“Fransanın Azərbaycana qarşı mövqeyi açıq düşmənçilik xarakteri alıb”

795

Xaqani Cəfərli: “Fransa anti-Azərbaycan mövqeyini dəyişənə kimi Bakı bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsin aşağı salmalıdır”

Məhəmməd Əsədullazadə: “Minsk Qrupu formatı Türkiyəni prosesdən uzaqlaşdırmaq üçün Ermənistan və Fransaya lazımdır”

Bugünlərdə Rusiya prezidenti Vladimir Putinlə onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə APA-da yer alan informasiyaya görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub. Putin Rusiya tərəfindən qan tökülməsini dayandıran və yeni qurbanların olmasına imkan verməyən fəal vasitəçi səylər, eləcə də təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə Makrona məlumat verib.

O da qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatı icra olunur və regionda vəziyyət ümumilikdə sabitdir. Bundan başqa, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə işin koordinasiyasına hazırlıqlarını bildirən liderlər qaçqınların daimi yaşayış yerlərinə qayıtması və əhalinin normal həyat şəraitinin təmin olunması, infrastrukturun bərpa olunması, xristian məbədləri və monastrlarının qorunub saxlanılması da daxil olmaqla, təxirəsalınmaz humanitar məsələlərin vacibliyinə diqqəti yönəldiblər. Putin Dağlıq Qarabağda qurumlararası Humanitar Yardım Mərkəzinin yaradıldığını da vurğulayıb.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ və Fransadan olan diplomatlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər. Zaxarovanın sözlərinə görə, Rusiya tərəfindən görüşü Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov keçirəcək. Fransa prezidenti Emmanuel Makron isə öz növbəsində, Yelisey Sarayında “Aznavur” Fondunun həmtəsisçisi Nikolas Aznavur da daxil olmaqla, ölkənin erməni icmasının nümayəndələrini qəbul edib. Teleqraf.com xəbər verir ki, Fransa prezidenti işğalçı Ermənistana humanitar yardım göndərəcəyinə söz verib.

Noyabrın 13-də isə Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Danışıq əsnasında Fransa prezidenti Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasından məmnuniyyətini vurğulayıb. O, həmçinin erməni xalqına və Ermənistana olan dostluq hisslərini də xatırladıb. Makron Dağlıq Qarabağda bütün tərəflərin mənafelərinə cavab verəcək siyasi həll yolunu tapmaq üçün əlindən gələni etməyə hazır olduğunu da bəyan edib. Aydın məsələdir ki, Fransa prezidentinin əsas məqsədi nəyin bahasına olursa-olsun işğalçı Ermənistanın məğlub olmasına baxmayaraq, maraqlarının təmin olunmasına çalışmaqdır. İkinci Qarabağ savaşı bir daha göstərdi ki, Makron beynəlxalq prinsipləri, demokratik dəyərləri, BMT tərəfindən qəbul olunmuş hüquqi aktları, qətnamələri bir kənara qoyaraq, qərəzli mövqe sərgiləməkdən çəkinmədən işğalçı ölkəni aşkar şəkildə dəstəklədi. Bu isə Azərbaycan-Fransa münasibətlərinə ciddi ziyan vuracaq, əlaqələrin inkişafını əngəlləyəcək.

“Fransa Azərbaycanın strateji müttəfiqi və ATƏT-in Minsk Qrupunun üzvülərindən biri olan Türkiyənin rolunun şübhə altına alımasına və qarşısının kəsilməsinə yönəlmiş diplomatik müzakirələr açmağa başlayıb”

“Hürriyyət”in məlumatına görə, mövzuya məhz bu konteksdən yanaşan politoloq Xaqani Cəfərli hesab edir ki, artıq Fransa ilə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır: “Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycan ordusunun sentyabr ayının 27-də başlatdığı əks-hücum əməliyyatlarının ilk günündən Fransa qeyri-obyektiv mövqe tutub. İşğalçıya qarşı aparılan əməliyyatlarda uğurların sayı artdıqca Fransanın mövqeyi də anti-Azərbaycan xarakteri almağa başladı. Son günlər isə Fransanın Azərbaycana qarşı mövqeyi açıq düşmənçilik xarakteri alıb”. Politoloqun sözlərinə görə, hətta iş o yerə çatıb ki, Fransa Azərbaycanın strateji müttəfiqi və ATƏT-in Minsk Qrupunun üzvülərindən biri olan Türkiyənin rolunun şübhə altına alımasına və qarşısının kəsilməsinə yönəlmiş diplomatik müzakirələr açmağa başlayıb: “Belə bir şəraitdə Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən istefa verməsini rəsmi şəkildə tələb etməlidir. Eyni zamanda, Azərbaycan Fransa anti-Azərbaycan mövqeyini dəyişənə kimi Bakı bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsin aşağı salmalıdır”.

“Azərbaycan qəti şəkildə Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmamalı, bundan imtina etməlidir, çünki bu, bizim maraqlarımıza uyğun deyil”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Minsk Qrupu formatı Türkiyəni prosesdən uzaqlaşdırmaq üçün Ermənistan və Fransaya lazımdır: “Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə Minsk Qrupu çərçivəsində danışıqların aparılmasının vacibliyini qeyd edib. Hətta ABŞ dövlət katibi Mayk Pompeo da Minsk Qrupu çərçivəsində danışıqların vacibliyindən söz açıb. Azərbaycan üçün Minsk Qrupu artıq fəaliyyətini bitirib. Bu format təkcə Ermənistan və Fransaya lazımdır ki, Türkiyəni prosesdən uzaqlaşdırsın və hazırda Qarabağın onların nəzarətindəki hissəsində idarəetmə yaratsınlar. Rusiya da burada maraqlıdır. Sadəcə, ABŞ Minsk Qrupunun bərpasında ona görə maraqlıdır ki, Rusiyanın burada təsirlərini zəiflətsin. Məhz üç həmsədr ölkə öz maraqlarına görə 30 il ərzində münaqişəni həll etmədi. İndi də çalışırlar ki, Qarabağa hazırkı mövqeləri çərçivəsində bir avtonom idarə sistemi tətbiq edilsin. Ona görə də bu formata qayıtmaq planından danışırlar”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Azərbaycan qəti şəkildə Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmamalı, bundan imtina etməlidir: “Bu, bizim maraqlarımıza uyğun deyil. Prezident İlham Əliyev Qarabağın statusunun olmayacağı mesajını verdi. Azərbaycana bu ayın sonuna kimi üç rayon qayıtdıqdan sonra Xankəndindəki separatçıların rəhbəri Arayik Arutunyanın mövcudluğuna son verilməlidir. Artıq prosesdə Ankara-Moskva və Bakı formatı var. Qeyd edim ki, Rusiya və Türkiyə arasında Monitorinq Mərkəzi yaradıldıqdan sonra, atəşkəsə nəzarət ediləcək. Hazırda Ermənistan silahlı qüvvələri bəyannəmədə olduğu kimi ərazilərdən çıxarılır. Qarabağın müəyyən yerlərində “müdafiə ordusu” adında silahlı birləşmələr var. Onların da bu ərazilərdən, Ağdam və iki rayondan çıxarılması baş tutacaq. Bu silahlı birləşmələr Xankəndində də qalmamalıdır. Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, bu silahlı birləşmələri çıxarmalıdır. İmza atılan bəyannamədə bütün hərbi biləşmələrin Azərbaycanın işağl olunmuş ərazilərindən çıxarılması qeyd edilir. Rusiyanın Xankəndindəki sülhməramlı qüvvələrinin komandanlığı öz missiyasına uyğun olmayaraq, Arayik Arutunyanla görüşlər keçirir. Düşünürəm ki, Türkiyə Silahlı Qüvvələri Şuşada, Hadrutda və Kəlbəcərdə olandan sonra proseslər heç də Xankəndində hazırda davam edən proseslər kimi olmayacaq. Çox fərqli proseslərin şahidi ola bilərik”.

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyanın 15 maddədən ibarət yeni plan irəli sürdüyünü və 6 ay vaxt istədiyini deyən politoloq qeyd edib ki, iki il müddətində ölkədə daxili siyasi-iqtisadi və sosial proqramları reallaşdıra bilməyən birinin altı ay ərzində müharibədə uduzmuş və ordusu dağılmış bir vəziyyətdə ölkəni inkişafa aparması qeyri-mümkündür: “Nikol Paşinyan öz hakimiyyətini qorumaq və bu aylar ərzində möhkəmlətməyə çalışacaq. Onun real bir iş görməsi mümkün deyil. Burada Qarabağın statusu və Mink Qrupu çərçivəsində danışıqlara qayıtmaq bəndi var. Paşinyan bununla göstərmək istəyir ki, o Qarabağın statusundan geri çəkilməyib və bu istiqamətdə “uğura” imza atacaq. İlk növbədə Qarabağın statusunu qabartmaqla yeni böhranı tətikləyir. Ümumiyyətlə, Minsk Qrupuna qayıtmaq Azərbaycan üçün maraqlı deyil. Çünki Azərbaycan prezidenti Qarabağın statusunun olmayacağını vurğulayıb. Belə olan təqdirdə, Nikol Paşinyanın növbəti açıqlaması və bu məsələni plana daxil etməsi, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların və kommunikasiyaların açılmasının qarşısını ala bilər”.

Vazeh BƏHRAMOĞLU