General Novruzəli Orucovun oğlunun məhkəməsində müstəntiq dindirildi

    9

    Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

    Hurriyyet.org xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə istintaqı aparmış müstəntiq Məhəmməd Tağıyev əlavə şahid qismində dindirilib.

    O, vəkillərin suallarına cavab olaraq qeyd edib ki, şahidlərin ifadəsi zaman heç bir qanun pozuntusu etməyib. M.Tağıyev həmin şəxslərə onların hüquqlarının izah edilidiyini bildirib: "Şahidlər ifadəsini oxuyandan sonra qol çəkiblər. Onlar bizə nə ifadə veribsə, biz də o cür yazmışıq".

    Müstəntiq söyləyib ki, şahidlərə verdikləri ifadələr oxunub və elan da edilib.

    Daha sonra hakim şahidlərin ifadələrini məhkəmədə elan edib. O bildirib ki, şahidlər R.Orucovla bağlı yazılanlara etiraz etməsələr də, digər iki nəfərlə bağlı adlarından yazılanları təsdiqləmirlər.

    Müstəntiq vurğulayıb ki, hadisə ilə bağlı videogörüntülər üçün sorğu verilsə də, cavab gəlməyib.

    Məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün vaxt istəyib.

    Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

    Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

    R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

    Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər./report/