Fransa Türkiyəyə niyə qənim kəsilib – təhlil

84

Politoloq: “Fransanın anti-Türkiyə mövqeyi davam edəcək”

Fransanın Türkiyəyə qarşı yürütdüyü siyasət son vaxtlar xüsusi diqqət cəlb edir. Heç də dost xarakter daşımayan bu siyasətin arxasında dayanan səbəblər Türkiyə mətbuatında ciddi müzakirə olunmaqdadır. Bu baxımdan “Milliyet”  qəzetində dərc olunmuş “Fransanın dərdi nə?” başlıqlı yazı diqqəti cəlb edir. Qəzetin tanınmış köşə yazarı Tunca Benginin qələmə aldığı yazıda bildirilir ki, rəsmi Paris istənilən məsələdə Ankaraya qarşı cəbhədə yer alır. Fransa daim Türkiyənin Avropa Birliyinə qəbulunu əngəlləyən dövlətlərin sırasında olub və hətta NATO daxilində də Ankaraya qarşı ittihamlar səsləndirir.

Müəllif bildirir ki, Fransaya etibar etmək olmaz, çünki bu ölkə hələ 17-ci əsrdən etibarən Aralıq dənizinə nəzarəti ələ almağa çalışıb və bu işdə ermənilərdən istifadə edib – Türkiyədə ermənilərin dövlətə qarşı qiyamını da açıq dəstəkləyib.

Yazar xatırladır ki, ASALA terror təşkilatı türklərə qarşı ən çox terror aktlarını məhz Fransa ərazisində törədib və bu gün də rəsmi Paris PKK və FETÖ təşkilatlarına açıq dəstək verir. Paris Türkiyə əleyhinə fəaliyyət göstərən bütün təşkilatlara qucaq açır. Bu ölkədə hakimiyyətlər, onların başçıları dəyişsə də, Türkiyəyə qarşı mənfi münasibət əsrlərdir ki, dəyişmir.

ASALA | Tarihi Olaylar

Fransanı qıcıqlandıran əsas məsələlərdən biri də Türkiyənin Şərqi Aralıq dənizi bölgəsindəki fəallığıdır. Bölgənin neft-qaz ehtiyatlarından öz haqqı olanı almaq istəyən Türkiyə fransızları ciddi şəkildə narahat edir. Eyni qıcıqlı münasbət Liviya, Suriya məsələlərində də müşahidə olunur.

Bu münasibətin səbəbi nədir? Suala cavab verən Türkiyə Dəniz Qüvvələri Komandanlığının keçmiş baş katibi, polkovnik Mehmet Asal bildirir ki, Osmanlı dövründə əldə etdiyi imtiyazları cümhuriyyət dövründə əlindən tamamilə çıxan Fransa daim erməni və kürd kartından Türkiyəyə qarşı istifadə etməyə çalışır. Gördüyü düşməncəsinə münasibətin qarşılığını daim verən Türkiyə bu gün də Fransanı cavabsız qoymur.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, Türkiyə zəif olanda onunla heç kim hesablaşmırdı: “Nə qədər ki, Türkiyə zəif idi, soyuq müharibə vardı, Türkiyə ilə heç kim hesablaşmırdı. Dünyada iki bir-birinə qarşı olan qüvvə vardı – ABŞ və SSRİ. Türkiyə də ABŞ-ın siyasətini dəstəkləməklə kifayətlənirdi, özünün müstəqil siyasəti yox idi. Amma 90-cı illərin əvvəllərində Sovetlər Birliyi dağıldı, soyuq müharibə bitdi və Türkiyənin artıq ABŞ-ın müdafiəsinə də ehtiyacı olmadı. 2000-ci illərdə isə Türkiyə sürətlə gücləndi, iqtisadiyyatı böyüdü, hərbi qüdrəti artdı. Bu illərdə ölkənin hərbi sənaye kompleksi də yüksək inkişafa nail oldu. Hazırda Türkiyə regionun ən güclü dövlətlərindən biridir, cümhuriyyət tarixində olmayan dönəm yaşayır. Üç ölkədə: İraqda, Suriyada və Liviyada hərbi əməliyyatlar həyata keçirir. Hər üç əməliyyat ölkənin milli və təhlükəsizlik maraqlarının müdafiəsinə yönəlib. Bu güclənmə, əlbəttə, onu sevməyən qüvvələrin Türkiyəyə qarşı hücumlarına səbəb olur. Təsəvvür edin ki, 15-20 il qabaq Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə heç bir problemi yox idi. İndi bölgədə Türkiyəyə qarşı olan dövlətlər arasında BƏƏ xüsusi aktivliyi ilə seçilir. Niyə? Çünki Türkiyənin böyüməsini, inkişafını, regionun aparıcı ölkəsinə çevrilməsini həzm edə bilmir. Harada Türkiyə əleyhinə bir siyasət, terror varsa, Birləşmiş Ərəb Əmirlikləri oradadır”.

Politoloq deyir ki, Fransanın da Türkiyənin aparıcı rola sahibləndiyi bölgədə maraqları var: “Suriya və Liviyada Fransa Türkiyəyə məğlub oldu. Türkiyə hər iki ölkədə mövqelərini möhkəmləndirib, Fransanın isə iştirakına faktiki olaraq son qoyulub. Türkiyə eyni zamanda Fransanın maraq dairəsində olan Afrika ölkələrində mövqeyini getdikcə möhkəmləndirir. Uzun zaman bu ölkələri müstəmləkəsi kimi saxlayan Fransa bunu qəbul edə bilmir. Məsələn, Türkiyənin son vaxtlar əlaqələri genişləndirdiyi Niger dünyanın uranla ən zəngin bölgəsidir. Kasıb ölkə Türkiyə ilə əlaqələrin genişləndirilməsinə çalışır. Fransa isə bunu istəmir. Baş verənlər göstərir ki, yaxın və orta dövrdə Fransa Avrasiyada, Afrikada Türkiyənin önə keçməsinin qarşısını ala bilməyəcək. Buna görə də Parisin  bundan sonra daha açıq şəkildə antiTürkiyə qüvvələrinə dəstək verəcəyi gözləniləndir”.

DÜNYA,
“Yeni Müsavat”