GÜRCÜSTANDA NÖVBƏTİ ÇEVRİLİŞ BAŞ TUTA BİLƏR

    21

    Şahin Cəfərli: "Güman ki, İvanişvili bəzi vəzifəli şəxsləri qurban verməklə məsələni nizamlamağa çalışacaq"

    Məhəmməd Əsədullazadə: "Vaşadze müxalifəti güclü şəkildə kordinasiya edib etirazı genişləndirə bilsə, hakimiyyət istefaya gedə bilər"

    Kamran Sultanlı: "Bu hadisələr Gürcüstanda Avrointeqrasiya tərafdarları ilə Rusiyayönümlülər arasında mübarizənin nəticəsidir"

    "Gürcüstanda Rusiyanın zəifləməsi və üzü Qərbə tərəf baxması, Azərbaycanın da maraqlarına uyğundur"

    Xəbər verdiyimiz kimi, iyunun 20-də Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında insident yaşanıb. İnsidentə səbəb Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilov olub. Belə ki, onun Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub. Bundan sonra deputatlar Qavrilovun təcili parlament zalını tərk etməsini tələb edib. Müxalif partiyalar – Vahid Milli Hərəkat və Avropa Gürcüstanı Partiyalarının deputatları isə tribunanı ələ keçirərək assambleyanın iclasının dayanmasına səbəb olublar.

    Beləliklə, məhz bu hadisədən dolayı müxalif qüvvələr dərhal tərəfdarlarını küçələrə çağırıblar. Onlar rusiyalı deputatların qaldıqları otelin qarşısında da aksiya keçiriblər. Yaranmış vəziyyətlə bağlı spiker İrakli Kobaxidze Bakıya, prezident Salome Zurabişvili isə Belarusa səfərini yarımçıq qoyub. Çünki minlərlə müxalifət tərəfdarı parlamentə hücum edib, onlardan bir qrupu binaya daxil olub. Xüsusi təyinatlılarla toqquşmalarda onlarla adam xəsarət alıb, xüsusi vasitələr, rezin güllələr tətbiq edilib. Parlamentin qarşısında aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasının ofisinə basqın edib dağıdıblar. Onu da qeyd edək ki, məsələ ilə bağlı Gürcüstanın baş naziri Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb. Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze isə aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir. Bundan sonra Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artıb. Hətta mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin istefasını tələb ediblər.

    Gürcüstan prezidenti baş vermiş olaylara görə Rusiyanı ittiham edib

    Bu arada, Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə parlament binası qarşısında keçirilən etirazlara münasibət bildirərkən bəyan edib ki, Gürcüstanda daxili qarşıdurmanı təşviq edənlər "Rusiya siyasəti"ni dəstəkləyənlərdir: "Rusiya düşmənimiz və işğalçıdır. Onların idarə etdiyi "beşinci kalon" bu gün açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil". Həmçinin, Zurabişvili Gürcüstan prezidenti sabiq dövlət başçısı Mixail Saakaşvilinin polisin etirazçılara qoşulmasına dair çağırışını pisləyib.

    Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda isə deyilir ki, Tiflisdə parlament binası qarşısında baş verənlər dövlət çevrilişi cəhdidir. Qeyd edək ki, ABŞ-ın Gürcüstandakı səfirliyi də bəyanat yayıb. Bəyanatda hökumət və əhaliyə sakitlik nümayiş etdirmələri ilə bağlı çağırış edilib: "Biz Gürcüstan parlamenti qarşısında baş verən hadisələri diqqətlə izləyirik. Biz insanların çoxunun keçirdiyi ağrını başa düşürük". Gürcü Patriarxlığı isə əhalini emosiyalara qapılmamağa çağırıb. Kilsə həmçinin parlamentdə baş verənlərə görə keçirilən aksiyaların ədalətli olduğunu bildirib. Patriarxlıq hökuməti əhaliyə qarşı sərt güc tətbiqindən yayınmağa çağırıb.

    "Əgər İvanişvili Kobaxidzeni qurban vermək haqqında qərar qəbul etsə, o zaman o, istefaya göndəriləcək"

    Nəzərinizə çatdıraq ki, Gürcüstanda baş verən son parlament insidentini axar.az-a şərh edən gürcü politoloq Gela Vasadzenin sözlərinə görə, Qavrilovla bağlı baş verən son hadisələrdən sonra spiker İrakli Kobaxidzenin istefası mümkündür. Bununla yanaşı, o, baş verənlərin müəyyən mənada provokasiya xarakteri daşıdığını da vurğulayıb: "Son baş verənlərin təşkilatçıların səhvi, yoxsa provokasiya olduğunu dəqiq bilmirəm. Bir tərəfdən də Qavrilovun Gürcüstana gətirilməsinin özü elə provokasiyadır. Başa düşürəm ki, parlamentlərarası əlaqə qrupu-filan var, amma burada 1992-1993-cü illərdə Abxaziyada hərbi əməliyyatlarda iştirak edən adamdan söhbət gedir. Bunun özü provokasiya idi. Belə bir adamın parlamentdə spikerin yerini tutması artıq insanların, o cümlədən deputatların səbrini daşırdan son damla oldu". Hakim partiyanın deputatlarının parlamentdə yaranan skandalla bağlı daha aktiv etiraz mövqeyi tutmasını şərh edən ekspert Gürcü Arzusu Partiyasının cəmiyyətin böyük hissəsində narazılığın kifayət qədər güclü olduğunu gözəl anladığını və ona görə də bundan yaxasını qurtarmağa çalışdığını bildirib: "Onlar sadəcə çalışırlar ki, əhali bunu onların etdiyini düşünməsin. Məsələ ondadır ki, hakim partiya və hökumət hər bir halda baş verənlərə görə məsuliyyət daşıyır. Bu gün Gürcüstan spikerinin kreslosunda Gürcüstanın ərazi bütövlüyünü tanımayan Rusiya Dumasının deputatının əyləşməsinə görə məsuliyyət ayrıca deputatlar yox, bütün hakim partiyanın üzərinə düşür".

    Gela Vasadze hesab edir ki, bu skandal spiker İrakli Kobaxidzenin qurban verilməsiylə nəticələnə bilər: "Əslində Kobaxidzenin istefası məsələsi bir tərəfdən İvanişlidən asılıdır. Məncə, Kobaxidzenin istefası mümkündür. Onun Bakıda olmasının bununla əlaqəsi yoxdur. Belə ki, o, parlamentlərarası assambleyanın iclasının ilk günündə iştirak edib və orada Qavrilovun özü də olub. Digər tərəfdən isə bu assambleyanı parlament təşkil edib, yəni bu işə görə həm də parlament sədri məsuliyyət daşıyır. Hər şey İvanişvilinin qərarından asılıdır. Əgər İvanişvili Kobaxidzeni qurban vermək haqqında qərar qəbul etsə, o zaman o, istefaya göndəriləcək. Hələlik hadisələr yüksələn xətlə inkişaf edir. Təkcə siyasətçilər yox, həm də cəmiyyət qəzəblənib".

    "Saakaşvili Gürcüstan polisini hakimiyyətə tabe olmamağa çağırana qədər polis güc tətbiq etmirdi və korrekt davranırdı"

    Картинки по запросу Şahin Cəfərli

    Hazırda Gürcüstanda yaşanan olayları şərh edən politoloq Şahin Cəfərli isə bu qənaətdədir ki, qonşu ölkədə baş verənləri "mini Avromaydan" adlandırmaq olar: "2003-cü il "Qızılgül inqilabı"nda geosiyasi motiv yox idi, inqilab Gürcüstan uğrunda Rusiya-Qərb rəqabətinin nəticəsi deyildi. Hətta Putin həmin günlərdə Şevardnadzenin telefon zənglərinə cavab verməmiş və onun dəstək istəyini rədd etmişdi. Avroatlantik inteqrasiya kursu Saakaşvilinin dövründə seçildi və 2006-cı ildən başlayaraq Rusiya-Gürcüstan münasibətlərində gərginlik artaraq müharibə səviyyəsinə qədər yüksəldi". Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclası zamanı baş verən hadisəni xatırladan Şahin Cəfərli bildirib ki, həmin axşam saatlarında insanlar Rustaveli prospektinə, parlamentin binası qarşısına toplaşıblar: "Başqa şəhərlərdə də aksiyalar başlayıb. Parlamentə daxil olmağa cəhd edən kütlənin qarşısını polis kordonu çətinliklə alıb. Saakaşvili Ukraynadan Gürcüstan polisini hakimiyyətə tabe olmamağa çağırana qədər polis güc tətbiq etmirdi və korrekt davranırdı. Müxalifət də prosesi inqilabi ssenari üzrə aparmayaraq yalnız parlament sədri İrakli Kobaxidze, daxili işlər naziri Georgi Qaxariya (Rusiyanın adamı olduğu deyilir) və DTX sədri Qomelaurinin istefasını tələb edirdi. Lakin Saakaşvilinin müraciətindən sonra hadisə yerinə xüsusi təyinatlılar göndərildi və polis gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etməyə başladı. Hazırda vəziyət gərgin olaraq qalır".

    "Rusiya ilə təhlükəli yaxınlaşmanın müəllifi iqtidar partiyası və şəxsən İvanişvilidir"

    Politoloqun fikrincə, son vaxtlar özünün "yumşaq güc" vasitələriylə, xüsusən də din kartını oynayaraq, Gürcüstanda xeyli fəallaşmış Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi və gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi: "İkincisi, bu hadisə yaxınlaşan parlament seçkiləri öncəsi "Gürcü Arzusu"nun mövqelərinə zərbə vuracaq. Çünki Rusiya ilə təhlükəli yaxınlaşmanın müəllifi iqtidar partiyası və şəxsən İvanişvilidir. Güman ki, İvanişvili bəzi vəzifəli şəxsləri qurban verməklə məsələni nizamlamağa çalışacaq. Kəlləsi uçanlardan biri parlamentin sədri Kobaxidze ola bilər. Bədnam toplantı məhz onun icazəsi ilə təşkil olunub. Nəhayət, bu olaylar İvanişvilinin Rusiya ilə pərdəarxası oyunlarının ifşası anlamına gəlir. Bu siyasət yəqin ki, sona yetəcək və son həftələrdə "gürcü xalqının milli-mənəvi dəyərlərinin qoruyucusu" qismində ortaya çıxıb, ölkədə at oynadan iş adamı Levan Vasadze tipli agent-provokatorlar səhnədən yığışdırılacaq. (Vasadze Rusiyanın dövlət şirkətlərində yüksək vəzifələr tutub və Duginin dostudur.) Moskva ilə münasibətlərdə növbəti soyuqlaşmanın başlaması gözləniləndir".

    "Saakaşvili etirazları güclü şəkildə idarə edib təlimatlandıra bilsə, o zaman ölkəyə dönə bilər"

    Картинки по запросу Məhəmməd Əsədullazadə

    Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Gürcüstan parlamenti qarşısındakı etirazlar hakim partiyaya və Rusiyaya qarşı xalqın etiraz səsidir: "Rusiya Gürcüstanın ərazilərini işğal edib, bu ölkənin suverenliyini təhdid edir. Belə bir situasiyada "Boz kardinal" İvanişvilinin Moskva ilə əlaqələri qurmaq planına uyğun olaraq rus deputatların ölkəyə gəlməsinə şərait yaratması xalqda qəzəb doğurub. Bu, gürcü xalqına xəyanət kimi dəyərləndirilir. Bu, həm də İvanişvilinin öz biznes maraqları naminə ölkəsinin ərazilərini Rusiyanın işğalına legitimlik yaratması anlamına gəlir. Odur ki, gürcü müxalifəti başda Vahid Milli Hərəkat Partiyası Saakaşvilinin təlimatı ilə hərəkətə keçib". Onun sözlərinə görə, adıçəkilən partiyanın sədri Vaşadze müxalifəti güclü şəkildə kordinasiya edib etirazı genişləndirə bilsə, hakimiyyət istefaya gedə bilər: "Yaxud növbəti seçkilərdə Saakaşvilin partiyası qalib gələ bilər. Ümumiyyətlə, İvanişvili ciddi strateji səhvə yol verdi, xalqının milli qüruru ilə oynadı. Gürcü xalqı ona bunu bağışlamayacaq. Artıq gürcü cəmiyyəti Rusiyanı qəbul etmir. İvanişvilinin süni siyasətinə etiraz edir. Saakaşvili etirazları güclü şəkildə idarə edib təlimatlandıra bilsə, o zaman ölkəyə dönə bilər. Bundan bşqa, İvanişvili xalqı sakitləşdirmək üçün nazirləri dəyişsə də, bu, müxalifət üçün şansdır və etirazları davamlı olaraq davam etdirərsə polis nümayişə qarışmayacaq".

    Məhəmməd Əsədullazadə onu da bildirib ki, Gürcüstanda baş verənlər Azərbaycanın milli maraqlarına uyğun olaraq hakim partiyanın getməsinə gətirib çıxarsa, o zaman "Keşikçidağ" məsələləri artıq yeni hakimiyyət tərəfindən bağlanar: "İvanişvili Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycana və öz xalqına qarşı çirkin siyasət aparır. Hesab edirəm ki, artıq İvanişvilinin Gürcüstan siyasətində dövrü yekunlaşmaq üzrədir".

    "Gürcü müxalifəti sərt reaksiya verməklə İvanişvili administrasiyasının Rusiya ilə əlaqələrini ifşa etdi"

    Картинки по запросу Kamran Sultanlı

    Son dövrlər gürcü toplumunda Rusiyayönümlü qüvvələrin artdığını deyən müstəqil ekspert Kamran Sultanlı qeyd edib ki, bir neçə gün öncə Gürcüstanda "NATO-ya yox, rədd olsun NATO" şüarları ilə mitinqlər təşkil edilmişdi: "Bu mitinqlər Rusiyaya ideoloji və dini bağlılığı ilə seçilən, Qərbə inteqrasiyaya qarşı çıxan və katolik-protestant cərayanlarını özünə təhlükə hesab edən, Gürcü Marşı və Vətənpərvərlər Alyansı tərəfindən həyata keçirilmişdi. Moskva milliyətçilər və kanonik ərazisi olan kilsə vasitəsilə Cənubi Qafqazın Qərbə çıxış qapısı olan Qoblun təbirincə desək, yol olan Gürcüstanı qapatmaq və Cənubi Qafqazı blokadaya salmaq siyasətini davam etdirirdi. Bu işdə onlara kilsə yardım edirdi. Bu işdə "Gürcü Arzusu"nun da bir çox üzvləri kuratorluq edirdilər. Gürcüstanla Rusiya arasında iqtisadi əlaqələr daha da artmışdı. Bugünkü hadisələr Gürcüstanda Avrointeqrasiya tərafdarları ilə Rusiyayönümlülər arasında mübarizənin nəticəsidir. Gürcü müxalifəti sərt reaksiya verməklə İvanişvili administrasiyasının Rusiya ilə əlaqələrini ifşa etdi. Həmçinin, Gürcüstan üçün prioritetin əvvəlki tək Avro-Atlantik inteqrasiya olduğunu mesaj verdi. Parlament qarşısında etirazlar həm də Gürcü Marşı və Vətənpərvərlər Alyansına və digər üzü şimala baxan qruplara mesaj idi".

    "Saakaşvilinin Gürcüstan sərhədlərinə yaxınlaşması İvanaşvili hakimiyyəti üçün əlavə təhdiddir"

    Ekspertin sözlərinə görə, Saakaşvilinin Gürcüstan sərhədlərinə yaxınlaşması İvanaşvili hakimiyyəti üçün əlavə təhdiddir: "Saakaşvili baş verən proseslərə çağırış etdi və bundan sonra gərginlik daha da artdı. Hazırda İvanişvilinin əsas rəqibi Saakaşvilinin toplum arasında qalan reytinqidir. Bu, 2020-ci il parlament seçkiləri öncəsi müxalifətin əlini gücləndirəcək. Müxalifət etirazı ilə sübut etdi ki, Gürcüstanda siyasi proseslərdə öz təsirini hələ də saxlayır. Həmçinin, rəsmi Tiflisin geriyə yolu yoxdur. Məsələnin ciddiliyini anlayan "boz kardinal" da sərt reaksiya verdi və bununla bağlı parlament sədri ilə danışacağını qeyd etdi. Zənnimcə, bundan əvvəl Kirikilaşvilini qurban verən boz kardinal, bu dəfəki prosesləri yumşaltmaq üçün Gürcüstanın parlament sədri İrakli Kobaxidzeni və daxili işlər naziri Giorgi Qaxarianı istefaya göndərə bilər. Artıq daxili işlər naziri bununla bağlı müsahibə verərək, istefaya hazır olduğunu vurğulayıb".

    Kamran Sultanlı bu qənaətdədir ki, Gürcüstanda Rusiyanın zəifləməsi və şimal-qərb qonşumuzun üzü Qərbə tərəf baxması, Azərbaycanın da maraqlarına uyğundur: "Çünki Qərb üçün Azərbaycan və Gürcüstan birlikdə önəmlidir. Bu baxımdan, rəsmi Bakı blokadaya düşməmək, həmçinin Rusiyanın gücünü neytrallaşdırması baxımından Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasına dəstək olmağa davam edəcək".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org