Fransada PKK terrorçuları da ekstremistlərə qoşuldu – Ərəb qaçqın “Vallahi haram” deyə talançıların qarşısını kəsdi

    3

    Türklər “bəslədiyiniz ilan bir gün sizi çalacaq” demişdilər

    Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatı Fransadakı qarışıqlıqlara PKK və DHKP-C kimi terror təşkilatlarının da qoşulduğunu yazıb.

    Fransanı xaosa sürükləyən aksiyalarda iştirak edən terrorçular öz bayraqlarını qaldırmış, divarlarda Makrona qarşı şüarlar yazmışlar.

    Makron hökumətinin yanacağı bahalaşdırmasını bəhanə edərək 17 noyabrdan bəri küçələrdə iğtişaşlar törədən “sarıjiletlilər” nümayişləri davam edir.

    Etirazlar zamanı başda paytaxt Paris olmaqla bir çox şəhərlərdə toqquşmalar baş verib. Yüzlərlə mağaza və iş yerinin talan edildiyi nümayişlərdə çox sayda avtomobil yandırılıb, ictimai əmlaka böyük zərər verilib. 2 nəfərin həlak olduğu hadisələrdə 1043 nəfər yaralanıb, 1424 nəfər isə həbs edilib.

    Terrorçular küçələrə tökülüblər

    Vətəndaş müharibəsi təhlükəsinin yarandığı ölkədə illərlə himayə edilən PKK/YPG, DHKP-C və TKP/ML kimi terror təşkilatları da küçələrə tökülüblər. Türkiyənin “bəslədiyiniz ilan bir gün sizi çalacaq” xəbərdarlıqlarına qulaq asmayan Fransa iqtidarı illərlə himayəsində saxladığı terrorçuların hədəfinə çevrilib. PKK/YPG terrorçuları Parisi od-alova bürüyən hadisələrdə öz qondarma “bayraq” parçaları ilə iştirak ediblər. TKP/ML terrorçuları divarlara Makrona qarşı şüarlar yazıblar.

    Paris hökuməti ölkəni xaosa sürükləyən nümayişlərə qarşı həll yollarını araşdırır. Prezident Makronun təlimatı ilə baş nazir Eduard Filipp dünən Polşaya səfərini təxirə salaraq müxalifət partiyaları ilə görüşüb. Görüş zamanı hələlik fövqəladə vəziyyətin gündəmdə olmadığı bildirilib. Fransanın baş naziri Eduard Filippin “sarıjiletlilər”in liderləri ilə də görüşəcəyi gözlənilir.

    Dekabrın 8-də təkrar nümayişlər keçiriləcək

    “Sarijiletlilər”in dekabrın 8-də, şənbə günü yenidən böyük etirazlara hazırlaşdıqları bəyan edilib. Sosial mediada “Dördüncü pərdə” adlanan yeni nümayişlərə qoşulmaq çağırışı edilib. İğtişaşları keçirmək üçün Fransanın tarixi məkanlarını seçən etirazçıların bu dəfəki hədəfi Fransa inqilabının rəmzi olan Bastiliya meydanı olub.

    Berlinə qədər yayıldı

    Parisdə başlanan “sarıjiletlilər üsyanı” Avropaya yayılmağa davam edir. Belçika və Hollandiyadan sonra Almaniyada nümayişlər keçirilib. Paytaxt Berlinin Brandenburq qapısı qarşısında keçirilən aktda Fransaya dəstək şüarları səsləndilirib.

    “Vallahi haram”

    Parisdə keçirilən etirazları bəhanə edən nümayişçilər aralarında dünyada məşhur olan markaların da olduğu bir çox mağaza və iş yerini talan ediblər. Bir videoda mağazalara hücum edərək hər şeyi talan edən etirazçıları bir ərəb qaçqın dayandırmağa çalışır. Qaçqının talançıların qarşısını kəsib: “Etməyin, vallahi haram, vallahi haram”, – dediyi eşidilir.

    Polisdən tüfəng oğurladılar

    Paris prokuroru Remi Heitz, paytaxtda keçirilən nümayiş zamanı, Parisin 16-cı məhəlləsində etirazçıların polisdən “HK G36” modelli tüfəngi oğurladıqlarını bildirib.

    Hurriyyet.org