GÜNDƏLİKLƏR

273

 

                      

            (Böyük və kiçik fasilələrlə)            

(Əvvəli ötən sayımızda)

                                            *      *      *

         1953-1954-cü illər

 

                                   GÜLARƏYƏ

 (Lənkərana qohumlarıgilə yay istirahətinə gəlmiş bakılı gözəl)

             Günəş kimi isindirdi onun nəfəsi,

             Ürəyimə fərəh verdi mehriban səsi.

            Sandım mənim həyatımda bir günəş doğdu,

            Ucalaraq başım sanki buluda dəydi.

            Gecə-gündüz ürəyimdə çırpıntılarım

            Alagöz mindən birin duyub biləydi.

                                                         1 iyul 1953-cü il.

 

                                   *   *    *

 

                        SEVDİYİM MUSİQİLƏR

 

                                (Romanslar)

 

    “Qara qız”,  “Səhər”,  “Axşam olur”,  “Sual”,  “İlk məhəbbət”,  “Neftçi qız”,   “Küsüb getdi”,  “Moskva”,  “Bakılı qız”,  “Könül nəğməsi”,  “Yağma yağış”,  “Bilmədin”,  “Sən sevməsən də”,  “Görür”,   “Sevgili”,  “Qəzəl”,  “Bənövşə”,  “Həkim qız”,  “Atlı keçdi”,  “Sevgilim”,   “Dostluq”,  “Özünə qurbanam”,  “Komsomol”, “Gülərəm-gülsən.”

 

                               

                                     *     *     *

 

                         SEVDİYİM  AFORİZMLƏR

 

“Gənc və qısqanc bir ürək həm intiqam hissi ilə dolu, həm ədalətsiz olur, həm də bahalı bir şeyi ucuz qəbul etməyə meyl göstərir.”

                                                                       (Muxtar Auezov)

                                   *   *   *

 

  “Gözəl bir deyildir, minlər ilə var,

  Lakin öz əhdini tez pozur onlar.”

                                    (Nizami Gəncəvi)

 

                                *   *   *

“Gənc qız diz çökmüş sevgilisinə qarşı nə cür gülümsəyirsə, gül də öz dodaqlarını səhər mehi üçün elə açır.”

                                                                         (Şeyx Sədi)

 

                                    *   *    *

 

“Leyli və Məcnun şərqin  Romeo və Cülyettasıdır.”

                                                    (Corc Bayron)

 

                                  *    *    *

“Eşqi heç bir şey kənar adamın təşviqedici mülahizəsi qədər alovlandıra bilməz.”

                                                                 (Aleksandr Puşkin)

 

                                        *    *    *

 

“Eşq kordur və özünə inanmadığından hər bir istinadgaha tələsik əl atır.”

                                                                              (Puşkin)

 

                                     *    *    *

 

“Cahana bağlanan kim bir yığın divanədən başqa, 

 Həyatın varmıdır mənası quru bir əfsanədən başqa.”

                                                              (Cəfər Cabbarlı)

 

                         *     *     *

 

“Ehtiras qalib gəldikdə ağıl kara gəlmir.”

                                              (M.Auezov)

 

                             *    *    *

“Başında buludlar oynayan bir dağ

 Torpaq zərrəsindən yaranmış ancaq.”

                                          (Nizami)

 

                        *    *    *

 

“İstəmədən doğuluruq, təəccüblə yaşayırıq, həsrətlə ölürük.”

                                                                   (Sədi Şirazi)

 

                       *    *    *

“Sevinc tez unudulur, kədər isə gec.”

                                  (M.Lermontov)

 

                         *    *    *

“Şir güclü olsa da, tox bir canavar

Ondan zirək olar ovda çaqqallar.”

                                 (Nizami)

 

                      *     *     *

 

“Bir baş vaxtdan əvvəl ucalsa əgər,

 Özü-öz alnına sillə endirər.”

                                    (Nizami)

 

                   *    *    *

“Nizami Azərbaycan xalqının, sovet xalqının və bütün dünya xalqlarının dahisidir.”

(A.Fadeyev)

 

                       *    *   *

 

  Xəzinə kəşf etmək istəsən əgər,

  Hər əzaba tab et, sinə gər.

                             (Nizami)

 

                      *   *    *

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

 

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti malı.

                             (Nizami)

 

                  *    *    *

 

“Səadət hər kəsə xudpəsənd olur.”

                                   (Boris Polevoy)

 

                      *    *    *

 

“Bu dünya deyildir ötərgi bir səs,

Günəşlə qaranlıq barışa bilməz.”

                             (Səməd Vurğun)

 

               *    *    *

“Böyük təbiətlər yaranır az-az,

 Hər yerdə hər zaman inci tapılmaz.”

                                     (S.Vurğun)

 

                *    *    *

 “Qadın elə bir mürəkkəb varlıqdır ki, onun bir hissəsi daim anlaşılmazdır.”

                                                           (U. Şekspir)

 

 

                      *    *    *

“Şekspir dünya ədiblərinin padşahıdır.”

                                    (V.Belinski)

 

                           *   *   *

 

“Alim olmaq asandır, insan olmaq çətin.”

 

“Budur çərxi-biyarın ol gərdişi,

Cəfadır, əziyyətdir hər bir işi.”

                                   (C.Cabbarlı)

 

 

                      *      *      *

 

        SEVDİYİM DÜHALAR

 

Asəf Zeynallı

Nizami Gəncəvi

Mirzə Ələkbər Sabir

Cəfər Cabbarlı

Səməd Vurğun

Üzeyir Hacıbəyov

Səid Rüstəmov

Mixail Lermontov

Maksim Qorki

Vilyam Şekspir

Aleksandr Düma

Jorj Bize

Henrix Heyne

Corc Bayron  və s.

 

                  

                               *     *      *

 

 Qatar uzaqlaşdıqca kiçilir, kiçildikcə uzaqlaşırdı. Ona elə gəlirdi ki, gözlərinin nuru, qəlbinin sevinci, gəncliyinin ehtirasları, həyatının vüqarı, ömür bağçasının çiçəyi… Hamısı uçub gedir.

– Daha məndə nə qaldı, – deyə o qəlb çırpıntısı ilə pıçıldadı. O mənim gələcək yollarımın projektoru idi.

– Ax, dilim, ax, qəlbim! Siz daha mənim nəyimə gərəksiniz? Onun bənövşə gözləri, səadət çeşməsi kimi qaynayır və öz nurlu hərarəti ilə mənim qəlbimi də isindirir, titrədir, çırpındırırdı.

 

                                                                                (20 avqust 1953).

 

                                           *     *     *

 

                          YAZACAĞIM ƏSƏRLƏRİN SAYI

 

100 poema (20-ə qədəri yazıldı və yarısı ordan-bura köçərkən itib getdi).

100 hekayə (sayca 200-ə qədər oldu).

30 pyes (yazılsa da, orda-burda itib-batdı).

5 roman (12-si yazıldı).

1000 şeir (təxminən elə də oldu).

100  məqalə (sayı minlərlədir).

 

                                    *    *    *

 

          O günlər nə gözəl, nə xoş günlərdi,

          Qışım da, yayım da əlvan bahardı.

          İyirmisi avqust, o gedən günü

          Qara saçlarımın çoxu ağardı.

                                                                

                                   *   *   *

 

                           ÖZ  FİKİRLƏRİM

 

“Avara”  ilə müqayisə ediləcək bir film tapmaq çətindir. Çünki bu film tam mənası ilə həyat və həqiqətlər filmi idi.

 

                                        *    *     *

 

  Qərbi Avropa ədəbiyyatı Prosper Merimenin  “Karmen” povesti ilə fəxr edə bilər. Bu əsər o qədər qüdrətli, səmimi, mənalı, lirik-psixoloji bir əzəmətlə yazılmışdır ki, insanın həyatı boyu yadından çıxmır.

 

                                        *    *    *

 

Səid Rüstəmovun əsərləri artıq çoxdandır ki xalqımızın qəlbində özünə fəxri yer tutub. Bu yer genişlənə bilər, lakin heç cür azala bilməz.

 

                                        *    *    *

 

Sual – Siz kimi dünya dramaturgiyasının incisi sayırsınız?

Cavab – Qüdrətli və müstəsna istedadına görə və bu istedada misli görünməmiş dərəcədə sənətkarlıqla istiqamət verib ölməz əsərlər yaradan böyük məfkurələr təbliğatçısı, yüksək ideyalar tərənnümçüsü  Cəfər Cabbarlıdan başqa heç kəsi tanımıram.

 

                                 *     *     *

 

      LƏNKƏRANDA 1950-55-Cİ İLLƏRDƏ SEVDİYİM QIZLAR

 

  1. Fəxriyyə – 1950-51.
  2. Şərqiyyə 1952-53 (1953-cü ilin ortalarında Lənkərandan köçüb getdilər).
  3. Gülarə (1953 iyul-avqust).
  4. Rita (1955-ci il, zabit qızı).

 

                                *    *    *

 

   Zənci, ispan gəzdirəydi gül-çiçək

   Baxışlarda açılaydı yüz ləçək.

   Azadlıq aşiqi böyük Bayron tək,

   Azadlıqçün vuruşlarda öləydim.

 

                                     03 dekabr, 1954.

                                                     (ardı var)

 

                                                    Əlisa  NİCAT