GÜNDƏLİKLƏR

255

        Böyük və kiçik fasilələrlə

  (əvvəli ötən saylarımzda)

 

                                         Bir neçə kəlmə

1955-ci ildə Lənkəran şəhər 3 nömrəli orta məktəbini bitirib 1957-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olan Əlisa Nicat gündəliklərini bir də 1959-cu ildən yazmağa başlayır. Lakin bu artıq qəlbi insanlara və xalqına məhəbbətlə aşıb-daşan sadəlövh Əlisa deyil. Artıq amansız həyat həqiqətləri ilə üz-üzə qalan, xalqımızın – xüsusilə də ziyalı adlanan yaramaz qisminin addımbaşı badalağına, toqquşmalarına, maneələrinə rast gələn gənc şair və nasirdir.  Artıq yaşamaq və yaratmaq uğrunda ağır mübarizə dövrü başlayır. Əvvəlki Əlisadan  üç şey qalır: gecə-gündüz kitab alıb oxumaq və yazmaq və bir də Bakı küçələrində ən gözəl qızların izinə düşmək

                                           *     *     *

Görəsən mən nə zaman iztirablardan azad olacağam, həm də necə iztirab!

 Məhərrəmin (kiçik qardaşım)  məktubu sinəmdə közərən əzabları alovlandırdı.

 On gün, yanvarın 3-dən 13-ə kimi  “ağlar-güləyən” oldum. On gün dərsdə oldum. Gülgəzlə Flora məni məni nə qədər əyləndirirlər. Onlarla nə qəribə komediya oynayıram. Gah buna, gah da ona maraq göstərir, gah  onunla, gah da bununla əylənirəm. Nə onlar məni bir-birinə görə buraxmaq istəmir, nə də mən onları.

 

                                         *    *    *

Qadınla dəniz arasında nə qədər bənzərlik varmış.

Səadət (böyük qardaşım) dörd aydır işsiz, mən də doğulandan beləyəm.  Qəhrəman (ortancıl qardaşım)  orduda. Hamımız evdən uzaqda. Bakıda işsiz, yemək, 300 manat da ev kirayəsi. Qazanan kimdir? 67 yaşlı, övladlarından heç bir şey görməyən ata. Həm də övladlarının heç  nəyinin təmənnasında olmayan. (Ana isə… Allahın böyüklüyündən danışmazlar).

 

                                     *     *      *

 

Budur səhər saat yeddidə dərsə yollanıram. Yol uzaqdır.

Günorta gəlir. Cibimdə bir manat da yoxdur. Evdə də heç nə. Bahadırgilə (sinif yoldaşı) də gedə bilmirəm. Bütün günü ac qalıram. Yalnız, yalnız mənim cibim boşdur. Mənə baxıb həsəd aparanların cibi dolu, mən isə ac. Bəlkə mən heç bir şey deyiləm?

                                                                                   10 oktyabr 1958-ci il

 

                                       *    *    *

 

Cəmil (“Azərbaycan gəncləri” qəzetinin məsul katibi Cəmil Əlibəyov) məni nə qədər incidir. Heç bir şeirimi çap etmir. Eyb etməz, Nəbidən (Nəbi Xəzri) böyük olmayacaq.

 

                                        *     *    *

 

Musiqi və ədəbiyyat… Birincini eşidərkən sanki yenidən dünyaya gəldim, ikincisini oxuyanda isə ilk dəfə sevmiş kimi oldum.

 

                                                                                                                      9  dekabr, 1958

 

                                               *    *    *

“Alışan dəniz”i yazıram. (Sonralar itirilmiş poema)  Kürəyimə vurulacaq qamçıların qaşısını almaq üçün zərif və əbədi bir qalxan.

 Mən – ən odlu vətənpərvər adam istər-istəməz kosmopolit olacağam.

                                                                                           12 yanvar 1959

 

 

                                                               *     *     *

 

Hər gün axşam türk musiqisini dinləməklə yatıram.

 

                  USTADLARIM

 

             ŞEİR

  Nizami Gəncəvi

 Corc Bayron

 Nazim Hikmət

 

       DRAM

Cəfər Cabbarlı

Fridrix Şiller

Hüseyn Cavid

 

       NƏSR

Rəşad Nuri Güntəkin

Onore de Balzak

İvan Turgenev

 

Mənim universitetim  türk ədəbiyyatı oldu .

 

                                        *     *      *

 

  Bu gün anamla (Qızbəs)  Məhərrəm gəldi… Qayğılar dənizindən keçib əzablarımın qarlı zirvələri görünən çəmənliyə çıxdım.

                                                                              14 yanvar 1959

 

                                 *      *      *

 

Ana kimi müqəddəs bir varlıq da qadındır.

Viktor Hüqo ideal insanlar nəğməkarıdır.

                                           15 yanvar  1959

 

                                 *      *       *

Bu gün “mavi örpəyi” (xoşuma gələn qızlardan biri)  gördüm. O mənim ola bilər.  Hamıya bəxş etdiyi nəzərlərini ötəri olaraq mənə sarı da çevirdi. Mən onun ola bilərəm.

 

                                   *     *     *

Bu gün axşamçağı  “Parapet”də Kələntərlə (şair Kələntər Kələntərli) oturub söhbət etdik. O məni müvəffəqiyyətləri ilə sevindirdi, mən isə onu planlarımla.  Onun “Maksim Qorki gəncliyində dörd dəfə özünü öldürmək istəyib” sözləri məni nə qədər sevindirdi.

                                                                        16 yanvar 1959

 

                                 *     *      *

 

Tofiqdən qurtardım. Onunla yalnız pulun olanda yaxşıca keyf çəkmək olar.

 

                                   *      *     *

Hər gün Rəsul Rza ilə “telefonla danışır” iş sabaha qalır, sabah yenə “zəng vurur”  yenə sabaha qalır.

 

                                   *     *     *

 

O qədər iztirab çəkirəm ki, Cek London yanımda festivala getməlidir.

                                                                                                          17 yanvar 1959

 

                                          *     *     *

Bu gün imtahanlarımız qurtardı (artıq universitetin qiyabi şöbəsinə keçmişdim).  Günorta zamanı pirojna yeyə-yeyə qaçarkən Rəsul Rza məni gördü, gülümsədi…

 

 Axşam Bahadırla  “Tarla bülbülü” filminə baxdıq. Bahadır başqa bir qızın dalınca düşdüyü üçün onu evlərinə ötürə bilmədim.

                                                                              18 yanvar 1959

 

                                       *      *       *

Tətil aylarında “Mavi örpək” poemasını bitirməliyəm.

                                                                               19 yanvar 1959

                                      *    *     *

 

Bu gün unudulmaz  əzablı günlərimdən biri oldu. Axşam anamla külək bizi, biz küləyi döyə-döyə uzun yollar keçib evə gəldik və yeyib-içib dincəldik. Mənim həyat yolum da belədir və belə də olacaqdır. Hələ amansız küləklər altında yavaş-yavaş irəliləyirəm.

                                                                                                                     20.01.1959

 

                                         *     *      *

 

Bu gün hava bərk bərk soyuqdur. Universitetə gəldim və saat ikiyə qədər məlum olan səbəblərə görə məni ölümə gözlə qaş arasında olan məsafə qədər yaxınlaşdıran iztirablar içində qovruldum.  Rəsul Rzanı görmək üçün iki dəfə Yazıçılar ittifaqına getdim (mənim  “Müqəddəs kareta” poemamı çapa hazırlamaq üçün alıb oxuyurdu). Gördüm, amma hələ oxuyub-qurtarmayıb.

   “Azərbaycan gəncləri” qəzeti redaksiyasına getdim. Ordan çıxıb bir kotlet yeyib Rəsul Rzagilə yollandım, evdə olmadı.  Vaqif Nəsibi gördüm.

   Lənkərana gedə bilmədim.  Atamdan (Qulam) qəribə bir məktub aldım.

 

                                               *     *     *

 

Şair Əliağa Kürçaylı ilə Yazıçılar İttifaqından gələ-gələ xeyli söhbət etdik. Mənə yaxşı bir məsləhət verdi və “Müqəddəs kareta” poemamın Azərbaycandan bəhs etməməsini mümkün saydı….

Bir həftədir heç bir şey yazmıram. Dəət!

Acgözlüklə Bayronun gündəliklərini oxudum. O mənim peyğəmbərimdən allahıma çevrilir.

                                                                                  21 yanvar 1959

 

                                      *     *      *

 

Bu gün anamla bazara gedib yumurta satdıq.  Sonra Rəsul Rzagilə getdim. Poemaya qeydlər etməklə yaxşı iş gördü. Ancaq onu mənə qaytarmaqla yaxşı iş görmədi (sonralar məlum olduğuna görə o məndən onlara gedərkən özümlə balıq aparmadığımdan acıqlanıbmış. Sonralar o məndən balıq istəyib, mən qulaqardına vurduğum üçün bu hadisə mənə çox baha başa gəldi).

Gecə “Alışan dəniz”i yazmağa başladım.

 

                                                                                                             22 yanvar, 1959

 

                                         *     *      *

İki günümü Fikrət Sadıqla keçirdim. Xeyli şirin söhbət etdik.

Əsl böhran içindəyəm. Gecə səhərə kimi yata bilməmişəm.

Səadət beş aydır bekar, uçotdan çıxarırlar, ayda üç yüz manat evpulu, mən də həm işsiz həm də pasportumun vaxtı keçib. Necə edim, ay allah?!

                                                                                      (ardı var)            

                                                 

                                                                                     Əlisa  NİCAT