“Gerizəkalı Co” və “Axmaq Tramp” – ABŞ xalqı bu cür adlandırılan siyasilər arasında seçim etməlidir

75

Dünyanın yeganə super dövləti sayılan ABŞ-ın həm prezidenti, həm də vitse-prezidenti Hindistan əsilli ola bilərmi? Söhbət Demokratlar Partiyasından prezidentliyə rəsmi namizəd Co Bayden və onun vitse-prezidentliyə namizəd kimi təqdim etdiyi Kamala Harrisdən gedir. Bu barədə daha ətraflı bəhs edəcəyik.

78 yaşlı Co Baydenə görə ciddi narahatlıq var. Çoxları düşünür ki, o, kifayət qədər sağlam deyil. Prezident seçildikdən az sonra ölmək ehtimalı çox yüksəkdir. Belə olduqda isə Kamala Hiarris prezidentin səlahiyyətin icra edəcək. İfrat dərəcədə liberal olan bu xanım mühafizəkar dəyərlərə söykənən Amerika üçün təhlükə sayılır.

“Gerizəkalı Co” və “Axmaq Tramp”- səfehlər arasında seçim

Donald Tramp ona “Sleepy Joe” (yuxulu Co) deyir. Onu solçu düşüncə ilə beyni yuyulmuş kukla adlandırır. Daha çox isə o, “Dementia Joe” (Gerizəkalı Co) kimi tanınır.

Heç Co Bayden də Donald Tramp haqqında yüksək fikirdə deyil: “”O, tamamilə axmaqdır. Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalıdır”. “Tramp ABŞ-ın maraqlarını satmış xaindir. Tramp yenidən prezident olsa, NATO yox olacaq”, fikri də ona məxsusdur.

ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Co Bayden seçkiyə 280 milyon dollar xərcləyəcəyini rəsmən bəyan edib. Donald Tarampın seçki xərcləriinin isə milyard dolları keçəcəyi kimsədə şübhə doğurmur.
“Gerizəkalı Co” və “Axmaq Tramp”. İki səfehdən biri Amerikanın prezidenti olacaq.

“Şər oxu”

Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı Amerika siyasi dairələrində qalmaqala səbəb oldu.
Ukrayna şirkəti olan “Burisma” oliqarx, prezident Viktor Yanukoviçin dönəmində ekologiya naziri işləmiş Nikolay Zloçevskiyə məxsusdur.

O, 2014-cü ildə ABŞ-ın o vaxt kı vitse-prezidenti Co Baydenin oğlu Hanteri öz şirkətinə işə götürüb. Hanter Bayden “Burisma” holdinqin idarə heyətinin üzvü elan edilib. Hanter Baydenin rəsmi aylıq maaşı 50 min dollar olub. Nyu-Yorkda vəkillik edən birisi üçün bu, az pul deyildi. Oğul Bayden 2019-cu ilin avqustun 25-nə kimi “Burisma” şirkətinin rəhbəri qismində çalışıb. Atası prezidentliyə namizədliyini irəli sürdükdən sonra isə o, Ukrayna şirkətini tərk edib.

Donald Tramp Vladimir Zelenskini oğul Baydenlə əlaqədar korrupsiyadan dolayı araşdırmağa kömək etməyə səsləməsi, bu məsələ ilə bağlı lentə alınmış səs yazısının yayılması zəlzələ effekti doğurdu.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın impiçmenti məsələsini gündəmə gətirdi. Nə impiçment, nə də Co Baydeni prezid seçkisindən kənarlaşdırmaq planı baş tutdu. Bu qarşıdurma heç-heçə başa çatdı.

Barak Obama və Hillari Klinton ona dəstək verir

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton keçmiş vitse-prezident Cozef Baydenə prezidentlik uğrunda mübarizədə dəstək verir: “Cozef Bayden bu ana bütün ömrü boyu hazırlaşıb. Son 25 ildə onunla işləmək şərəfinə layiq oldum”.

ABŞ-ın vitse-prezidenti Co Bayden ilə Barak Obama ailə dostudur. Cənab Baydenin xərçəng xəstəliyindən əziyyət çəkən oğlu Bo Baydenin müalicəsi üçün prezident Barak Obamanın ona maliyyə yardımı təklif etməsi yaddaşlardadır. Co Bayden isə oğlunun müalicəsi üçün evini satmaq istəyirdi. Barak Obama buna imkan vermədi.

Xatırladaq ki, Co Baydenin oğlu Cozef Bo Bayden 2015-ci il mayında 46 yaşında beyin xərçəngindən vəfat edib.

ABŞ prezidenti Donald Tramp siyasi rəqiblərinə ləqəb qoymağı xoşlayır. Prezident Barak Obama və Co Bayden dostluğuna kinayəli münasibətini ifadə etmək üçün onların adını bir birinə calayaraq “Obayden” ifadəsi işlədib.

“27 yaşımdan bu gündəyəm”

Co Bayden yazır: “Hər səhər yuxudan duranda kimsə mənə bir siyahı təqdim edir. Orada bu gün saat necədə, harada və kimlərlə görüşəcəyim yazılıb. 27 yaşımdan üzü bəri bu proses hər gün təkrar olunur. Mən heç cür təsəvvür edə bilmirəm ki, o siyahısız mən nə edə bilərəm”.

Pəltək Co Bayden

O yazır ki, səlis danışa bilmirdim. Sözlərin tələffüsündə ciddi problemim vardı. Bu problemi həll etmək üçün saatlarla güzgünün qarşısında dayanırdım və uca səslə şer oxuyurdum. İllər keçdikcə bu problemi çözə bildim. Bu kimi məşqlər siyasətçi kimi formalaşmağıma da yardım etdi. Böyük auditoriyalarda çıxışlarım alqışlarla qarşılandı.

Bildiyiniz kimi, Donald Tramp nə siqaret çəkir, nə də spirtli içkilər qəbul edir. Bu barədə Amerika prezidenti deyir ki, mənim qardaşım gənc yaşında içkiyə və siqaretə aludə olduğuna görə öldü. Elə o vaxtdan da mən siqaret və spirtli içkilərdən uzaq düşdüm.

Belə bir problemlə Co Bayden də qarşılaşıb. Baydenlər ailəsinin içkiyə aşırı aludəçiliyi onların ictimai və işgüzar nüfuzuna ciddi zərbə vurub. Bunu görən Co Bayden birmənalı şəkildə içkidən imtina edib.

“Görməyə bir iş tapmırdım”

Co Bayden deyir: “Vitese-prezident olmaqdan asan bir iş yoxdur. Görməyə bir iş də tapmırsan”..

“Mən sionistəm”

Amerika siyasətində ciddi söz sahibi olmaq üçün yəhudilərlə xoş münasibətdə olmaq vacib şərtlərdən biridir. Co Bayden bunu hamıdan yaxşı bilir. Ona görə də çəkinmədən belə deyir: “Mən sionistəm. Sionist olmaq üçün yəhudi olmaq şərt deyil”.

“Ulu babam Rac”

Co Bayden həmişə özünü Hindistanın Amerikadakı elçisi kimi aparıb. Bunun səbəbi haqqında o, belə deyir: “ Mənim ulu babam Rac Hindistanın Pancab vilayətindən idi. Mənim ulu nənəm Racıstanın Unversitetini bitirmişdi”. Bu məsələ ilə bağlı müsahibələrinin birində o deyir ki, Bayden nəslinin bir qolu Britaniyadan Hindistana gedib və orada yaşayıb. Mənim ulu babam hərbçi zabit kimi “East India” şirkətində xidmət edib. Orada hindistanlı qadınla evlənib.

Çin və Rusiya “yox” deyir

Hindistana yaxın birisinin ABŞ prezidenti olması Çinin maraqlarına qətiyyən uyğun deyil. Bu səbəbdən də Çin Co Baydenin prezident seçilməsini istəmir. Elə Rusiya da onun əleyhinədir.

Üçüncü cəhd

Bayden birinci dəfə deyil ki, ABŞ prezidento olmaq sevdasına düşür. O, 1988 və 2008-ci illərdə prezidentliyə namizəd olmağa cəhd edib, ancaq uğur qazanmayıb. 2016-ci ildə isə Hillari Klintona görə namizədliyini verə bilməyib. Hillari Klinton isə həmin seçkini Donald Trampa uduzub.

İlk dəfə necə senator seçildim?

1972-ci ildə Delaver ştatında qocaman senatoru Caleb Boggs seçkiyə qatılmaq istəmədi. Onun yerinə namizədliyini vermək istəyən respublikaçılar arasında dava düşdü.Porsesə müdaxilə edən prezident Nikson Caleb Boggsu dilə tutdu və onun yenidən namizəd olmasını təmin etdi. Heç bir demokrat öz nüfuzunu zərbə altına qoyub belə qocaman siyasətçiyə qarşı mübarizə aparmaq istəmədi. Ciddi maliyyə problemi olan Co Bayden seçkiyə qatıldı. Çünki heç bir demokrat bu ştatdan namizəd olmaq istəmədi. Baydenin bacısı Valerie Bayden seçki kampaniyasına rəhbərlik etdi. Digər ailə üzvləri də ona kömək etdi. Gənc Bayden hər bir seçici ilə üzbəüz görüşdü. Gülərüz və enerjili gənc çoxunun rəğbətini qazandı və o, heç kimin gözləmədiyi halda cəmi 3.162 səs çoxluğu ilə qalib gəldi.

30 yaşlı senator: “Prezident də olacam”

Co Bayden 1969-cu ildə hüquqşünas kimi fəaliyyətə başlayib. 1970-cı ildə isə Nyu Kasl Ölkəsinin Şurasına seçilib. 1942-ci il doğumlu Co Bayden 1972-ci ildə-30 yaşında ABŞ Senatına seçilib. O, Amerika tarixində ən gənc senatorlardan biridir. O, altı dəfə Senata seçilib. 2 dəfə prezident Barak Obamanın vitse-prezidenti kimi fəaliyyət göstərib. İlk xanımı Neilia Hunter Bayden Co Bayden haqqında illər öncə demişdi: “O, 30 yaşında senator olmağı planlaşdırmışdı. Daha sonra isə Amerikanın prezidenti olmaq arzusunda idi”.

“Ola bilər ki, mən irlandam. Ancaq axmaq deyiləm”

O katolik ailəsində böyüyüb. Bir bacısı və iki qardaşı olub. Onlar irland əsilli amerikalı sayılırlar. Co Bayden bu məsələ ilə bağlı belə deyib: “Ola bilər ki, mən irlandam. Ancaq axmaq deyiləm”. İngilislər tarixən özlərini irlandlardan üstün biliblər, onları axmaq adlandırıblar. Buna etiraz olaraq Co Bayden belə deyib. Baydenin ingilis, fransız, irland və Hindistan qarışığı var.

Maşın alverçisi

Gənclik illərində uğurlu maşın alverçisi olan Baydendə liderlik keyfiyyəti hələ orta məktəbdə oxuyanda müşahidə olunurmuş. Belə ki, kasıb ailədən olmağına baxmayaraq o, məktəbin futbol və beysbol komandalarının kapitanı seçilib.

Hind filmi kimi ailə faciəsi

Neilia Hunter Bayden Co Baydenin ilk evləndiyi qadındır. Onlar 1966-cı ildə ailə qurublar. Bir illik fasilə ilə onların 3 uşağı dünyaya gəlib. Hunter 1969, Beau 1970 və Naomi 1971-ci ildə doğulub.

Ancaq bu ailənin taleyi Hindistan filmlərini xatırladır. Co Bayden senator seçildikdən az sonra onun xanımı 3 uşağı (2 oğlan, 1 qız) ilə birlikdə maşınla yeni ildə bəzəmək üçün küknar ağacı almaq məqsədi ilə yola çıxırlar. Bu faciə ilə bağlı Co Bayden 2015-ci ildə etdiyi çıxışların birində belə deyir: “Senator seçildikdən 6 həftə sonra mən Vaşinqtonda idim. Telefon zəngi gəldi. Məlum oldu ki, yandan gələn qoşqulu traktorun törətdiyi qəza nəticəsində xanımım və qızım ölüb. Həkimlər əmin deyildilər ki, mənim oğullarım sağ qalacaqlar”.

Co Bayden hər il dekabrın 18-də – xanımı və qızı ölən gün işə çıxmır və onlara yas saxlayır.

İkinci evlilik və katolik amili

5 il sonra isə Co Bayden Jill Tracy Jacobsla evlənir. Bu izdivacdan onların 1981-ci ildə Aşley Blazer adlı qızı dünyaya gəlir. Ümumiyyətlə, Co Baydenin 4 uşağı (2-si vəfat edib) , 5 nəvəsi var.

Co Baydenin hər iki xanımı katolikdir. Hər iki evlilik mərasimi katolik kilsəsində keçirilib. Xatırladaq ki, indiyə kimi yalnız bir katolik ABŞ prezidenti olub. 1961-1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından) olmuş Con Kennedi qətlə yetirilib. ABŞ evangelist ölkəsidir. Təsadüfi deyil ki, ABŞ Evangelistlərin İmperiyası adlandırılır. 2009-cu ildə Co Bayden ABŞ-ın 47-ci vitse-prezidenti oldu. O, bu vəzifəni tutan ilk katolikdir.

Ermənipərəst Bayden Ərdoğana qarşı

Co Bayden prezident seçiləcəyi halda 1915-ci ildə Anadoluda baş vermiş hadisələrin “soyqırım” kimi tanıyacağını bildirib.
Bayden erməni lobbisinin xeyirinə işləyir və 1995-2007 illər arasında Konqresdə erməni işlər üzrə qrupun üzvü idi. O, Azərbaycana qarşı olan 907-ci düzəlişin əsas müəlliflərindən biridir. 1992-2008 illərin arasında Ermənistana və Qondarma Dağlıq Qarabağ Respublikasına maddi yardım göstərilməsinə səs verib.

O, Türkiyədəki müxalif partiyaları, xüsusən kürd təşkilatlarını dəstəkləyərək Ərdoğan hakimiyyətini yıxmaq barədə düşündüyünü də gizlətmir. Yeri gəlmişkən, ABŞ-ın vitse-prezidenti kimi Co Baydenin Türkiyədə 2016-cı ilin iyulunda olmuş hərbi çevriliş cəhdində əli var. O, Aya Sofyanın muzey statusunun qaytarılması çağırışı ilə Türkiyə prezidentinə müraciət edib.

 

Elbəyi Həsənli, Sürix