“Fransaya bacardığımız qədər qol vurmağa çalışacağıq”

66

Milan Obradoviç: “Pandemiya futbolçulara ciddi təsir göstərib”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin serbiyalı baş məşqçisi Milan Obradoviçin “report”a müsahibəsini oxucularımıza təqdim edirik.

– Koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra yığmanı nə zaman bir araya gətirməyi planlaşdırırsınız?

– U-21 hələlik təlim-məşq toplanışı keçmir. Bilirsiniz ki, avrokubok oyunları başlayıb. Bu səbəbdən klublarında çıxış edən yığma üzvlərini toplanışa çağıra bilmirik. Eyni zamanda, bu həftə Azərbaycan Premyer Liqası start götürəcək. Növbəti həftə 4 klubumuzun Çempionlar Liqası və Avropa Liqasında oyunları var. İndiki vəziyyətdə yığmanı bir araya gətirmək çətindir.

– Yəqin ki, futbolçularınızın klublarındakı çıxışlarını, məşqlərini izləyirsiniz. Sizcə, pandemiya onların performansına necə təsir edib?

– Açığı, indi nə isə demək çox çətindir. Bunun üçün Premyer Liqanın startını və digər 3 klubun avrokuboklarda mübarizəyə başlamasını gözləmək lazımdır. Ondan sonra futbolçuların hazırkı durumu barədə dəqiq fikir bildirmək olar. Beynəlxalq oyunlarda da gördünüz ki, müxtəlif ölkələrin komandaları müəyyən problemlərlə üzləşdi. Bu da onu deməyə əsas verir ki, pandemiyaya görə yaranan fasilə futbolçulara ciddi təsir göstərib. Mart ayından bu yana nə məşqlərimiz, də oyunlarımız olub. Karantin rejiminə görə evdə olmuşuq. Bu, psixoloji baxımdan da futbolçulara mənfi təsir göstərib. Çünki onlar aktiv həyat tərzi keçirirlər: ya məşq edirlər, ya oyuna çıxırlar, yaxud da gəzirlər. İndi isə bunu edə bilmirlər. Virus təkcə futbolu deyil, digər idman növlərini də iflic edib. Ona görə də bizə bir qədər vaxt lazım olacaq.

– U-21 6 aylıq fasilədən sonra ilk oyununu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da Fransa seçməsinə qarşı keçirəcək. Bu rəqiblə qrupdakı ilk oyunda yığma 0:5 hesabı ilə uduzmuşdu. Qarşıdakı görüş barədə nə düşünürsünüz?

– Fransa ilə oyun bizim üçün spesifik olacaq. Çünki onadək futbolçularımız cəmi 1 və ya 2 oyun keçirəcəklər. Rəqibin heyətində isə təqribən 10-a yaxın futbolçu müxtəlif komandaların tərkibində UEFA Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələlərində çıxış edir. Bizim üçün olduqca faydalı və maraqlı oyun olacaq. Revanş barədə düşünmürük. Öz oyunumuzu oynamağa, yeni nələrsə öyrənməyə, bacardığımız qədər qol vurmağa çalışacağıq. Çünki evdə oynayacağıq. Mübarizədən, hücum etməkdən çəkinməyəcəyik. Düşünürəm ki, bu, inkişafın yeganə yoludur.

– Həmyerliniz Uroş Matiçin “Qarabağ”a keçidini necə qiymətləndirirsiniz? Sizcə, yeni komandasına kömək edə biləcək?

– Məncə, Matiç bunun üçün bütün lazımı keyfiyyətlərə sahibdir. Onun həm daxili yarışlarda, həm də avrokuboklarda “Qarabağ”a kömək edəcəyinə əminəm. Uroşu Serbiyadan tanıyıram. Həm psixoloji, həm fiziki, həm də mental olaraq tam hazırdır. Əla formadadır.

– “Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazandı. Digər 3 klub isə növbəti həftə Avropa Liqasında mübarizəyə başlayacaq. “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın şanslarını necə dəyərləndirirsiniz?

– Şansları faizlə qiymətləndirmək çətindir. Sadəcə, təcrübəmə əsasən hansısa fikir səsləndirə bilərəm. Çünki hazırda pandemiya dövrüdür. Klubların hansı vəziyyətdə olduğunu bilmirik. Digər vacib məsələ təsnifat mərhələlərinin 1 oyundan ibarət olmasıdır. Bu cür matçlarda hər şey ola bilər. Həddindən artıq güclü komandalar uduza bilər. Biz bunu “Barselona” və “Mançester Siti”nin timsalında gördük. Digər klubların hazırlıq səviyyəsini bilmirik. Amma onu deyim ki, klublarımızın növbəti mərhələ üçün böyük şansı var. Çünki hər biri evdə oynayır. Bu, avrokuboklarda mübarizəni davam etdirmək baxımından önəmlidir. Oyunların hansı nəticə ilə bitəcəyini birlikdə görəcəyik. Azərbaycan klublarına uğurlar, yaxşı oyun, çoxlu qol arzu edirəm.