GƏNCƏDƏ ÖLƏNLƏRİN SAYI 13 NƏFƏRƏ ÇATDI / 40-dan çox mülki vətəndaş xəsarət alıb / YENİLƏNİB

11

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Məlumata görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.
***

“Əlavə məlumat: 10-dan çox mülki şəxs öldürüldü və təxminən 40 nəfər yaralandı”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı özünün “Twitter”dəki hesabında yazıb.

“Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır” – deyə o bildirib.

***

“Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Yaralıların sayı 35 nəfərdir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“Dağıntılar altında qalmış dinc sakinlərin fövqəladə xidmətlərin əməkdaşları tərəfindən xilas olunması davam edir”, – deyə o bildirib.