Fransanın başlatdığı anti-İslam hərəkatı sivilizasiyaların toqquşmasına gətirə bilər – təhlükə

42

Qabil Hüseynli: “Bu qəddar ölkənin ideya cəbhəxanasında bir-birindən murdar, çirkli tezislər var…”

Fransada hakimiyyətlə islam cəmiyyəti arasında qarşıdurma Nitsa və Avinyonda baş verən qanlı hadisələrlə davam edib. Fransanın Avinyon şəhərində naməlum şəxs polislərə bıçaqla hücum edib. Asayiş keşikçiləri atəş açıblar, nəticədə həmin şəxs aldığı güllə yaralarından dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma başlayıb.

Xatırladaq ki, elə dünən Nis şəhərində Notre-Dam kilsəsinin qarşısında naməlum şəxs bıçaqla ətrafdakılara hücum edərək üç nəfəri öldürmüş və bir neçəsini də yaralamış, sonra da polis tərəfindən atəşlə yaralanaraq saxlanılmışdı. Fransa Müsəlman İmanı Şurası bu hadisəni pisləyərək ölkə müsəlmanlarını mövlud mərasimlərini təxirə salmağa çağırıb.

Hazırda Fransada Xüsusi Terror Əleyhinə Prokurorluq araşdırma aparır. Öncədən də zaman-zaman dini qarşıdurmaların yaşandığı Fransada indi baş verən hadisələrin fitili oktyabrın 16-da dərs zamanı Məhəmməd peyğəmbərin (s) karikaturalarını göstərən müəllim Samuel Patini çeçen miqrantların ailəsindən olan bir şəxsin paytaxtın düz ortasında qətlə yetirməsi ilə alovlandırıldı. Onu da qeyd edək ki, oktyabrın 28-də “Charlie Ebdo” jurnalı izləyicilərinə yeni karikaturanı da təqdim edib. Həmin karikaturada Türkiyə prezidenti Ərdoğan bir qadınla yarı çılpaq vəziyyətdə əlində alkoqollu içki ilə təsvir olunub.

Makron əsl antiislamçı olduğunu ifşa etdi

Makron isə hadisəyə münasibətində bildirib ki, Fransa karikatura çəkmək hüququndan imtina etməyəcək, o cümlədən də peyğəmbərlə bağlı. İddia edib ki, fransız müəllim uşaqlara söz azadlığı öyrətdiyi üçün qətlə yetirilib. Və qətli mövhümatçılıq və zorakılıq saydığını bildirib.

Baş verənlərin ardından hadisə daha böyük əks-sədaya səbəb olub. Fransanın müxtəlif şəhərlərində minlərlə insan qətlə yetirilmiş müəllimin anım aksiyasına çıxıb. Bəzi şəhərlərdə müəllimin dərsdə nümayiş etdirdiyi karikaturalar projektor vasitəsilə hökumət binalarında canlandırılıb. Nəticədə bütün dünyanın islam liderləri Fransaya boykot elan edib, prezident Makronu terroru dəstəkləməkdə və dinlərarası nifaqı qızışdırmaqda günahlandırıblar. Makrona qarşı etirazlar Türkiyə, Suriya, Liviya, Pakistan, İraq, Banqladeş, Somali, Hindistan və Qəzza zolağında təşkil edilib. Ən böyük mitinq Banqladeşdə keçirilib. Aksiyada 40 min nəfərdən çox insan iştirak edib və onlar Makronun müqəvvasını yandırıblar. Bununla yanaşı, İslam dünyasında Fransa istehsalı olan məhsullar boykot edilməyə başlanıb. Türkiyə, Küveyt, İordaniya, Banqladeş, Qətər, Sudanda Fransa məhsulları mağazalardan yığışdırılıb. Boykota Azərbaycan vətəndaşları da dəstək verir. Türkiyə prezidenti Ərdoğan şəxsən öz xalqını Fransa məhsullarını almamağa çağırıb. Etiraz aksiyaları müsəlmanların kütləvi yaşadığı Rusiyanı da bürüyüb. Bir qrup müsəlman Rusiyanın Moskva şəhərində, Fransa səfirliyinin qarşısında “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının nəşrinə görə mitinq keçirib. Aksiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırılıb. Tezliklə etirazçıların əksəriyyəti uzaqlaşdırılıb. Qalanlar növbə ilə peyğəmbərin xatirəsinin qorunmasını ifadə edən pankart ilə səfirliyin önündə etirazlarına davam edirlər. Nümayişçilərdən saxlanılan olmayıb.

Qeyd edək ki, Fransa bu məsələdə daha çox Türkiyənin üzərinə getməklə prosesi siyasiləşdirməyə çalışır.

Qabil Hüseynli: “Gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə  məcbur qalacaqdır ”

Qabil Hüseynli

“Yeni Müsavat”a açıqlamasında Fransada baş verənləri təhlil edən politoloq Qabil Hüseynli bildirdi ki, Fransa əhalisinin 40 faizini müsəlmanlar təşkil edir və hazırkı hadisələrin kökündə ölkədə yaşayan müsəlmanları azaltmaq məqsədi durur: “Bunlar vaxtilə Fransanın müstəmləkə halına saldığı Əlcəzair, Mərakeş və Tunisdən gələnlər və digər müsəlman inanclı insanlardır. Makron isə həddən artıq radikal millətçi bir adamdır. Fransa uzun müddətdir ki, ölkədə müsəlmanların sayını azaltmağa çalışır. Bu səbəbdən məscidlərin tikilməsini çətinləşdirir və ya icazə vermir. Bundan başqa, müsəlmanlara işləmək üçün oturum icazəsinin verilməsinə əngəllər yaradırlar. İndi isə müsəlmanlara qarşı sözün həqiqi mənasında total hücuma keçiblər. Ancaq bundan əvvəl İslam dininin problemli din olmasını şüurlara yerləşdirmək istəyirlər. Bunun ardınca İslamı terrorizmlə eyniləşdirməyə çalışırlar. Bütövlükdə islamafobiyanı bütöv bir sistem halında anti-İslam təbliğatına çevirməyə çalışırlar. Fransada bəziləri açıq deyir ki, Fransa fransızlar üçündür, məqsədimiz bu ölkəyə yerləşmiş müsəlmanları ölkədən çıxartmaqdır. Bu dalğada Makron həm də ona qarşı dünya arenasında onun siyasətinə qarşı çıxıb onu ifşa edə biləcək, ona rəqib ola biləcək yeganə şəxsi – Ərdoğanı hədəfə götürüb. Həmçinin Türkiyəni, türk dünyasını hədəfə götürüb. Fransa mətbuatında Turan ordusu deyilən ordu çox hallandırılır. Bu hazırda bir ideya olsa da, onlar bunu gerçəkləşmiş, baş tutmuş bir hal kimi təqdim edirlər. Turançılığın gələcəkdə dünya üçün yeni bir gərginlik mənbəyi olacağından danışırlar. Bunun başında da Ərdoğanın durduğunu qeyd edirlər. Halbuki hələ ortada ideyadan başqa heç nə yoxdur”.

Politoloq bildirdi ki, Fransada ən ciddi problem İslam dəyərlərinə hücumdan ibarətdir: “Bu hücumun başında isə Məhəmməd peyğəmbərin şəxsiyyətinin ələ salınması, karikarutalarla onu nüfuzdan salmağa cəhdlər və bu kimi yaramaz cəhdlər, ksenofobiya tipli ideyalar yaymağa çalışırlar. XVIII əsrdə Böyük Fransa inqilabı ilə dünyaya qardaşlıq, ədalət, bərabərlik ideyalarını bəxş etmiş fransız xalqı XXI əsrdə belə murdar ideyaların əsirinə çevriliblər və bunu tirajlayırlar.

Bu gün Ftansa sözün həqiqi mənasında multikulturalizmə, tolerantlığa, sivilizasiyalararası dialoqa qarşı savaşan qəddar bir ölkəyə bənzəyir. Bu qəddar ölkənin ideya cəbhəxanasında bir-birindən murdar, çirkli tezislər var. Ona görə də, ölkənin özündə hazırda ciddi problemlər yaşanır. Sarıjiletlilər yenidən həyəcan təbili çalıb, ölkədə bəzi iqtisadi haqlarını tələb edirlər. Pandemiyaya görə tətbiq edilən karantin və qadağalara etiraz edirlər. Fransanın özündə də fransızlar iqtidara qarşı çox ciddi hücuma keçiblər. Makron bir prezident kimi həddindən artıq səriştəsiz imiş, dünya siyasətini proqnozlaşdırmağı bacarmır. Sivilizasiyalararası münasibətlərin tənzimlənməsində radikal millətçi, hətta bəzən şovinizm mövqeyində dayanır. Bütün bunlar təkcə Fransanın deyil, həm də bütün Avropa dəyərlərinin universal xarakterini təhlükə altına qoyur. Bu çox perspektivsiz və yaramaz bir siyasi xətdir”.

Q.Hüseynli vurğuladı ki, Fransa söz azadlığı prinsipi belə ikili standartlarla tətbiq olunur: “Fransa dini təhqir edən karikaturalar yayarkən söz azadlığına əsaslanır. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fransız jurnalistin hazırladığı reportaj telekanalın saytından silinir, erməni lobbisinin tələbi ilə söz azadlığı tapdalanır. Çox təəssüf ki, hazırda ikili standartlar təkcə Fransada deyil, Avropanın digər ölkələrində də meydan sulayır. Dağlıq Qarabağda baş verən hadisələri baş-ayaq təsvir etmək və yazmaq Rusiya mətbuatından tutmuş, Avropa mətbuatına qədər geniş yayılıb və eyni janrda, eyni başlıq altında gedir. Bərdəyə atılan ballistik raketləri ermənilər Suriyadan gətirilmiş muzdlu döyüşçülərin atdığını deyirlər. Bu gülməli bir açıqlamadır. Çünki muzdlu döyüşçülərdə ballistik raketlər haradandır və onlar niyə özlərinin yerləşdiyi bölgəni raket hücumuna məruz qoymalıdırlar. Halbuki bizim mövcud sistemlər atılan raketlərin haradan gəldiyinin dəqiq koordinatlarını müəyyənləşdirib. Cəbhə xəttindən xeyli uzaqda olan yaşayış bölgələrinin ermənilər tərəfindən raketlə atəşə tutulması Avropa mətbuatının səhifələrində işıqlandırılmır. Xarici jurnalistlərin hadisəyə şahid olaraq çəkdiklərini, yazdıqlarını da silirlər, cəzalandırırlar. Avropada mərkəzçilər hər şeyin, sivilizasiyanın, bütün mütərəqqi dəyərlərin hamısının Avropadan başladığını iddia edirlər. Ancaq Avropanın bugünkü simasına baxanda yalanlar, riyakarlıq, tərəfkeşlik, ikili standartlar, xristian təəssübkeşliyi görürük. Avropanın üstünlüyü barədə yersiz təkəbbürlər müşahidə edirik. Bunlar insanlığa yaraşmır və müsəlman dünyasına qarşı olan kin-küdurət artıq bütün normaları aşıb. Bu çox biabırçı haldır, sivilizasiyaların toqquşmasına şərait yaradan mənzərədir. İnsan təəssüf edir ki, vaxtilə dünyaya özünü mədəniyyət mərkəzi kimi tanıtmağa çalışan Avropa, ilk növbədə də AB ölkələri içində ən murdarı və millətçisi olan Fransa gəlib bu hala düşüb”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”