Gəncə teatrı yenidən onlayn tamaşaların nümayişinə başlayır

432

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 2020-ci ilin dekabr ayından etibarən yenidən onlayn olaraq virtual tamaşalarla teatrsevərlərin görüşünə gələcək. Bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə virtual tamaşalar 2020-ci ilin dekabr ayının 5-dən etibarən saat 19:00-da teatrın Facebook sosial şəbəkəsi vasitəsilə nümayiş olunacaq. İlk virtual tamaşa 5 dekabr tarixində Mirzə Fətəli Axundzadənin “Müsyö Jördan və Dərviş Məstəli şah”  bir  hissəli  məzhəkəsi  ilə  başlayacaq.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rəssamı Rəşid Şərif, musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, yaradıcı kollektiv körpə övladlarımızı da unutmayaraq repertuar planına fidanlarımız üçün də tamaşalar daxil ediblər. “Belə ki, dekabr ayının 28, 29 və 30 tarixlərində saat 12:00-da uşaqlar üçün hazırlanan tamaşalara da baxmaq mümkün olacaq. Körpə fidanlarımız 28 dekabr tarixində Abdulla Şaiqin “Tıq-tıq xanım”, 29 dekabr tarixində Ş. Perronun “Çəkməli pişik” və 30 dekabr tarixində isə Elşad Əhmədovun səhnələşdirdiyi və quruluş verdiyi “Maşa və dostları” pyeslərinin tamaşalarını izləyə biləcəklər” – deyə Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev  bildirib.