Generalın qardaşı oğlu 10 kq heroinlə tutuldu

516

 

DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin ötən ay keçirdikləri əməliyyat zamanı saxlanılan şəxslərdən biri – Ramin Ələkbərov Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qardaşı oğludur.

Qeyd edək ki, idarə əməkdaşlarının keçirdiyi və ümumilikdə 24 kq narkotik vasitənin dövriyyədən çıxarılması ilə nəticələnən əməliyyatlardan biri də Abşeron rayonunda baş tutmuşdu. DİN-in 27 iyulda yaydığı məlumatda bildirilirdi ki, Baş İdarə əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri daha bir tədbir zamanı paytaxt sakinləri Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb.report.az