“Gərəksiz qalmaqallara son qoyulsun” – OXUCU ETİRAZ EDİR

    9

    “Niyə bu şər qüvvələr son zamanlar daha da fəallaşıb?”

    Son zamanlar kosmetoloq Elnarə Rzayevanın adı ətrafında yaranan qalmaqallar, bu mövzunun mətbuat vasitələrində birtərəfli işıqlandırılması, eyni zamanda televiziyalarda bu haqda nümayiş olunan süjetlər bəzi insanlarda qıcıq doğurub. Oxucularımızdan biri – Məsməxanım Şahbazova bu haqda redaksiyamıza məktub ünvanlayib. O, məktubunda Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşova, kütləvi informasiya vasitələrinə, Azərbaycan Teleradio Şirkətinin rəhbərliyinə və bütün telekanallara müraciət edərək, bu məsələ ilə bağlı mövqeyini çatdırmağımızı istəyib.

    Həmin məktubu olduğu kimi dərc edirik:

    “Son zamanlar baş verən hadisələr, müxtəlif peşə sahiblərinə qarşı başlamış şər, böhtan, qarayaxma kampaniyası artıq kulminasiya nöqtəsinə çatır. Bu hadisələr sosial şəbəkələrdə müxtəlif sayt rəhbərləri tərəfindən heç bir araşdırılma aparılmadan qeyri-obyektiv işıqlandırılmaqla (öz şəxsi maraq və mənafelərinə uyğun şəkildə) reket jurnalistlər tərəfindən cəmiyyətə təqdim olunur. Ən acınacaqlısı isə, bu hadisələr Azərbaycan teleməkanında müzakirə obyektinə çevrilərək, efir mədəniyyətinə zidd halda canlı yayımla cəmiyyətə təqdim olunur. Hətta bu verilişlər zamanı ziyalılarımız rüsvay olunaraq, əlbəyaxa olmaqla yadda qalır.

    Etik normadan kənar xoşagəlməz hadisələr cəmiyyətin müxtəlif təbəqələrinin haqlı narazılıqlarına və hiddətlənməsinə səbəb olur.

    Bir müddət öncə müxtəlif şou-biznes adamları arasında başlanmış bu qalmaqallar mədəniyyət içşiləri aktrisa və aktyorlar, daha sonra hətta günümüzün ziyalı təbəqəsi olan müəllim və həkimlər arasında da davam etməkdədir. Gündəmi zəbt edən bu qalmaqallarda adamı ən çox heyrətləndirən odur ki, çox zaman onların hədəfi hansı peşədə çalışmasından asılı olmayaraq, cəmiyyətin ən çox sayılıb-seçilən, xeyirxah, ləyaqətli, vicdanlı, öz işinin ustadı olan ədalətli insanların olmasıdır.

    Bütün bunlar nədən qaynaqlanır? Niyə bu şər qüvvələr son zamanlar daha da fəallaşıb. Niyə ziyalılarımız belələrini ictimai qınaq obyektinə çevirib, yerində oturtmaq əvəzinə, göz yumur? Niyə bu şər, böhtan, qarayaxma kampaniyalarının hədəfi cəmiyyətin ən yaxşı, fəal, bacarıqlı, səriştəli mütəxəssisləridir? Niyə məhz onları ləkələməyə çalışırlar?

    Axı niyə belələri cəzasıq qalır? Bütün bunlar adi insanları çox məyus edir. Belə haqsız hücumlardan əziyyət çəkən qadınlar qarşı tərəfin şər-böhtanı qarşısında stress keçirirlər, sağlamlıqlarından olurlar.

    Amallı, məqsədli adamlara şər atıb ləkələmək istəyənlər niyə anlamırlar ki, bu insanların da ailələri, övladları və əzizləri var. Məni bu gün bu müraciəti etməyə vadar edən Estetik Mərkəzin rəhbəri Elnarə Rzayevaya qarşı başladılan kampaniya, telekanallarımızın birində yayımlanan verilişdə baş verənlərdi. O xanıma olan hücum, zorakı hərəkətlər, basqılar bir insan kimi məni çox hiddətləndirir. O da, bir anadır, övladdır, bacıdır. Kim ixtiyar verib ki, canlı yayımda onu itələyib xəsarət yetirsinlər… Niyə bu insanlar cəzalandırılmır? Mən bütün ictimaiyyət nümayəndələrini haqsızlığa qarşı birliyə çağırıram. İnanıram ki, baş vermiş bu olayla bağlı qanunun keşiyində dayanan aidiyyatı qurumlar öz sözünü kəskin deyəcək. Qeyri-insanı hərəkət edənlər öz layiqıli cəzalarını alacaqlar. Əks halda belə kampaniyaların qurbanları artacaq.

    Zənnimcə, ictimaiyyətin bütün təbəqələrini təmsil edən müəllim, həkim, jurnalist, hüquqşünas, bir sözlə, müxtəlif peşə sahiblərindən ibarət komissiyası təşkil edilməli və konfliktlərin baş verdiyi məkanlarda araşdırmalar aparıb əsl həqiqət üzə çıxarlmalıdır.

    Şər-böhtan kampaniyası aparıb insanları ləkələməyə çalışanlara isə demək istəyirəm ki, həyat bumeraqndır, etdiyiniz pis əməllər çox qısa zamanda artıqlaması ilə sizə qayıdacaq. Sağlam rəqabət aparmağa çalışın!

    Bu məsələni laqeydliklə izləyən söz sahiblərinə isə Cabir Novruzun bir neçə misrasıyla səslənirəm:

    Bir arzum var, ay adamlar, qoyun deyim,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara.

    Hörmətlə: Şahbazova Məsməxanım Bəydadaş qızı”.

    Hazırladı: Altunay, Hurriyyet.org