“Generalın heykəlindən sonra ilk iş polkovnik İlqar Mirzəyevin heykəlini düzəltmək idi” – GƏNC HEYKƏLTƏRAŞ

20

Azərbaycanlı tələbə Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlayıb. Təbriz Soltanlı Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsidir. Gənc heykəltəraş ilk əvvəl, şəhid general-mayor Polad Həşimovun büstünü hazır edib. O, bununla bağlı redaksiyamıza da məlumat vermişdi. Təbriz Soltanlı, Hurriyyet.org-a barelyefin şəhidin yaşadığı binaya vurulmasını istədiyini bildirib:

“Generalımızın heykəlini hazır etdikdən sonra, fikrimdə olan ilk iş polkovnik İlqar Mirzəyevin heykəlini düzəltmək idi. Düşündüm ki, barelyef hazır edim və yaşadığı binaya vurulsa, daha yaxşı olar. Gördüyünüz barelyef, bir həftəyə başa gəlib. Hazırda gil versiyasındadır. Materiala yaxın günlərdə çevirəcəm. Polkovnik İlqar Mirzəyevin barelyefi dövlət qurumlarının da razılığı olarsa, yaşadığı binaya vurulmasını çox istəyərdim. Şəhid polkovnikimizin barelyefi əbədi olaraq, orda qalsın. Hamıda onun, bu binada yaşadığını bilsin. Hazırda şəhidimizin qardaşının barelyefin hazırlanmasından xəbəri var”.

Xatırladaq ki, polkovnik İlqar Mirzəyev iyulun 14-ü Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Hurriyyet.org