GENERAL-POLKOVNİKƏ QARŞI ŞOK İTTİHAMLAR – Nəcməddin Sadıqovun qeyri-insani hərəkətləri

    96

    Dəyərli oxucuları! Şəmkir rayon sakini (hal-hazırda RF-da yaşayan və rayonla əlaqəsini itirməyən) 1955-ci il təvəllüdlü hərbi həkim Elbrus Mütəllimovun vaxtilə Nəcməddin Sadıqov haqqında danışdığı məlumati çatdırıram.

    O, bildirib ki, “28 fevral 1993-cü ilin soyuq, şaxtalı günlərindən bir idi. Ağdərə rayonunun dağlıq hissəsində yerləşən Dranbon kəndinin ətrafında idik. Mənim tibbi yardım maşınımda Nəcməddin Sadıqovla hərbi hissə komandiri polkovnik R.Maqammedov arasında mübahisə düşdü. Polkovnik Maqammedov N.Sadıqova izah edirdi ki, Dranbona hücum etmək, şəxsi heyəti yüz faiz qırğına göndərmək deməkdir. Çünki kəndin bütün yolları minalanıb. N.Sadıqov isə ondan təqribən 10-15 yaş böyük olan ağsaqqal polkovnik Maqammedovu söyərək (ana söyüşü ilə) ona sillə vurdu və “mən kəndə kəşfiyyat göndərmişəm, orada heç kim yoxdur, kəndin ətrafı da minalanmayıb. Odur ki, keçin hücuma”, – dedi. Həmin vaxt N.Sadıqov yalnış və təxribat xarakterli əmrindən polkovnik Maqammedovun alayına məxsus şəxsi heyyətin 90%-i minalara düşdülər. Meyitlərin (şəhid olanların) şoxunu belə götürmək mümkün olmadı”.

    Dəyərli oxucular! Nəzərinizə çatdıraq ki, polkovnik Maqammedov SSRİ-nin vaxtında desant polkunun (alayının) komandiri olub. Əfqanıstan müharibəsində iştirak edib və təqaüddə olsa da Qarabağ müharibəsinə könüllü gəlmişdi.

    Həmin vaxtlarda general N.Sadıqov polkovnik Maqammedova verdiyi şantaj və təxribat xarakterli əmri, digər tabor və hərbi hissə komandirinə də vermişdi. Ona görə də altı rayon onun və onu müdafiə edənlərin hesabına düşmən qüvvələri tərəfindən ələ keçirildi və nə qədər vətəndaşlarımız həlak oldular, köçkün və qaçqın düşdülər.

    Digər Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Dilqəm Əliyev N.Sadıqovun çox kobud olduğunu, tabeliyində olanlara qarşı yuxarıdan aşağı baxdığını, şəxsi heyəti rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər an rus dilində təhqir edib alçaltmağa meylli olan bir zabit, bir komandir olduğunu bildirərək dedi: “1992-ci ilin oktyabr ayı idi. N.Sadıqov xidmət etdiyim Gədəbəy rayonu ərazisində yerləşən hərbi hissəyə gəldi və qərargahda qışqıra-qışqıra bir hay-həşir saldı ki, gəl görəsən. Hərbi hissə komandiri, polkovnik Cahangir Rüstəmovu rus dilində söyüb təhqir etdi, döyüş xəritəsini cırıb getdi. N.Sadıqovun belə bir davranışı, yəqin ki, hərbi hissənin şəxsi heyəti arasında ruh düşkünlüyü yaratmağa yönəlmiş addım idi. Amma o, bunu bacarmadı və özünə qarşı şəxsi heyyətin nifrətini qazandı. O, bizim hərbi hissəyə iki həftədən sonra təkrar bir də gəldi. Bu dəfə o, sərxoş vəziyyətdə vertalyotdan düşərək onu qarşılamaq üçün sırada dayanan şəxsi heyyətə məhəl qoymadan, yüngül təbii tələbatını ödədi və vertalyotla minərək Bakıya qayıtdı”.

    Veteran mayor 1994-cü il fevral ayında Kəlbəcər hadisələrində iştirak edib və N.Sadıqovun qeyri-insani hərəkətinin də şahidi olub. Belə ki, N.Sadıqov hərbi hissənin həkimi, baş leytenant Hacıyev Nicatın ilk əvvəl paltarını soyundurur və əllərini kəndirlə bağlatdıraraq çaya atdırır. Bir neçə saat soyuq suda qalan həkim çox keçmir ki, xəstəlik tapır və ona görə də erkən dünyasını dəyişir.

    Haşiyə: İkinci dünya müharibəsi zamanı faşistlər hərbi əsirlərlə belə davranmayıb. Dəyərli oxucular! İndi bu generala özünüz qiymətinizi verin?! Deyilənlərə görı həkim N.Sadıqovun bir təxribatının qarşısını alıb.

    1994-cü ilin fevral ayının 8-də Murovda ağ evdə Nəcməddin Sadıqov Qarabağ müharibəsi ilə əlaqəli rayonların icra başçılarını yığaraq iclas keçirir və əvvəlcə onlara həmin rayonların batalyonlarının qaçması ilə bağlı, əgər məlumatı olarsa cəzalandırılacaqlarını bildirir. Sonra da döyüş itkilərinin çox olması barədə mərhum prezidentimiz Heydər Əliyevə məlumat vermələrini tövsiyyə edir. Özü isə belə məruzə edir: “Qospadin Prezident, net osnovaniya dlya bespokoivatsya, Kəlbəcər naxoditsiya naşix rukax idut upornıye boi” (Cənab Prezident narahat olmağa əsas yoxdur, Kəlbəcər bizim əlimizdədir. Şiddətli döyüşlər gedir). Ona görə də 27 il Azərbaycan odrusunda yüksək vəzifədə “əvəzolunmaz və toxunulmaz” general kimi qalmaqdadır. Baxmayaraq ki, ötən illər ərzində dörd dəfə hərbi nazir dəyişib, onun apardığı hərbi əməliyyatların hər biri uğursuzluğa düçar olub. Belə generallar dövlətçiliyin qorunması üçün yox, azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin maraqlarına uyğun xidmət edir. Əgər ikinci Qarabağ müharibəsi başyalarsa ruhən xalqımıza yad olan, Azərbaycan dilini öyrənib bu dildə danışmağı özünə rəva bilməyən Nəcməddin Sadıqov kimi genedalların xalqımıza qarşı məkrli münasibətindən itkilərimiz çox olacaq. Belə generalların varlığı kimlərəsə sərf edir. Çünki, bunlar hərbi əməliyyatlar zamanı kütləvi qırğınların yollarını yaxşı bilirlər.

    Bəhlul Orucoğlu,

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,

    Qarabağ müharibəsi veteranı,

    ehtiyatda olan ədliyyə mayoru, şair-publisist

    Redaksiyadan: Hörmətli oxucular! Dərc etdiyimiz bu məqalədə səslənən ittihamlar məhz Bəhlul Oruclunun araşdırmaları əsasında ortaya çıxardığı faktlardır.