GEDİŞ-GƏLİŞ

198

(“Mənəvi söhbətlər”  silsiləsindən)

 

Mənim üçün hər hansı bir söz – məsələn, “gediş-gəliş” – maraqlı bir yazı üçün mövzu ola bilir. Lap elə  “söz”  sözünə də mən xüsusi bir yazı həsr edə bilərəm. O qalsın gələn söhbətlərimizə.

 Gediş-gəliş, yəni iki tərəfin bir-birləriylə hardasa və ya hansı tərəfinsə evində görüşmək tez-tez təşrif gətirməkdir. Qonaq yox ha… Qonaq ayda-ildə bir olur. Mən dediyim gediş-gəliş isə daimi, başqa sözlə desək, dostluq deməkdir. Bu o zaman olur ki həmin şəxslər maddi cəhətdən təmin olunmuş olsunlar. Ya da eləcə orta səviyyədə. Əsas məsələ odur ki ruhi-mənəvi cəhətdən yaxın olsunlar və ya biri digərinin müdrikliyinə, həyat təcrübəsinə və biliyinə vurğun olsun. Eyni zamanda həmin tərəf nəzakətli, xoşagələn – bir sözlə, müdrik və arif adam olsun.  Hər iki tərəfin yoxsulluğu gediş-gəliş yaxınlığına imkan vermir.

 Lakin necə deyərlər, insan çiy süd əmib. Əgər həmin adam mənən yüksək səviyyəli olmazsa, gediş-gəliş də kəsilər. Əlbəttə əgər ev yiyəsi axmaq deyilsə.

Ümumiyyətlə dostluq sevgidən sonra ən böyük, ən uca bir hissdir. Və yalnız insanlara xas olan bir xüsusiyyətdir. Tarixi də ola bilsin ki, milyon illərin dərinliklərinə getmir. Çünki milyon il qabaqkı insanlar ətraflarındakı yırtıcılardan o qədər də fərqlənməyiblər.

 Təkrar edirik, bu gediş-gəlişi zəruri edən dostluqdursa, deməli hətta bu gün də az təsadüf ediləndir. Çünki bu gün insanlar əsasən özlərinə, öz ailələrinə qapanırlar. Əgər hansı bir işbirliyi, qazanc birliyi yoxdursa, gediş-gəliş təsadüfi ola bilər. Lakin bu gediş-gəlişdə də, bu mənəvi yaxınlıqda da hansısa bir ölçü və hədd olmalıdır. Hər gün və ya hər iki üç gündən bir dostun qapısını döyüb içəri girmək həyasızlıq sayılar. Əgər sənin gəlişin ev sahibi və ailəsi üçün kiçik bir bayramdırsa, onun hər gəlişinə sevinəcəklər. Çünki yüksək ağıldan doğan mənəvi saflıq bilirsizmi nəyə oxşayar? O indicə koldan qoparılan qızılgülə, – əlbəttə zahirən yox, öz ətri ilə, – oxşayar.

 Dünyada heç də bütün ağıllı, müdrik, min cür hadisələrin şahidi olan insanlar qələm sahibləri və ya yazıçı olmurlar. İndi bizdə olduğu kimi yazıçı və şairlərin çoxu əksinə, içiboşluqdan, dayazlıqdan bu sənətə gəlirlər. Sadəcə cümlə yazmaq və ya qafiyə tapmaq onların əsas silahları olur. Belələrinin iddialı olması və ya atalarının peşəsini davam etdirmək azarı da şair və yazıçılıqla nəticələnir. Əksər müdriklər ya anadangəlmə, ya da müdrikliklə əldə etdikləri bu xəzinəni çox vaxt vərəqlərə, kitablara köçürmədən ona-buna paylayır, ya da özləri ilə aparırlar.

 Xoşbəxt o kəslərdir ki, dostu və sirdaşı olurlar. Axı həyatda bundan başqa, bundan böyük qazanc yoxdur. Təkrar edirik, bəs bu gün niyə bu cür gediş-gəlişlərə az rast gəlmək olur. Bu cür dostlar mərhum Bəxtiyar Vahabzadə demişkən:

 

  Tapar bir-birini harada olsa,

  Zövqü, xasiyyəti eyni adamlar.

 

 İndi bu cür dostluq nümunləri həm də ona görə azdır ki, belələri bir-birlərindən uzaqda yaşayırlar. Biri şəhərin bir başında, digəri də o biri başında. Adətən belələrinin maşını da olmur. Hətta maşın olsa da “probka”lar buna imkan vermir.

 

                                                                                            Əlisa  NİCAT