Gəlinlərin ər evində hüquqlarının müdafiəsi ciddi problemə çevrilib

    21

    Ekspertlər bu sahədə mövcud olan problemi əksər qadınların öz hüquqlarını bilməməsi ilə əlaqələndirirlər

    Son zamanlar ölkə ictimaiyyətinin gündəmində olan aktual movzular arasında gəlin köçdükləri evlərdə əksər qadınların hüquqlarının kobud şəkildə pozulması və bu səbəbdən onların sosial-psixoloji vəziyyətlərinin həddən artıq gərginləşməsi kimi məsələlər də var.

    Hüqüqşünaslar, mütəxəssislər və ekspertlər bildirirlər ki, boşanmaların əsas səbəbləri arasında məhz sözügedən hüquq pozuntusu və gərginlik də əsas rol oynayır. Onlar deyirlər ki, 2017-ci ildə 62 min 923 nikah və 14 min 514 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Boşanmaların səbəblərinin araşdırılması zamanı müəyyənləşdirilib ki, əksər gəlinlər öz hüquqlarından tamamilə xəbərsizdirlər. Bu məlumatsızlıq üzündən gəlinlərin hüquqları ər evində tez-tez və kobud şəkildə pozulur, qadınlar öz hüquqlarını müdafiə edə bilmirlər. Son nəticədə əsəb-sinir sistemləri pozulan qadınlarda sosial-psixoloji gərginlik artır və onlar çıxış yolunu boşanmaqda görürlər.

    “Tə­miz Dün­ya” Qadınlara Yardım İc­ti­mai Bir­li­yi­nin səd­ri Meh­ri­ban Zeyna­lo­va bil­dirir ki, qız­la­rın er­kən ni­ka­hı il­lər­dir ak­tu­al ola­raq qa­lır. Am­ma mə­sə­lə yal­nız ni­kah­la bit­mir, bu prob­lem özü ilə xəs­tə, əlil uşaq­lar, uşaq və ana ölüm­lə­ri, mə­i­şət zo­ra­kı­lı­ğı və sair ki­mi ye­ni­lə­ri­ni gə­ti­rir.

    Onun dediyinə görə, bu qa­dın­lar yal­nız son mər­hə­lə­də, zo­ra­kı­lı­ğa mə­ruz qa­lıb uşaq­la­rı ilə kü­çə­də qa­lan­da, ya­xud da sə­nəd­ləş­mə mə­sə­lə­si­nə gö­rə mərkəz­lə­rə mü­ra­ci­ət edir­lər: “Ərə ve­ri­lən qız­la­rın hü­quq­la­rın­dan xə­bər­siz ol­ma­sı da on­la­rı qur­ba­na çe­vi­rir. Av­ro­pa­da uşaq­la­ra hü­quq­la­rı ki­çik yaş­lardan aşı­la­nır. Hət­ta va­li­deyn tə­rə­fin­dən hü­qu­qu po­zul­du­ğu hal­da han­sı ad­dı­mı ata­ca­ğı­nı bi­lir. Biz­də isə uşaq­lar bu ba­rə­də mə­lu­mat­sız­dırlar. Ona gö­rə də si­tu­a­si­ya­lar dü­zəl­mir. Bun­dan baş­qa, va­li­deynlər də uşaq­la­rın sa­hi­bi ol­ma­sı dü­şün­cə­sin­dən azad ol­ma­lı­dır. Uşaq­la­rı ilə dav­ra­nı­şı­na döv­lət tə­rə­fin­dən mü­da­xi­lə­yə yol ver­mir­lər. Qa­nun­la uşaq­la­rı­nı zor­la ərə ve­rən va­li­deynlər va­li­deynlik hü­qu­qun­dan məh­rum edil­mə­li­dir”.

    İctimai Birliyin sədri təəssüflə qeyd edir ki, ər evində gəlinlərin sosial-psixoloji vəziyyətinin gərginləşməsi daha çox iqtisadi amillərlə əsaslandırılır: “Amma qanunun aliliyi məsələsi həyatımızda mövcuddur. Bəs biz qanunları işlədirikmi, ona tabe oluruqmu? Qadınların qanunları öyrənməsi, onu tətbiq etməsi ənənəsi o qədər də mövcud deyil. Streotiplər, mental düşüncələr bizim həyatımızda daha çox rol oynayır. Biz iki əks qütblə üz-üzə qalmışıq. Hər iki cins bu problemlərdən əziyyət çəkir. Biz obyektiv yanaşıb problemin nədə olduğunu görməliyik”.

    Tanınmış hüquqşünas və vəkil Rövşən Qasımov isə bildirir ki, son vaxtlar ölkədə boşanma hallarının artması paralel olaraq mülki mübahisələrin çoxalması ilə nəticələnib. Belə mübahisələrdən biri də ərlə arvad arasında mənzilin bölüşdürülməsi, yaxud yaşayış hüququnun tanınması ilə bağlıdır ki, vətəndaşlar məhkəmələr tərəfindən bu barədə çıxarılan qərarlardan heç də birmənalı şəkildə razı qalmırlar. Xüsusilə də yaşayış hüququnun tanınması barədə qərar bir çox halllarda tərəflərin mübahisə predmeti olaraq qalır: “Bəzi hallarda isə yaşayış hüququnun tanınması ilə bağlı çıxarılan məhkəmə qərarlarının icrası əlavə problemlərin yaranması ilə müşahidə olunur. Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddəaları ilə tənzimlənir. Belə ki, “Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, gəlinin yaşayış hüququ ilə bağlı münasibətlər 2003-cü il tarixdə, yəni 2001-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsi ilə tənzimlənməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi, yəni mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Göründüyü kimi, gəlinin ərin, yaxud onun ailə üzvlərinin mülkiyyətində olan evə dair istifadə hüququnun yaranması üçün yuxarıda göstərilən şərtlərin olması tələb edilir. Əgər həmin şərtlər və ya onlardan hər hansı biri mövcud deyilsə, onda belə bir hüququn yaranmasından danışmaq olmaz”.
    Hüqüqşünas vurğulayır ki, bir çox hallarda mülkiyyətçiyə məxsus mənzilə onun ailə üzvlərindən başqa, digər şəxslər də, məsələn, gəlinlər də köçür. İllər sonra ailə-nikah münasibətləri pozulanda tərəflər arasında mübahisələr yaranır. Bir qayda olaraq, boşanma zamanı gəlin özünün və uşaqlarının mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini irəli sürür: “Bəs hansı hallarda həmin şəxslərin mənzildən istifadə hüququ var? Onların bu hüququna xitam verildiyi halda kompensasiya ödənilməlidirmi? Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsinin 3 mərhələsini fərqləndirmək lazımdır. Birincisi, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilədək, yəni hazırki Mülki Məcəllə qüvvəyə minənədək yaranıbsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılır. 53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddənin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Gəlin qayınatasının evinə (ev xüsusi mülkiyyətində və ya order əsasında icarəsində ola bilər) 1999-cu ildə köçübsə, onda onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququna malikdir. Əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ildən, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranıbsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır”.
    Rövşən Qasımov qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış sahəsindən istifadə hüququnun yaranmasının müqavilə əsasını müəyyənləşdirir. Belə ki, həmin maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir: “Lakin Mülki Məcəllənin 228.5-ci maddəsi isə yaşayış sahəsindən istifadə hüququnun qanun əsasını nəzərdə tutur. Belə ki, həmin maddəyə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, mənzilin mülkiyyətçisinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəlir və bunun üçün mənzilin mülkiyyətçisi ilə ailə üzvləri arasında müqavilənin bağlanması tələb edilmir. Digər şəxslərin (məsələn, qayınatanın evinə gəlin köçmüş gəlinin) istifadə hüququndan danışa bilmək üçün onunla mülkiyyətçi arasında notaiat qaydasında təsdiqlənən müqavilə bağlanmalı və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmalıdır. Üçüncü mərhələ isə yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi Mülki Məcəllədən fərqli qaydanı müəyyənləşdirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar və mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların istifadə hüququ qanundan, yəni qeyd olunan maddədən irəli gəlir”.

    Mətanət İmamquliyeva

    Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.