“Gələn il büdcə xərcləri ciddi artmalıdır” – NATİQ CƏFƏRLİ

312

“Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir”

“Yuvarlaq rəqəmlərlə götürsək, bu il Neft Fondunun gəlirləri 7,8 mlrd. manat, xərcləri isə 12,5 mlrd. manat olacaq – 4,7 mlrd. manat kəsr yaranacaq, ciddi rəqəmdir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

2021-ci ilin büdcəsinin hələ parlamentə təqdim edilmədiyini vurğulayan Natiq Cəfərli bunun səbəbinin məlum olduğunu bildirib: “Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi. Deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Deməli, gələn il büdcə xərcləri ciddi artmalıdır. Bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur. Bu il iqtisadiyyat 4-4,5% daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq, insanların alıcılıq qabiliyyəti düşüb deyə gömrükdən də daxil olmalar azalır-azalacaq. İqtisadiyyatın “ağardılması” hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi – nə qədər mümkün idisə o qədər “ağartdılar”, deməli daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-də mümkün deyil”.

Onun sözlərinə görə, əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir: “Yəni, Fondan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə Fond, ən yaxşı halda 8 mlrd. manat qazanacaq, deməli Fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq bu dayanaqlı model olmayacaq. Yüngül devalvasiyaya gedib (15-20%) Fondun dollar ehtiyatlarlna bir az qənaət etmək lazımdır, paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır – başqa yol, şəxsən mən, görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik. Bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org