GÜNÜMÜZÜN BƏLASI: İNTİHARLAR

    66

    Psixoloq Leyli Muradlı: “Azərbaycanda uşaq intiharı ciddi bir problem kimi gündəmdədir”

    “Əslində intihara qərar verən şəxs intihardan öncə sözləri, hərəkətləri, davranışı ilə insanlara ipucları verir…”

    Son bir neçə ildə respublikamızda intihar hadisələrinın sayı kəskin surətdə artıb. Demək olar ki, hər səhər günümüzə intihar xəbərləri ilə başlayırıq. Bu isə təbii ki, böyük narahatlıq doğuran bir haldır.

    Özü də intihrlar getdikcə gəncləşir, kifayət qədər tanınmış, uğurlu, gənc və perspektivli insanların özünə qəsd etməsi həm üzücü, həm də düşündürücüdür.

    Bəs görəsən az qala adi hal alan özünə qəsd hadisələrinin artmasına səbəb nədir?

    Əvvəlcə gəlin son illərdə ölkəmizdə qeydə alınanan intiharların statistikası ilə tanış olaq.

    Yalnız ötən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə prokurorun göndərişi və şikayətlər əsasında 3 214 meyit gətirilib, onların da 495 nəfəri intihar hadisəsi ilə bağlıdır.

    2016-cı ildə isə bu rəqəm 327 idi. Rəsmi məlumata görə, həmin ildə 327 intihar – tamamlanmış suisid, 470 tamamlanmamış suisid qeydə alınıb.

    Ən çox intihar hadisəsi isə 3 il əvvələ, 2015-ci ilə təsadüf edir. Həmin ildə 525 nəfər özünə qəsd etmişdi.

    Hazırda əhalisi 10 milyona yaxın olan bir ölkədə bu rəqəm dəhşətlidir desək, zənnimizcə, yanılmarıq.

    Təəssüflə qeyd edirik ki, intihar hadisələrinin sayı durmadan artır. İntihar edənlərin əksəriyyəti özünü asaraq və ya kimyəvi məhlul içərək özünə qəsd ediblər.

    Ekspertlər qeyd edir ki, əslində getdikcə artan intihar hadisələrinin gerçək statistikası daha yüksəkdir. Hər ay 30-40, hətta 50-yə yaxın intiharın baş verməsi ilə bağlı iddialar var. İntihar hallarının kişilərdə qadınlara nisbətən daha çox rast gəlindiyi də bildirilir.

    Psixoloq Leyli Muradlı ölkəmizdə intiharların sayının kritik həddə çatmasının səbəblərini belə açıqlayır:

    “Doğrudur, intiharların sayı çoxdur. Lakin bu artım digər, hətta inkişaf etmiş ölkələrdə də var. Statistikaya müraciət etsək, görərik ki, dünyada son 45 ildə intiharların sayı 60 faiz artıb. Təkcə 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatır, təbii ki, bunun da öz səbəbləri var. Bura bioloji, psixoloji, sosial faktorlar daxil olduğu kimi, genetik meyarlar da daxildir.

    Statistika onu da göstərir ki, intiharlar inkişaf etmiş ölkələrdə daha çoxdur və bu problem artan tendensiyda davam edir.

    Uşaq və yeniyetmələr arasında intiharlar: bunun qarşısını almaq olarmı?

    Dünya statistikasına görə, intihar edənlər arasında yeniyetmə və uşaqların sayı azlıq təşkil etsə də, təəssüf ki, belə hallar da olur. Onu da etiraf etməliyik ki, bu gün dünyada, eləcə də Azərbaycanda uşaq intiharı da ciddi bir problem kimi gündəmdədir.

    Təəssüflə qeyd edirəm ki, Azərbaycan valideynlərinin əksəriyyəti öz övladlarına uşaq kimi baxır, onları bir şəxsiyyət kimi önəmsəmir, onların problemlərini, hisslərini ciddi qəbul etmirlər. Əvvəllər internet yox idi. İndi informasiya bolluğudur və əksər uşaqlar böyüklərdən daha çox məlumatlıdır. Amma böyüklərin çoxu bunu nəzərə almır, uşaqlarla hesablaşmır. Bu da müəyyən problemlər yaradır. Bəzi valideynlər uşaqlarından onların gücü çatmayan şeylər tələb edirlər, övladlarının istəklərini nəzərə almadan müxtəlif dərnəklərə, kurslara yazdırırlar və onlardan yüksək nəticələr gözləyirlər. Övladları onların ümidlərini doğrultmayanda isə onları danlayırlar, tənəli sözlər deyirlər, hətta cəzalandırırlar da. Elə bu üzdən də yeniyetmələr ali məktəblərə imtahan verən zaman imtahandan keçə bilmədikdə, valideynlərinin tənqidinə, bəzi hallarda isə hətta təhqirinə tab gətirə bilməyəcəklərini düşündükləri üçün intihara təşəbbüs edirlər.

    Ölkəmizdə yeniyetmə və gənclərin intiharı daha çox sosial münasibətlərlə, insanların bir-birinə qarşı aqressiv olması ilə, bir-birilərini başa düşməməsi ilə bağlıdır. Azərbaycanda valideynin sözündən çıxmamaq, valideynin dediyi ilə oturub durmaq ənənəsi var. Bəzən görürük ki, uşağın 30 yaşı var, valideyn hələ də onun dalınca sürünür. Ya da azyaşlı uşağından özünü böyük kimi aparmağı, ciddi və məsuliyyətli olmağı tələb edir, bununla da onun uşaqlığını əlindən almış olur.

    Bəzi bölgələrimizdə isə 17-20 yaşlı qızları zorla ərə vermək adəti bu gün də yaşadılır. Qızlarının təhsil almaq istəyini gözündə qoyan valideynlər çox vaxt onları özlərindən yaşca çox böyük olan imkanlı adamlara bir növ satırlar.

    Bütün bunlar yeniyetmə və gənclərdə özgüvən hissini öldürür, onlar ümidsizliyə düçar edir və əksər hallarda intihara səbəb olur.

    Bu cür halların yaşanmaması üçün valideyinlərin üzərinə böyük məsuliyyət düşür. Onlar övladlarına qarşı daha anlayışlı və mehriban olmalı, onlara daha çox vaxt və diqqət ayırmalı, onların fikirləri ilə hesablaşmalı və istəklərini nəzərə almalıdırlar, onlarla dost, sirdaş olmağa çalışmalıdırlar.

    Yeniyetmə və uşaqlarda intihar riskinin azadılmasında valideynlərlə yanaşı, psixoloqların da rolu böyükdür. Belə ki, onların düşüncələri, psixikası hələ tam formalaşmadığından ilk qarşılaşdıqları çətinlik onlar tərəfindən çox böyük problem kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən məktəblərdə psixoloqların işləməsi vacibdir. Çətin uşaqla söhbət aparılmalı, uşaqların problemləri üzə çıxarılmalıdır ki, vaxtında müdaxilə edilib gələcəkdə yarana biləcək problemlərin qarşısı alınsın.

    Bununla yanaşı, dövlət səviyyəsində konseptual tədbirlər həyata keçirilməlidir. Eyni zamanda televiziyalar insanları intihardan çəkindirəcək proqramlar hazırlamalıdırlar.

    Картинки по запросу İNTİHAR

    Depressiya – intiharın əsas səbəbidir

    İntiharların 4 əsas səbəbi var. Bunlardan birincisi reallıqdan qaçmaq, ikincisi insanın özünə qarşı aqressiv olması, üçüncüsü özünü cəzalandırma, dördüncüsü köməyə çağırışdır. Bütün bu səbəblərin kökündə isə depressiya dayanır.

    Müəyyən olunub ki, intihar edən insanların 90 faizi ölüm anında hansısa psixi xəstəliyin ağır formasından əziyyət çəkib. Ən çox yayılmış psixi pozuntu isə depressiyadır, bu üzdən depressiya suisidal davranışın əsas səbəbi hesab olunur.

    İntiharın təməlində yatan depressiya insanda ümidsizlik və çarəsizlik yaradır. Depressiyada olan insanın həyatla bağlı heç bir nikbin gözləntisi olmur,həyatın boş, anlamsız olduğunu düşünür. Ümidsizlik, çarəsizlik insanları çox zaman ölümə sürükləyir. Sanki soyuqdəyməni bomba ilə müalicə edirlər.

    İnsan tənha olanda intihara daha çox meyl edir, nəinki ona təsəlli verən, ona kömək edən insanlar arasında olanda. Bugünkü həyat insanları ya işə, ya kompyuterə, internetə bağlayıb. Bunun nəticəsində insanların bir-biri ilə ünsiyyəti azalır, tənhalığa meyl edir. Bu da depressiyaya gətirib çıxarır.

    İntiharların baş verməsində irsi faktorun da rolu danılmazdır. Psixi pozgunluğu olan şəxsin nəslində intihar edən olubsa, həmin şəxsə qarşı diqqətli olmaq tələb olunur. Bu şəxslərdə intihar riski böyükdür.

    Картинки по запросу İNTİHAR

    İntihar – etirazın kəskin formasıdır

    Ölkədə sosial durumun ağır olması əhalini çıxılmaz vəziyyətə salır. Son vaxtlar intihar edənlərin böyük əksəriyyəti məhz maddi problemlər üzündən-banklara olan kredit borcunu ödəyə bilmədikləri üçün, yaxud işsziz qaldıqlarına görə ailələrinin dolanışığını təmin etmək iqtidarında olmadıqları səbəbindən- həyatla vidalaşırlar.

    Əslində intihara qərar verən şəxs intihardan öncə sözləri, hərəkətləri, davranışı ilə insanlara ipucları verir. Ətrafdakı insanlar bir az diqqətli olsa, onun intihar etmək istədiyini dərhal anlayar.

    Onu da deyim ki, intihar edən şəxs əslində ölmək istəmir, sadəcə düşdüyü çıxılmaz vəziyyətdən, problemdən, yaxud problemlər toplusundan xilas olmağın ən asan, çox zaman da yeganə yolunu intiharda görür, amma son anadək kiminsə gəlib onu xilas edəcəyinə ümid edir.

    Depressiyada olan insan ətrafda baş verən hadisələri düzgün qiymətləndirmək iqtidarında deyil, o, baş verənlərə ancaq bir bucaqdan baxır. Odur ki, əgər yaxınları, dostları ya öz güclərinə, ya da mütəxəssisin köməyi ilə onu düşdüyü ümidsizlik, çarəsizlik quyusundan çıxarmağa çalışsalar, onun problemə baxış bucağını dəyişə bilsələr, heç şübhəsiz intiharın qarşısı alınar.

    Onu da deyim ki, kişilərə nisbətən qadınlar daha çox intihara cəhd edirlər. Amma onların əksəriyyəti məqsədlərinə çatmaq üçün dərman preparatlarından istifadə edirlər, bu səbəbdən də bir çox hallarda onları həyata qaytarmaq mümükün olur. Kişilər isə intihar edərkən daha çox özlərini asır, ya da odlu silahlardan istifadə edir, buna görə də, kişi intiharları daha çox ölümlə nəticələnir.

    Картинки по запросу İNTİHAR

    İntiharların qarşısını necə almalı?

    İntiharın qarşısını almaq üçün bütün cəmiyyət bu haqda məlumatlı olmalıdır. İnsanlarla işləyən peşə qrupları: müəllimlər, sahə həkimləri, sosial işçilər və başqaları sayıqlıq göstərməli, intihara meyilli insanlarla qarşılaşanda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəsisslərlə sıx əməkdaşlıq etməlidir.

    Bu dövrdə ailə psixoloqlarına da ehtiyac çox böyükdür. Amma bizim ölkədə yaxşı, ixtisaslaşmış psixoloq tapmaq çox çətindir. Bu mənada sahədə ixtisaslaşma, insanlara yardım göstərməyi bacaran psixoloqların hazırlanması günün tələbidir.

    Əslində mediyanın da intihar hallarının artmasında dolayı da olsa, rolu var. Çoxdan sübut olunub ki, mətbuatda çox hallandırılan hərəkətlər cəmiyyətdə həndəsi silsilə ilə artır. Deməli, bu xəbərləri və açıqlamaları mümkün qədər minimuma endirmək lazımdır”.

    Hazırladı: Banu Oğuz

    P.S. Proqressiv Psixologiya Mərkəzinin əməkdaşı, psixoloq Leyli Muradlı ilə əlaqə telefonu: 051-851-00-50