Fransada hökumət COVID-19 epidemiyasına yoluxanların sayının artması ilə bağlı narahatlığını bildirib

51

Fransada bir sutkada COVID-19 epidemiyasına 5429 yeni yoluxma qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, aprel ayından sonra ilk dəfə bu qədər yeni yoluxma aşkarlanıb. Ötən həftə ərzində koronavirusa yeni yoluxmaların sayı 4 min ətrafında olub. Ancaq müəyyən texniki səbəblərə görə xəstəxanalara və reanimasiya şöbələrinə yerləşdirilən yeni xəstələrin sayının dəqiq məlum olmadığı qeyd edilib.

Avqustun 25-nə olan məlumata əsasən xəstəxanalarda 4600 koronavirus xəstəsi var ki, onlardan 410-u ağır vəziyyətdə reanimasiya şöbələrindədir.

Son 24 saat ərzində 27 qrup yoluxması aşkarlanıb. Ölkənin 11 departamenti ilə bağlı həyəcan təbili çalınıb.

Fransa Baş Naziri Jan Kasteks epidemiyanın yenidən baş qaldırdığını bildirərək, fransızları məsuliyyətli olmağa çağırıb.

“Dövlətin hər şeyi edə biləcəyinə heç vaxt inanmazdım, dövlətin müəyyən məsuliyyət payı var (…), ancaq epidemiyaya qarşı mübarizə ilə bağlı hər kəsdə məsuliyyət hissi olmalıdır “,- deyə J. Kasteks əhalini diqqətli olmağa səsləyib.