Gülnarə İsmayılova: Sosial sahibkarlıq qeyri-neft sektorunun inkişafına birbaşa dəstəkdir

16

 

Təhsil sahəsində ixtisaslaşan “Education HUB” platformasının həmtəsisçisi olaraq uzun illər ölkəmizdə, eləcə də Azərbaycandan kənarda beynəlxalq təşkilatlarda insan resursları meneceri və layihə rəhbəri kimi fəaliyyət göstərməklə, təhsil layihələri sahəsində mövcud olan uğurlar və incəlikləri görmək imkanı əldə etmişəm. İstər beynəlxalq təşkilatlarda fəaliyyət göstərərkən, istərsə də həyata keçirilən təhsil layihələrində həmişə düşündürən və ruhlandırandıran amillərdən ən əsası insanların sahib olduğu sosial dəyərlərə verdiyi qiymətdir.

Bunu “Education HUB”un proqram meneceri Gülnarə İsmayılova AZƏRTAC-a müsahibəsində deyib.

Beş il əvvəl – 2015-ci ildə ictimai sektorda yaranmış durğunluğun bu dəyərlərin həyata keçməsi üçün münbit şərait yaratdığını vurğulayan Gülnarə İsmayılova bildirib: “Oxşar məramlı, lakin fərqli təcrübəyə sahib üç peşəkar xanımla birgə “Education HUB” adlı sosial sahibkarlıq və vətəndaş təhsili platformasını yaratmağı qərara aldıq. Beləliklə, korporativ mühitdən ayrılma qərarından sonra yenidən məhz həmin dəyərlərin arxasınca gedəsi olduq. “Education HUB” qeyri-formal təhsil vasitələrindən istifadə edərək Bakıda və bölgələrdə, xüsusilə ucqar kəndlərdə yaşayan yüzlərlə gənc arasında maarifləndirmə işi aparmaqla onların müxtəlif proqramlarda iştirakına nail oldu. Bir sözlə, “Education HUB”ın məqsəd və missiyası gəncləri gündəlik həyatımızda mövcud olan sosial-iqtisadi problemlərin həlli məsələlərinə cəlb etməklə onların təşəbbüskarlığını artırmaq və innovativ düşünmək tərzini inkişaf etdirməkdən ibarətdir.

2016-ci ildə Beyrutda çalışarkən Livan sosial startaplarının aztəminatlı insanlar üçün yüzlərlə iş yeri yaratdığının şahidi oldum. Bu məkanlar iş yeri olmaqla bərabər, eyni zamanda, Livanın ən aktual sosial və ekoloji problemlərini həll edirdi. Bu isə sosial biznesin cəmiyyətə verə biləcəyi müsbət amillərdən biridir desək yanılmarıq. Bakıya qayıtdıqdan sonra bu sahədə fəaliyyətlərimizi daha da genişləndirdik. Avropa İttifaqının təbirincə desək, “Sosial sahibkarlıq – sosial problemlərin həllinə biznes yanaşmasıdır”. Bu təşkilatların əsas fəaliyyəti sosial, ətraf mühit və icma ilə əlaqədar məsələlərə investisiya yatırmaq məqsədi daşıyır”.

Beynəlxalq “Impact Hub” təşkilatının Berlindəki ofisində çalışarkən Avropadakı təcrübəni yaxından öyrənmək imkanı əldə etdiyini diqqətə çatdıran Gülnarə xanım bu barədə fikirlərini bölüşərək deyib: “Həmin təşkilatda tanış olduğum yerli işçilərdən “vətəndaşlar niyə məhz sosial sahəyə xüsusi maraq göstərirlər?” sualına aldığım cavab məni xeyli düşündürdü. Onlar yekdilliklə qeyd edirdilər ki, indiyə qədər qazanılmış inkişafı sabit şəkildə saxlamaq artıq bizim ortaya qoyduğumuz zəhmətdən asılıdır. Məhz bu yanaşmadan ilhamlanaraq həyata keçirilən layihələrdə gənclərimiz arasında Avropa təcrübəsini təbliğ edir və ölkəmizin inkişafına bu cür tövhə verə biləcəyimizi onlara aşılamağa çalışırıq. Ənənəvi sahibkarlıqda bazar mexanizmlərinə əsaslanan işgüzar fəaliyyət nəzərdə tutulduğu, sahibkarın məqsədinin maksimum gəlir əldə etmək olduğu halda, sosial sahibkarlıqda kommersiya tələbatlarının deyil, sosial problemlərin həlli ilə məşğul olunur. Bu, iki istiqamətin fərqli cəhətləridir. Ənənəvi sahibkarlıq qurumlarından fərqli olaraq sosial sahibkarlar cəmiyyətə daha çox töhfə vermək arzusu ilə motivasiya olunurlar. Kommersiya təşkilatlarından və ya dövlət qurumlarından fərqli olaraq sosial sahibkarlığın özünəməxsusluğu sosial əhəmiyyətli problemlərin sadəcə həlli deyil, həmin həll yolunun unikal və yenilikçi olmasıdır. Odur ki, sosial sahibkarlıq sosial problemləri həll etmək və sosial dəyişikliklərə gətirib çıxarmaq məqsədi daşıyan innovativ fəaliyyətdir.

Gülnarə İsmayılova qeyd edib ki, sosial sahibkarlığı aşağıdakı kimi xarakterizə etmək olar. Qarşıya qoyulan məqsədə nail olmaq üçün sahibkar vəziyyəti fərqli bucaqdan görmək qabiliyyətinə malik olmalı, mövcud resurslardan səmərəli istifadə etməklə yeni imkanlardan yararlanmalıdır. Sosial sahibkarlıq Azərbaycanda yeni sahə olmasına baxmayaraq, “Education HUB” ın ekspertləri tərəfindən beynəlxalq təcrübə öyrənilərək onun ölkəmizdə tətbiqi araşdırılıb. Artıq bir neçə ildir ki, platformanın mütəxəssisləri sosial sahibkarlıq təlimlərinin tədrisi ilə məşğul olurlar. Ekspertlər tərəfindən “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanaraq, təkliflər toplusu Milli Məclisə və İqtisadiyyat Nazirliyinə təqdim olunub. Əsas məqsəd qanunvericilikdə “Sosial sahibkarlıq” anlayışının hüquqi baxımdan təsbit olunması və sosial sahibkarlıq müəssisələrinin fəaliyyətinin qanunvericiliklə tənzimlənməsidir.

Müxtəlif yerli və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edən “Education HUB” sosial sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumlar və təşəbbüslər arasında şəbəkə rolunu oynayaraq, vaxtaşırı müzakirələr, görüşlər təşkil edir, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mübadilə səfərləri həyata keçirir. Hər il platforma tərəfindən “Təcrübə Klinikası” adlanan silsilə tədbirlər baş tutur. Bu tədbirlərə dövlət, özəl sektor və fərdi sahibkarlar dəvət olunaraq, sosial sahibkarlıqla məşğul olmaq arzusunda olan gənclərə öz təcrübələrini paylaşmaqla dəstək göstərirlər.

“Sevindirici haldır ki, 2019-cu ilin mayında “Education HUB” və tərəfdaşımız olan Azərbaycan Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk Sosial Sahibkarlıq Forumu keçirilib. Forum bir daha bu sahənin inkişafı üçün ictimaiyyətin maarifləndirilməsinə, qanunvericilik bazasının hazırlanmasına, bu sahəyə dair xüsusi institutların yaradılmasına xüsusi ehtiyac olduğunu ortaya çıxarmış oldu.

Görülən işlərin nəticəsi kimi, 2019-cu ilin payızında Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Təlim Fondu tərəfindən keçirilən “Avropa İttifaqı Peşə Bacarıqları Həftəsi”ndə ölkəmizdə sosial sahibkarlıq üzrə təhsil sahəsində əldə edilən uğurlara görə “Education HUB” beynəlxalq mükafata layiq görüldü. Tam əminliklə demək olar ki, sosial sahibkarlıq yaşadığımız cəmiyyətdəki problemlərin həllində açar rolu oynamaqla yanaşı, ölkəyə yeni investisiyaların cəlb olunmasına imkan yaratmaq, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafına bilavasitə təsir etmək gücünə malikdir”, – deyə Gülnarə İsmayılova vurğulayıb.