“Günahsız insanlara basqının dayandırılması üçün ən salamat yol…” – ELDAR SABİROĞLU

414

“Günahsız insanlara basqının dayandırılması üçün ən salamat yol bir az əvvəl elan olunmuş siyasi mövqenin reallaşdırılmasıdır”

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu facebook səhifəsində paylaşıb:

Hakimiyyət son dərəcə sərtləşib. Yaxın bir ay ərzində qəbul etdiyi qərarlarla göstərdi ki, geriyə bir addım belə atmaq fikrində deyil. Bu gün-sabahlıqdı deyən əleyhdarlarının gözləntiləri iflasa uğradı. Əvvəllər birinə bir çırtıq vuranda səs-küyü aləmi bürüyürdü. Beynəlxalq birliklərin səsini kəsmək mümkün olmurdu. Aparılan nizamlama işləri nəhayət ki, bu istiqamətdə də öz bəhrəsini verdi. Hakimiyyət beynəlxalq təsirləri əhəmiyyətli dərəcədə zəiflədə bildi. Artıq daxili siyasət məsələlərində qərb təşkilatlarının müdaxiləsi demək olar ki, hiss olunmur. Relslər hərtərəfli möhkəmlənməyə doğru gedir. İqtidar əgər Tovuz hadisələri ilə əlaqədar həm də özünə olan real təhlükəni dəf edə bildisə, deməli, bu güclə hesablaşmadan onunla daxili siyasi savaşa girməyin mənası yoxdur.

Mənim anladığım bura qədərdir. Bəlkə yanlış düşünürəm. Ona görə də İstənilən düzgün izahı bölüşməyə və həmin andan etiraz edənlərin cərgəsinə qatılmağa hazır olduğumu bəyan edirəm. Lakin bir şərtlə. Ultimatumlarla, qışqır-bağırlarla yox, əsaslı dəlil və sübutlara söykənən arqumentlərlə məni inandıra bilsəniz məmnun olardım.Ancaq yenə də hakimiyyətin dəyişdirilməsinin üç əsas prinsipini yetişdirmədən ümumi vədlərlə ictimai fikri cana gətirməyin mümkün olmadığı qənaətindəyəm.

Müxalifətin bu gün müqaviməti demək olar ki, xeyli zəifləmiş durumdadır. Bunu təkcə iqtidarın basqıları ilə əlaqələndirmək düzgün deyildir. Siyasi düşərgənin daxilində kök atan bəzi ciddi problemlər də burada öz rolunu oynayır. Hakimiyyət isə gücünü artırmaq üçün lazım olan bütün vasitələrdən məharətlə istifadə edir. Sonralar nələrin olacağı hələ məlum deyil. Günahsız insanlara basqının dayandırılması üçün ən salamat yol bir az əvvəl elan olunmuş siyasi mövqenin reallaşdırılmasıdır. Lakin niyə yubadılır, çox anlaşılmazdır…

Nə qədər ki;

1)müxalifət bir araya gələ bilməyib, nə qədər ki,

2) xalqın aktiv fəaliyyəti hiss olunmur və nə qədər ki,

3) beynəlxalq birliyin təsir imkanları işə düşməyib hakimiyyətin dəyişməsini ancaq xülya kimi təsəvvür etmək olar.

Fakt budur ki, bu üç prinsipdən hələlik heç biri mövcud deyil.