Gənclərin “Akulalar” qrupundan başlayan görüşü – Onlardan biri “peysər” sözünə görə öləcəkdi – TƏFƏRRÜAT

    6

    Bir qrup gəncin söyüş üstündə başlayan mübahisəsi cinayətlə nəticələnib. Onlardan biri digərini idman fəndi ilə yerə yıxıb. Yerə yıxılan gənc gicgah nahiyəsindən ağır xəsarət alıb.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və azadlıqdadır. Vazeh 18 yaşını yenicə tamamlayıb.

    Bu işdə zərərçəkmiş şəxs isə Əlikram Rəhimovdur. Bu davada iştirak edənlərdən yaşda ən böyüyü də Əlikram olub. Əlikramın 21 yaşı var, ailəlidir, övladı da var.

    İttihamda göstərilir ki, tərəflər arasındakı davaya səbəb Əlikramın Vazehin də tanışı olan başqa biri haqda söyüş söyməsi olub. Həmin şəxsin isə 15 yaşı (adını şərti olaraq Nəriman olaraq qeyd edirik) var.

    Belə ki, Əlikram dostlarına deyib ki, Nəriman haqda məhəllədə xoş söz danışılmır. Onun barəsində söyüş də söyülüb. Daha sonra Əlikram Nərimanı məhəllədə olan başqa bir dostu ilə birlikdə görüb. Həmin dostuna məsləhət görüb ki, Nərimanla gəzməsin. Bu söhbət qısa zamanda məhəllədə olan digər gənclər arasında da yayılıb. Vazeh bu məsələyə aydınlıq gətirmək üçün Əlikramla görüşmək istəyib. Əlikram "whatsapp" sosial şəbəkəsində qrup yaradıb. Adını "Akulalar" qoyduğu qrupa Vazehi və məhəllədə olan bir neçə dostunu da əlavə edib. Onlar görüş üçün vədələşib.

    Görüş yerində ilk olaraq Vazehlə Əlikram söhbət edib. Onlar arasında mübahisə yaranıb. Vazeh idman fəndi ilə Əlikramı yerə yıxıb. Başı asfalta dəyən Əlikram gicgah nahiyəsindən xəsarət alıb və huşunu itirib və dərhal xəstəxanaya çatdırılıb. Əlikram həkim müdaxiləsindən sonra 10 gün də müalicə alıb.

    Vazeh bundan sonra cinayət məsuliyyətinə cəlb edilib.

    Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Vazeh də, zərərçəkmiş Əlikram da ifadə verib.

    Vazeh deyib ki, bu hadisə anidən baş verib. O, Əlikrama xəsarət yetirmək istəmədiyini deyib.

    "Əlikramın Nəriman haqda dediyi söz xoş deyildi. Mənim də Nərimanla münasibətim yaxşı idi. Bir-birimizin evinə gedib-gəlirdik. Onu yaxşı oğlan kimi tanıyırdım. Əlikram dedi ki, Nəriman "peysər"di. Mən də Nərimanla dost olduğumu dedim. Cavab verdi ki, onunla gəzən elə onun kimidir. Bu söz məni özümdən çıxartdı. Əsəbimdən özümü itirdim və onu yıxdım"- deyən Vazeh Əlikramı necə yerə yıxdığını da izah edib.

    O bildirib ki, iki ay imiş ki, güləşlə məşğul olurmuş. O, güləş fəndi ilə Əlikramın belindən tutaraq yerə yıxdığını deyib.

    Vazeh əməlindən peşman olduğunu, hadisə vaxtı da dərhal Əlikrama kömək etdiyini deyib:

    "Uşaqlar su gətirdi. Əlikramın üzünə su vurduq. Onu qucağıma alıb, xalasıgilə apardıq. Oradan da xəstəxanaya".

    Vazeh suallara cavabında davaya səbəb olan "peysər" sözünün mənasını da izah edib. Deyib ki, bu sözün mənası anasını, bacısını tanımayan şəxsə deyirmişlər…

    Məhkəmə bu sözün izahını təəccüblə qarşılayıb. Bildirilib ki, peysər boyun nahiyyəsinin arxa hissəsinə deyilir.

    Daha sonra Əlikram məhkəmədə ifadə verib. O da hadisəni təxminən yuxarıdakı kimi nəql edib. Ardınca ondan "Akulalar" qrupunu yaratmasının səbəbini soruşublar. Əlikram deyib ki, bunu zarafatla edib və sırf görüş üçün yaradıb. Bu isə məhkəməyə inandırıcı gəlməyib.

    Hazırda şikayətinin olub-olmaması barədə suala isə Əlikram belə cavab verib: "Şikayətim var. Əvvəlcə kömək elədilər. Sonra isə kömək etmədilər. Mən ölümdən qayıtmışam".

    Əlikramın bu dediklərini məhkəmə zalında olan anası da təsdiqləyib və narazılığını bildirib.

    Məhkəmə araşdırması davam etdirilir. Növbəti prosesdə şahidlər ifadə verəcək.