“Gələn ildən etibarən Azərbaycanla Avropa arasında yeni iqtisadi mərhələ başlayır”

129

Məhəmməd Əsədullazadə: “Yaxın perspektivdə bu sahədə siyasət inkişaf etdikcə regionda Rusiya-Ermənistan tandemi zəifləyəcək”

“Azərbaycanın iştirakçısı və müəllifi olduğu “Cənub Qaz Dəhlizi”, həmçinin onun seqmentləri TANAP və TAP layihələri Qərblə Azərbaycan arasında sıx siyasi və iqtisadi körpüdür”. “Hürriyyət” xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın “Şahdəniz-2” kondensat qaz yatağından hasil edilən qaz bu kəmər vasitəsilə Avropanın enerji diversifikasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə siyasi dəstəyin verilməsi, xüsusilə regionda dəyişən siyasi-hərbi nizamın ölkəmizin leyhinə dəyişməsinə gətirə bilər. Politoloq onu da qeyd edib ki, bu kəmər vasitəsilə ildə 10 mlr.kub metrdən artıq qazın ötürülməsi nəzərdə tutulur və bunun həcminin 20 mlr.kuba qaldırılması proqnozlaşdırılır: “Bununla da Azərbaycan Avropanın enerjidən asıllığının azalmasına səbəb olacaq. Əgər Azərbaycan Avropa üçün bütün təzyiqləri gözə alıb buna gedirsə, Avropa da Qarabag məsələsində öz töhfəsini konkret olaraq verməlidir. Rəsmi Bakı bu istiqamətdə Avropa dövlətlərindən Ermənistana qarşı təzyiqlərin edilməsinə çalışmalıdır. Artıq TAP-da işlər yekunlaşıb və test üçün kəmərin dəniz aktından keçən hissəsinə qaz vurulub. Bu, o deməkdir ki, növbəti ildən Avropanın Cənubuna qazın verilməsi reallaşacaq. Bununla yanaşı risklər də ortaya çıxır. Bura Yunanıstan ilə Türkiyə arasında davam edən konfliktin TAP Yunanıstandan keçən hissəsində problemlərin ortaya çıxmasına və nəticədə qazın verilməsində fasilə ola bilər. Amma Avropa İttifaqının fəal müdaxiləsi nəticəsində bu problemlərin qarşısınin alınması mümkündür. Çünki TAP məhz Avropa üçün nəzərdə tutulur”.

“Enerji layihələri təkcə iqtisadi qazanc olmaqla yanaşı, əsas geosiyasi layihə olaraq Azərbaycanın regional gücünü artırılmasına xidmət edəcək”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, gələn ildən etibarən Azərbaycanla Avropa arasında yeni iqtisadi mərhələ başlayır: “Rusiyanın Avropada qaz bazarına alternativ olan bu layihyəyə qarşı müəyyən təhdidləri qaçılmazdı. Məhz Ermənistanın Tovuz təxribatlarında əsas məqsəd TAP layihəsinə zərbə endirmək idi. Bunun da arxasında Rusiyanin olması təəccüblü deyildi. Ona görə də bu kəmərilərin Tovuz istiqamətində mühafizəsinə Türkiyə-NATO hərbçiləri cəlb edilməlidir. Belə olan təqdirdə Ermənistan kəmərlərə qarşı mümkün təxribatlardan çəkinər. Göründüyü kimi, Azərbaycan Cənubi Qafqaz, eləcə də Avropada geosiyasi və geoiqtisadi nizamın stabilləşməsinə töhfə verir. Artıq Asiya və Avropanı birləşdirən əsas qaz arterial damarı olan “Cənub Qaz Dəhlizi” və onun seqmentləri olan TANAP-TAP təkcə iqtisadi deyil, siyasi bir layihə olaraq Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər geopolitik qarşıdurmada Avropa öz nüfuzunu bu coğrafiyada genişləndirir. Yaxın illərdə Azərbaycan Avropa üçün daha da tərəfdaş ölkə olaraq strateji maraqlarının reallaşmasına töhfə verəcək. Bu da Azərbaycanın təhlükəsizliyinə və Qarabağ məsələsində ölkəmizə tam dəstəyin verilməsi ilə nəticələnə bilər. Enerji layihələri təkcə iqtisadi qazanc olmaqla yanaşı, əsas geosiyasi layihə olaraq Azərbaycanın regional gücünü artırılmasına xidmət edəcək. ABŞ-da bu məsələdə Azərbaycana dəstək verəcək. Yaxın perspektivdə bu sahədə siyasət inkişaf etdikcə Rusiya-Ermənistan tandemi regionda zəifləyəcək. Nəticədə Ermənistan Qərb üçün regionda onun maraqlarina təhdid kimi qəbul ediləcək”.

Vazeh BƏHRAMOĞLU