Gəncədə iş qabiliyyətini itirən vətəndaşa pensiya verilmir

645

Əntiqə Pənahova: “Xəstə olmayanlar, sağlam adamlar pensiya alır, mənim kimi psixi nevroloji xəstə insanlar isə taleyin ümidinə buraxılır”

“Bütün sənədlərin qaydasında olduğu halda Tərlan xanım məni çox get-gələ saldı”

“Sərt karantin vaxtı bizə 190 manatlıq yardım vermədilər, dedilər ki, maşınınız var. Halbuki, biz maşını çoxdan satmışıq”

Bugünlərdə redaksiyamıza müraciət edən Gəncə qeydiyyatında olan, lakin Şəmkir rayonunda yaşayan 57 yaşlı Əntiqə Nuru qızı Pənahova Gəncə Rayonlararası Psixonevroloji Dispanserinin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən şikayətlənib.

Belə ki, 2012-ci ildə ağır xəstəlik keçirdiyini deyən şikayətçi Gəncədə yerləşən 2 saylı şəhər xəstəxanasında müalicə aldığını bildirdi: “Həmin vaxt mən xəstəxanada Vaqif həkimin şöbəsində – nevrologiya şöbəsində yatdım. Vəziyyətim çox ağır idi. Bir müddətdən sonra evə buraxdılar. Ondan sonra həyat yoldaşım müalicə üçün məni əlil arabasıyla İrana apardı. Lakinin bunun da bir xeyi olmadı”. 2015-ci ildən Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyata düşdüyünü deyən Əntiqə Pənahovanın sözlərinə görə, 05.04.2017-ci il tarixdə isə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının nevrologiya şöbəsinə daxil olub: “27.05.2017-ci il tarixdə isə şəxsiyyət dəyişkənliyi diaqnozu ilə xəstəxanadan çıxdım. Onu da deyim ki, həmin ərəfədə aşbaz köməkçisi işləyirdim. Lakin iş qabiliyyətimi itirdiyimə görə, işdən çıxdım, məni Gəncə şəhər Psixonevroloji Dispanserə göndərdilər. Vəziyyətim çox pis idi, ümid yox idi. Təxminən, 4 ay evdə qaldım, heç nə yemədim, içmədim, bir zülmlə yenidən həyata qayıtdım. Bildirim ki, ailəmizin dolanışığı, gəlir yeri olmadığı üçün xəstəliyimə görə, pensiya almaq məqsədiylə aidiyyatı qurumlara müraciət etmək qərarına gəldim. Beləliklə, sənədlərimi hazırlayıb Gəncə şəhər Psixonevroloji Dispanserinə təqdim etdim və 13.06.2018-ci il tarixdə orda yatdım, 15.10.2018-ci il tarixdə çıxdım. Sonra 09.01.2019-cu il tarixdə yenidən dispanserdə yatdım, 11.02.2019-cu il tarixdə çıxdım. Lakin buna baxmayaraq, yəni bütün sənədlərin qaydasında olduğu halda Tərlan xanım (söhbət Gəncə Rayonlararası Psixonevroloji Dispanserinin baş həkimi Tərlan Hüseynovadan gedir-red.) məni çox get-gələ saldı. Bundan sonra 28.12.2019-cu il tarixdə məcbur olub ölkə başçısına, birinci vitse-prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub yazdım. Nazirlikdən xəbər gəldi ki, gərək məlumatları kompyuter vasitəsiylə sistemə daxil edəsiniz. Beləcə, 15.03.2020-ci il tarixdə məlumatlar sistemə vurulsa da, müraciətim qəbul edilmədi, ekspert komissiyasının “otkaz”ı gəldi. Daha sonra dedilər ki, yenidən xəstəxanadan müayinədən keçməlisən. Axı, neçə dəfə xəstəxanaya getmək olar?! Ağır xəstəyəm, iş qabiliyyətim yoxdur, həyat yoldaşım ağır şəkər xəstəsidir. Sərt karantin vaxtı bizə 190 manatlıq yardım vermədilər, dedilər ki, maşınınız var. Halbuki, biz maşını çoxdan satmışıq”.

Həyat şəraitinin olduqca ağır olduğunu bildirən şikayətçi qohumlarının yardımları ilə dolandıqlarını dedi: “Xəstə olduğum və buna görə də qanunda nəzərdə tutulmuş qaydada pensiya almalı olduğum halda, məni get-gələ salır, Gəncə Rayonlararası Psixonevroloji Dispanserində məni incidirlər. Sənədlərimin arasında bir dənə də olsun saxta sənəd yoxdur. Belə olan halda mənə nədən pensiya verilmir?! Xəstə olmayanlar, sağlam adamlar pensiya alır, mənim kimi psixi nevroloji xəstə insanlar isə taleyin ümidinə buraxılır. Axı, belə ədalətsizlik olmaz. Buradan sizin vasitənizlə yenidən ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, pensiya almağım üçün yardımçı olmalarını, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstəriş vermələrini xahiş edirəm”.

“Hürriyyət”

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.