişləri komitəsinə getdim. Görəsən oxuyacaqlarmı?  Fikrət Sadığı gördüm.  Yarı rus, yarı azərbaycanlı qızlara tamaşa etdik. Sonra birlikdə Yazıçılar İttifaqına getdik. Poemanı Əli Kərimə verdim. Poemanın aşmalı olacağı sonuncu qaya…

Fikrətlə bizə gəldik. Kartof qızardıb yedik, çay içdik.

                                                                                                                                  2 fevral

                                    *    *    *

Bayronun “Zülmət” şeirini və başqa  son şeirlərini oxudum. Xüsusilə “Zülmət”  şeiri çox təsirlidir. Ölümün intəhasız iztirablarını daşıyan qəzəbli pələngin istehzalı bağırtıları…

                                                                     

                                                                                                                                3 fevral

 

Bu gün Fikrətlə birlikdə Əkrəmin pyesini dinlədik. Onun istedadı hələ öz obyektini tapmayıb.

Nahar yeməyini axşam yedim.

 Atamla anam gəldi. Evimiz işıqlandı. Atam Səadətin üzündəki qanı görərkən qorxub yazıq-yazıq ağladı. Bilmədi ki, sadəcə üzünü qırxanda qanayıb. Mən onun heç vaxt təsəvvür eləmədiyim bu vəziyyətini unuda bilməyəcəyəm.

                                                                                                                               13 fevral

 

Bu gün Bəxtiyarın (Vahabzadə)  dərsində  (leksiyasında)  oldum. “Gözəl”  danışdı. Amma…

                                                                                                                             14 fevral

 

Atamla şəhəri  gəzdik. Xeyli nəsihət verdim. Mənim üçün kostyum, ya da kostyumluq parça axtardıq. Mənim heç bir şeyim olmayanda hər şey olur.  Hər şeyim olanda isə (pulum) almağa heç nə olmur.

Xəlil Rzagilə getdim. Fikrətlə birlikdə  “Müqəddəs kareta”nı alqışladı.

                                                                                               15 fevral

 

Bu gün 1100 manata kostyumluq parça aldıq. Amma sən demə “Boston” deyilmiş.  Leninqrad  şiviotu  imiş. Anam bildi.

İşlər yaman dolaşıqdır. Əli Kərim evdə xəstə, poema radioda yatır, şeirlər çamadanda. Özüm də belə.

Atam – uşaq qədər sadəlövhdür.

Bir həftədir nə bir şey yazır, nə də oxuyuram.

                                                                                    16 fevral

 

Adamlar nə qədər cırlaşıb, mənəviyyatlar nə qədər kiçilib… Bi kasıba, bir yoxsul tələbəyə kömək etmək heç kimin əlidən gəlmir.

Şöhrət dalınca qaçanlarımız çox, qeyrət dalınca qaçanlarımız yox..

 

                                                                                                                    17 fevral

 

Fikirlərim çox, hünərim yox.

Bu gün axşam kiçik bir uğursuzluqdan (“Azərbaycan müəllimi” qəzetində şeir getməyib) bütün hisslərim oyanıb. Kədər, sevinc, ümid…

Hüqo yalan deyir! Dünyada heç bir ideal insan ola bilməz. “İztirablar yolçusu”nu bitirdim.

                                                                                         18 fevral

 

Hər şey unudulur kədər də, sevinc də. “Sən həyatda cüssəsiz, sənətdə vüqarlı bir dağ olacaqlan.”  (Əmir Mustafayevin haqqımda dediyi sözlər). Mən buna inanmasaydım, yaşaya bilməzdim.

Şövkət Ələkbərova mənim sevimlimdir. Ona ən gözəl sözlərimdən birini həsr edəcəyəm.

Bu günlər bütün günü evdəyəm. Şaxtalı, soyuq bir havada Bakının ən küləkli yerində bir saat dayanıb Kələntəri gözlədim. Dişlərim bir-birinə dəyirdi. Mənim üçün Bayronun I cildini kitabxanadan alıb gətirəcəkdi. Ancaq onu görə bilmədim.

                                                                                      20 fevral

 

 Bu gün səhər küçə ilə gedərkən təsadüfən “zanbağı” gördüm (qız).  Gözlərində  heyrət dolu  nəzərlərlə bir-birimizə baxırdıq. Necə də solub.

Yanındakı qız halıma gülümsəyirdi. Ayılaraq tez salam verib keçdim. Xatirələr canlandı.

 Bu gözəl və füsunkar dilimizin qafiyə kasıblığı olmasaydı mən hər həftə bir poema bitirərdim.

                                                                                         22 fevral

 

“Xilaskar dərd”i  (yəqin ki poemadır) başlayıram. Mövzusunu mənə verən şair Fətəli Sahibə həsr edəcəyəm. Onu deyəcəyəm ki, dünyada yalnız insan insana kömək, dost və həmdəm ola bilər. Bir-biriylə nə kinli və qanlı bıçaq olan iki düşmən də dost – həm də ən sadiq dost ola bilər.

 “Müqəddəs kareta” jurnalda Əli Kərimdədir.

 Cabir Novruzov (şair) ən paxıllardan biridir. “Bakı” qəzetində yaxına qoymur.

                                                                                             23 fevral

 

“Zanbağı” yenə gördüm. Geyimimə görə tez adamların içində gizləndim.

                                                                                                                           24 fevral

 

Havalar bərk soyuqdur. Hədsiz qar yağır.

Anam getdi.

“Zanbağı” yenə gördüm. Gülümsəyirdi.

                                                                                             25 fevral

 

Füzulə(gəncəli qız). Onun gözləri əbədiyyətdir.

Dəhşət! Bir həftədir soyumuş ocaq kimiyəm. Hey tüstülənirəm.

Elmlər Akademiyasında (indiki “İstiqlaliyyət” küçəsi) Mikayıl Müşfiqin xatirə gecəsi keçirildi. Elə o yaşda da ölməli imiş. Bu dünya qeyri-adi insanlar üçün deyildir.

Mirzəni (İbrahimovu) alqışlamadım.

                                                                            28 fevral

 

Bu günüm Həsənlə keçdi (tələbə dostlarımdan biri). Xeyli gəzib-dolaşdıq. Dənizə tamaşa etdik, limonlu çay içdik.

Yenə axşam görüşüb  gəzdik. Gözəl hava idi.

                                                                                  1 mart

 

Səadət işləyir, Allaha şükür.

Bu gün Əkrəmlə “Nizami” muzeyinin qabağındakı skamyalarda oturub qızların “işıq saçan” ayaqlarına tamaşa etdik.

                                                                                      2 mart

 

Bu gün bütün günü evdə qaldım. Bir-iki şeir yazdım. Dumanlı hava gözəl fikirlər gətirir.

Ölüm mənim üçün bir də sevə bilməmək deməkdir.

 

                                                                                                     3 mart 1959

                                                                                   

                                                                                  (ardı var)

 

           Əlisa  NİCAT