FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib? – Gizli səfər mediaya sızdırıldı

87

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksadr Bortnikov Belarusa gedib.

Ovqat.com xəbər verir ki, Rusiyanın baş çekistinin bu səfəri rəsmən bəyan edilməsə də, media qurumlarına sızdırılan bəzi məlumatlar belə düşünməyə əsas verir.

FlightRadar (“Uçuş radarı”) xidmətinin məlumatına görə, dünən səhər saatlarında Minsk hava limanına 64523 bort nömrəli  RA-214  markalı təyyarə enib. RBC-nin məlumatına görə, bu layner FSB aviasiyasına aiddir və qurumun direktoru Aleksandr Bortnikovun səfərləri üçün istifadə olunur.

Maraqlıdır ki, bundan əvvəl xüsusi rabitə sistemilə təchiz edilmiş Rusiya Hava — Kosmik Qüvvələrinə aid 2 TU-134 PKS təyyarəsinin də Rusiyadan Belarusa uçduğu xəbər verilirdi. Onlardan ən azı biri SSRİ Ali partiya rəhbərliyinin, daha sonra isə Rusiya Müdafiə Nazirliyinin rəhbər heyətinin daşınması üçün istifadə olunurdu.

Bu məlumatlar sosial şəbəkələrdə Aleksandr Lukaşenkonun ölkədən qaçışı və ya Vladimir Putinlə görüşmək üçün Moskvaya yola salınması barədə şayiələrin dolaşmasına yol açsa da, Belarus lideri bunu təkzib etmişdi.

FSB-yə və Rusiya Müdafiə Nazirliyinə aid 3 təyyarənin eyni gündə Minskə getməsi daha fərqli səbəblərdən də qaynaqlana bilər. Belə ki, dünən Rusiya prezidenti Vladimir Putin Avropa liderləriylə telefon danışıqları aparmış və Belarusa mümkün xarici müdaxilələrə dözməyəcəyini bildirmişdi. Mümkündür ki, Kreml həqiqətən də bu təhlükəni real hesab etdiyindən öz hərbi və təhlükəsizlik orqanlarının rəhbərlərini “ön cəbhə”yə göndərməyə qərar verib. Sözügedən uçuşların məlum telefon danışıqlarından əvvəl baş tutması da bu ehtimalı gücləndirir.