“Girovluqdan qurtulmalıyıq” – SAMİR ƏLİYEV

132

“Dünənki hadisəyə heç bir halda haqq qazandırmaq olmaz”

 “İnsan düzgün saydığı yox, başqalarına nəyisə sübut etmək üçün addım atırsa, deməli, həmin şəxs artıq girovdur.  Hamımız bu və ya digər formada girovuq. Bəzilərimiz ideyaların, dəyərlərin girovuyuq. Digərlərimiz milli-adət ənələlərin, üçüncülər dini dəyərlərin girovudur. Hətta prinsiplərinin girovu olanlar da var”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər iqtisadçı Samir Əliyevə məxsusdur.

“Bəzən insan pis vərdişlərin girovuna çevrilir”

“Girovluq söz olaraq daha çox neqativ məna kəsb etsə də, yuxarıda qeyd etdiklərim bir qayda olaraq müsbət məna yükünə malikdir. Dünyanın hər yerində ləyaqətinin, vicdanının girovuna çevrilmiş insanlara həsəd aparılır, bəzən onları ağılsız saysalar da. Ancaq bəzən insan pis vərdişlərin girovuna çevrilir. Məsələn, siqaretin, içkinin, əliəyriliyin, rüşvətxorluğun, narkotikanın və s.  Natamamlıq kompleksi, daimi özünütəsdiq kimi çatışmazlıqlar da girovun bir növüdür. Xüsusilə də daim özünü güclü göstərmək, güzəşti zəiflik kimi qəbul etmək bizi səhv düşüncənin girovuna çevirir”,-deyə iqtisadçı əlavə edib.

“Dünən insanlara qarşı kobudluq edən polislər bəlkə də fərqinə varmırdı ki..”

S.Əliyev qeyd edib ki, bütün bunları dünənki hadisəyə görə yazıb: “Dünən çox ağır və stressli bir gün keçdi. Heç ikigünlük karantin bu qədər üzücü olmamışdı. Son illər ilk dəfə olaraq polislə cəmiyyət arasında böyük bir uçurum yaranmışdı. Adətən qarşıdurma polis və siyasi partiyalar (və onların tərəfdarları) arasında yaşanırdı. Ancaq dünənki hadisədə ən böyük zərbəni polis aldı. Halbuki, son aylar polisin əhaliyə qarşı (bəzi siyasi həbsləri saymasaq) son dərəcədə təmkinli davranışı müşahidə edilirdi. Elə ikigünlük sərt karantin dövründə də belə hallar az deyildi. İnsanları cərimələmək yox, acizanə xahişlə evlərinə getmələrini etmələrinin şahidi olmuşam və ya eşitmişəm. Ancaq dünənki hadisəyə heç bir halda haqq qazandırmaq olmaz. Burda polisin “kiməsə nəyisə sübut etmək” istəyi yuxarıda qeyd etdiyim kimi onun girov olduğunu bir daha göstərdi. Özəl mülkiyyətə qanunsuz müdaxilə, məhkəmə hüquqlarının kənara atılması və ən nəhayət insanlara dərs vermək istəyi heç bir çərçivəyə sığmırdı. Dünən insanlara qarşı kobudluq edən polislər bəlkə də fərqinə varmırdı ki, hər ay aldıqları vəzifə və rütbə maaşlarını, mükafatları ələ-salaraq həbs etdiyi, “dovşan” dediyi vətəndaşların büdcəyə ödədikləri vergilərindən alır”.

“Vətəndaş hakimiyyətdən haqqını tələb etməkdən qorxmaq kimi vərdişlərin girovluğundan azad olmalıdır”

S.Əliyevin fikrincə, dünən baş verənlər insan hüquqlarından başqa, xarici investoru ölkəyə cəlb etmək niyyəti ilə də ziddiyyət təşkil edir: “ABŞ-ı tənqid edirlər, amma Amerika cəmiyyəti oğurluğa və narkotikaya görə dəfələrlə həbs edilmiş Corc Floydın arxasında necə dayandığını gördük. Çünki söhbət təkcə Floydun rəngindən yox, həm də polisin vətəndaşlara münasibətindən gedirdi. Ona görə də girovluqdan qurtulmalıyıq. Hakimiyyət vətəndaşına inanmamaq, polis onu qorxu altında saxlamaq, vətəndaş isə hakimiyyətdən haqqını tələb etməkdən qorxmaq kimi vərdişlərin girovluğundan azad olmalıdır”.

Şamo EMİN, Hurriyyet.org