Güləş döşəyinə uzanan Azərbaycan idmanı

    18

    MAHİR RÜSTƏMLİ, "Futbol+"

    İkinci Avropa Oyunları da tarixə qovuşdu. Birincisi Bakıda keçirilmişdi və ölkə bayram ab-havası yaşamışdı deyə, bugünlərdə az qala hər addımda müqayisə işə düşür ki, bu da anlaşılandı. Bu yazının içində mən də zaman-zaman müqayisəyə girişəcəm. Amma heç də yarışətrafı məqamlarla bağlı yox. Statistikanın ortaya qoyduğu gerçəklər və legionersiz Azərbaycan idmanının miskin durumu ilə bağlı bəzi deyəcəklərim var. Medal sayı ikiqat azalıb ki, bu məqamın üzərində xüsusi dayanmaq istəmirəm. Onsuz da tarixən Azərbaycan idmançıları (xüsusən də futbolçuları) evdə daha yaxşı təsir bağışlayıb. İdman jurnalistikasının klassiklərinin bu kimi hallarda çox işlətdiyi “evdə divarlar da kömək edir” ifadəsi var və gəlin Bakıda qazanılan 56 medalla Minskdən gətirilən 28 medalı tərəzinin eyni gözünə qoymaq istəyəndə divarların mifik gücünü də unutmayaq.

    Amma və lakin… Müqayisə olunası çərçivələr başqadı. Bu 28 medaldan da iki qızıl, iki gümüş, altı bürünc “milliləşdirilən” idmançıların hesabındadı. Yeri gəlmişkən, dəqiq bioqrafiyasını tapa bilmədiyim Abdulla Əl-Maşayxini də özümüzkülərə aid etmişəm. Ərəb köklərinin olduğu görünsə də, hər halda, Bakıda dünyaya gəlib. Əlbəttə, Əl-Maşayxinin kimliyi indi prinsipial məqam deyil. Prinsipial məqam odu ki, 28 medaldan 10-u güləşin və həmin 10 medaldan 6-sı da legionerlərin payına düşür. Təkcə elə bu statistika onu deməyə əsas verir ki, müasir Azərbaycan idmanı zəngin ənənələrə malik, amma bu gün çeşməsinə başqa bulaqlardan gələn suların da qarışdığı güləşin üzərində dayanıb. Təbii ki, zahiri görüntü belədi. Amma 10 medaldan altısını bizim üçün əcnəbilər qazanıbsa, deməli, güləşdəki mövqelərimizi də tədricən əldən veririk.

    Mariya Stadnik, Alfonso Dominges, Nurməhəmməd Hacıyev, İrina Zaretska, İrina Kindzerskaya, Hacımurad Hacıyev, Cəmaləddin Məhəmmədov, Alyona Kolesnik, Sabah Şəriəti, Lorenso Sotomayor… Minskdə ölkəmizə medal qazandıran legionerlərin adını bilərəkdən yazıram ki, “milliləşdirmənin” necə geniş vüsət aldığını, daha doğrusu, idmanımızı “qoynuna aldığını” görəsiz. 10 milyonluq, ən müxtəlif növləri inkişaf etdirmək üçən hər cür infrastruktura malik ölkənin idmanını yönəldənlər asan, yəni hər kəsə milli forma geydirməklə necə olur-olsun, medal qazanmaq, bununla da dövlətin ali rəhbərliyindən alqış qazanmaq yolunu tutub. Təfərrüatına varmaq istəməsəm də, deyilənə görə, bu məsələdə ayrı-ayrı adamların şəxsi maraqları, yəni “otkat” oyunları da ön plana çıxır.

    Başqa maraqlı məqamlar da var. Güləş, karate, boks, cüdo, sambo və bir də son illərdə inkişaf edən akrobatika. Açıq-aydın görünür ki, bizim idmançılar yenə ancaq fərdi idman növlərində nəsə bacarırlar. Hərçənd bu məqam da yetərincə mübahisəlidi. Məsələn, Rövnəq Abdullayevin sayəsində son illərdə maliyyələşməsində heç bir problem yaşanmayan cüdoçuların vətənə bircə dənə də qızıl gətirməməsi Tokio Olimpiadası ərəfəsində çox qorxunc həyəcan siqnalıdı. Avropa Oyunlarında “qızıl” götürməyən cüdoçularımız sabah nəhənglərin arasında necə baş çıxaracaqlar?

    Diqqətimi çəkən başqa bir məqam ilk Avropa Oyunlarında və İslamiadada az qala milyon qazanan, atıcılığı inhisara alan Lunyov ailəsinin (Ruslan, anası İradə Aşumova, şəxsi məşqçisi Vladimir Lunyov, İradə xanımın bacısı qızı Nigar Nəsirova) bu dəfə fiasko ilə üzləşməsidi. Bu nümunə, eləcə də Toğrul Əsgərovun faciəsi onu deməyə əsas verir ki, idmanımızda pulla stimullaşdırma məsələsinə yenidən baxmaq lazımdı. Pulu elə xərcləmək, mükafatı elə paylamaq lazımdı ki, adamlar cızığından çıxmasın, inkişafı dayanmasın, əksinə, yeni qələbələrə ruhlansınlar. Təəssüf ki, ölkəmizdə bu baxımdan çox ciddi problemlər var. Bu gün əksər kriminal, qanlı hesablaşmaların mərkəzində sabiq idmançılar dayanırsa, deməli, maliyyələşmədən daha ciddi, alt qatda gizlənən daha əcaib gerçəklər var.

    Əminəm ki, yaxın günlərdə, çox güman, elə bu həftə hörmətli Azad Rəhimov cənabları jurnalistləri başına yığıb, Minskdə qazanılan nəticəni tərifləyəcək, vurğunu Bakıdakı Oyunlarla müqayisənin üzərinə salmaqla, hər halda, idmanımızın uğurlarından danışacaq. Çox istərdim ki, nazirin mətbuat katibi Səmayə xanım bu yazıda vurğulanan məqamları da onun diqqətinə çatdırsın. AGİN yaşananlardan nəticə çıxarsın və dərk etsin ki, yalnız güləş döşəyindəki gücə söykənməklə irəli getmək olmaz. “Milliləşdirmənin” indiki miqyası, yersiz stimullaşdırma addımları ilə gerçək idman ölkəsinə çevrilmək çətindi. Bəli, bu gün Azərbaycan idman ölkəsidi. Amma yalnız idman qurğularının sayı və profili baxımından. Nə qədər acı olsa da, həmin qurğuların çoxu əlçatan deyil. Və hətta əlçatan olacaqsa da belə, qoy onlara soydaşlarımızın əli çatsın, Əhməd, Əli, Vəli, Pirvəli özünü göstərmək imkanı qazansın. Dünyanın dörd bir yanından idmançılar gətirib, onlara milli forma geydirmək asan və bəsit, həm də sabah üçün heç nə vəd etməyən yoldu.