Fransa Türkiyənin NATO-dan kənarlaşdırılmasına, Ankaraya sanksiyaların tətbiqinə çalışır

20

ABŞ isə Rusiyadan Avropaya uzanan “Şimal axını-2” xəttinə özünün maye qazını sata bilməyəcəyi üçün qarşıdır

Bu, baş tutarsa, Avropanın Rusiyadan “qaz asılılığı” siyasi asılılığa da çevrilə bilər

Türkiyənin Şərqi Aralıq dənizinə geoloji-kəşfiyyat işləri aparmaq üçün gəmilər göndərməsi başda Fransa olmaqla, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Kipr, Misir, Rusiya tərəfindən narahatlıqla qarşılanır. Bilirik ki, bölgədə olan təbii karbohidrogen ehtiyatlarından başqa Çin üçün strateji layihə olan “Bir Kəmər Bir Yol” layihəsinin güzərgahı olan Aralıq dənizi məhz bu baxımdan dünya güclərinin yığnaq yerinə çevrildi. Regionda öz yerini tutmaq istəyən ölkələr Aralıq dənizindədir. Türkiyə ilə üz-üzə gəlməyə nə hərbi, nə iqtisadi gücü olan Fransa bu işdə Yunanıstanı vəkalət dövlət kimi irəli sürərək və Yunanıstanın da Avropa Birliyinin üzvü olmasından istifadə edərək, Avropa ölkələrini də Türkiyə ilə münaqişəyə cəlb etmək xətti güdür. Bəs Fransanı Aralıq dənizində nüfuz dairəsi uğrunda ruhlandıran nədir? Supergüc olmaq istəyimi, ya müstəmləkəçilikdə əldə etdiyi qazacları itirmək qorxusumu?

Fransızlar yenidən Orta Şərqə dönməyə çalışırlar, ən azından belə görünür. Birləşmiş Ştatların Yaxın Şərqdəki ordularını çıxarması və onun yerini Rusiya və ya Çinin doldurması ilə bağlı gedən danışıqlarda, Fransa indi danışıqlara və prosesə qoşulmağa çalışır. Son bir ay yarım müddətdə prezident Makron iki dəfə Livana səfər etdi və Beyrutdan Bağdada prezident Barham Salih, baş nazir Mustafa əl-Kadhimi və Kürdüstan Regional Hökumətinin prezidenti Neçirvan Bərzani ilə görüşmək üçün getdi. Makron bölgədəki fransız hərbi mövcudluğunu da gücləndirmək üçün Aralıq dənizinə bir təyyarə daşıyan gəmi göndərdi.

Beyrutdakı 4 avqust liman partlayışından sonra Livanı dəstəkləmək əmrini verdi, amma bu Yunanistanın Girit adasına gələn fransız hərbi birlikləri ilə təyyarələrini və ya Kiprdə görünən iki döyüş təyyarəsini açıqlamır. Xüsusilə, fransız dəniz qüvvələri yunan donanması ilə təlim şousu nümayiş etdirir. Makron Fransanın Yaxın Şərq, Şimali Afrika və Şərqi Aralıq dənizində güc olaraq qaldığı barədə qondarma fikirlər təbliğ edir. Müxtəlif ölkələrə böyük miqyasda silah satırlar, amerikalılar və ingilislərlə birgə müxtəlif hərbi əməliyyatlarda iştirak edirlər, xüsusilə Şimali Afrikada. Fransa prezidenti dəfələrlə israillilərlə fələstinlilər arasındakı münaqişənin həllində vasitəçi olmaqda qərarını bəyan edib. Ancaq bu səylər növbəti mərhələ başlamadan əvvəl sönməyə başladı. İndi görünür ki, fransızlar bu bir-birinə qarşılıqlı əlaqədə olan bölgədə rollarına daha ciddi yanaşırlar. Makron isə iddia edir ki, bölgəyə nizam-intizam gətirmək üçün Fransa güc tətbiq etməyə hazırdır. Nizam-intizamın isə açar sözləri var: qaçqınlar, enerji və Türkiyə.

Təxminən, on il əvvəl Makronun sələflərindən biri olan Nikola Sarkozi Liviya lideri Müəmmər Qəddafini yıxmaq üçün beynəlxalq hərbi müdaxiləni həvəslə gözləyirdi. O zaman Fransa prezidenti Liviyaya demokratiya gətirmək üçün rejim dəyişikliyinin tərəfdarı deyildi. Əksinə, Sarkozi narahat idi ki, Qəddafinin ona qarşı qiyam alovlandırmaq təhdidi Avropa sahillərinə qaçqın dalğası göndərəcək. Görünən budur ki, Makronu da Liviyada eyni məsələ narahat edir, amma bir az başqa cür. Bir diktatordan qurtulmaq əvəzinə, Makron onun sözünə baxacaq, maraqlarını qoruyacaq bir adam axtarır ki, Liviyada hakimiyyətə gətirsin. Fransızlar, Liviya Milli Ordusunun başında duran fərasətsiz Qaddafi generalı, Haftarla Sarrac hökmətinə qarşı müqavilə imzalayarkən belə bir plan qurmuşdu ki, Liviyanı Fransanın nüfuz dairəsində saxlasın və liviyalılar ilə digər afrikalıların Cənubi Avropaya miqrasiya etməsinə əngəl olsun.

Makron yeni qaçqın dalğasının qarşısını almaq istəyir, xüsusən də son aylarda 2022-ci il prezident seçkilərində yaxşı ilə pis arasında dalğalanan reytinqlə. Unutmaq olmaz ki, Liviya, İraq, Livan və Kipr sularının altında bağlar fransızların maraq dairəsindədir. Liviya Afrikadakı ən böyük neft ehtiyatlarına və beşinci böyük təbii qaz yataqlarına sahibdir, bu səbəbdən fransız şirkəti Total, Liviyada on yeddi ildir ki, fəaliyyət göstərir. İraqda eyni firma Halfaya neft yatağını istismar edən konsorsiumda 22,5 paya sahibdir və Kürdüstan bölgəsindəki istismar blokundan yüzdə 18 paya iddialıdır. Həm də Kiprin cənub sahilində, Livan sularının yanında, böyük miqyasda enerji ehtiyatı olduğu ehtimal edilən qazın axtarışı ilə də məşğul olur. Fransızlar, regional məsələlərdə, xüsusən Fələstin və İraqda, ABŞ-dan tez-tez fərqli olmağa çalışırlar və özlərini Yaxın Şərqdə insan haqlarını müdafiə edən tərəf kimi tanıdırlar. Yenə də bu təzadlar, fransızların bölgədəki ticari mənafelərini, o cümlədən bölgənin enerji qaynaqlarından istifadə etmək üçün inkişaf etmiş səylərini iti bir şəkildə təqib etmələrini və qoruduqlarını gizlətdi.

Bundan başqa, Türkiyə də var. İki ölkə arasındakı anlaşılmazlıq, Makronun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana olan qıcıqlanması və Ərdoğanın fransalı həmkarına sərgilədiyi neqativ yanaşmadan daha dərindir. Fransa, qalan üzvlərlə birgə uzun müddət Türkiyənin Avropa Birliyinə üzv olmaq qərarına şübhə bəslədi. Türkiyəni NATO-dan kənara atmaq üçün Ankaranı təcavüzkar siyasət yürütməkdə suçlayan və onu təkləməyə çalışan Fransa məqsədini Ankaraya sanksiyalarla qorxudaraq nail olacağını düşünür. Əslində isə tərəflər arasında danışıqların baş tutmaması Yunanıstan və dəstəkçilərinin destruktiv mövqeyindən irəli gəlir.Türkiyə münaqişələrin həllində diplomatik çözüm tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirdiyinə baxmayaraq, Makron Türkiyənin qarşısına 7 ölkəni koalisiya şəkilində çıxarmağa cəhd etdi və Korsika adasında görüşlə meydana atıldı. Görüşdə İtaliya və Maltanın sanksiya tətbiqinə isti yanaşmaması səbəbindən geri addım atmağa məcbur olan Makron məhz sanksiyalara haqq qazandırmaq naminə Yunanıstanı maksimum səviyyədə Türkiyəyə qarşı qızışdırır. Sanksiyalar üçün Türkiyə təcavüzkar dövlət kimi təqdim olunmalıdır. Əks təqdirdə Fransadan başqa heç bir Avropa ölkəsi Türkiyənin yüksələn hərbi gücünə qarşı sanksiyalara “hə” deməyəcək. Koalisiyanın məqsədi də Türkiyənin hərbi müstəvidə çökdürülə bilməyəcəyi gün kimi aydın olduğundan Ankaranı Şərqi Aralıq dənizində öz mövqelərindən sanksiyalarla geri çəkilməyə məcbur qoymaqdır.

Türkiyə beynəlxalq münasibətlər sistemində dəyərlər sistemi ilə çıxış edir. Təsadüfi deyildir ki, Osmanlı hakimiyyəti dövründə idarə etdiyi heç bir ölkəyə Avropanın tətbiq etdiyi istismar və müstəmləkəçilik xəttini münasib görmədi. Türkiyə ilk dəfə Afrikada-Seneqal ilə əlaqələr qurarkən də bu mövqedən yanaşdı. Bəllidir ki, Şərqi Aralıq dənizi məsələsi bu bölgəni yalnız coğrafi müstəvidə əhatə etmir. Bilirik ki, ABŞ Rusiyadan Avropaya uzanan “Şimal axını-2” xəttinə özünün maye qazını sata bilməyəcəyi üçün qarşıdır. Bu xətt baş tutacağı təqdirdə nəinki Rusiya Avropaya qaz sata biləcək, həmçinin Avropa Rusiyadan asılı vəziyyətə düşəcək və nəticədə “qaz asılılığı” siyasi asılılığa da çevriləcək. ABŞ qazına ehtiyac olmayacaq, ABŞ-ın Avropanı öz patronajında olan birlik vəziyyətində asan başa gəlməyəcək. Eyni zamanda dənizlər dünyanın ticarət arteriyaları hesab olunur. Ticarət daşımalarının yüzdə səksən faizi dənizlərlə aparılır. Məhz bu səbəbdən Vaşinqton Aralıq dənizində söz sahibi olmaq üçün çevik həmlə etdi. ABŞ-ın dövlət katibi Mayk Pompeo Cənubi Kiprə səfər edərək adada Rusiyanın deyil, özünün baza sahibi olmaq tələbini dilə gətirdi.

Almaniya isə Avropa Birliyinin aparıcı lokomotiv ölkəsi kimi ABŞ-ın maye qazına möhtac olmamaq üçün onu ABŞ boyunduruğundan qurtaran “Şimal axını-2″ni hətta Navalnının zəhərlənməsi ilə Moskva ilə arada yaranan soyuqluğa rəğmən, təxirə salmadı. Moskva ilə pərdə arxasında birgə taktiki xətt yürüdən Fransa Avropanın geostrateji lideri olmaq və Afrikada türk irəliləyişinə imkan verməmək üçün Türkiyəni yavaşlatmağa məcburdur.

Tərəflərin mövqeyini işıqlandıraraq bildirməliyik ki, Rusiya Suriyada Tartus hərbi bazası əldə etməklə çoxdan Türkiyəyə qonşu olub. PKK-nın nümayəndə heyəti ilə Moskvada rəsmi səviyyədə görüşlə Türkiyənin qarşısına ikinci bir kart-qondarma kürd dövləti kartını qoydu. Digər tərəfdən, Liviyada Sirte bölgəsində Seyfülislam Qəddafini siyasi səhnəyə gətirməklə əslində Türkiyənin Sərrac hökumətinin qarşısına başqa bir siyasi qüvvə qoymaqla Liviya bölünəcəyi təqdirdə Liviyada da Qəddafinin bölgəsində qərar tutmağı və hərbi baza əldə etməyi hədəfləməkdədir. Hələ ki, Rusiya imperiya dövründən “isti dənizlərə enmək” arzusunu reallaşdırmış sayıla bilər. Qeyd edək ki, Lavrovun Cənubi Kiprə səfərinin ardından ABŞ dövlət katibi Mayk Pompeonun Cənubi Kiprə səfəri ABŞ-ın Rusiyanın əsrlik planının qarşısnı hər vəchlə almaq üçün qəti hərəkətə keçdiyini ortaya qoydu. Başqa bir maraqlı nüans İsrail, Misir, Yunanıstan, İtaliya, Cənubi Kiprin qurduğu EastMed layihəsinin işə düşməməsi üçün Moskvanın Aralıq dənizinə enməsi idi. Belə ki, Rusiyanın enerji resursları satan ölkə olduğunu bilirik. Bu layihənin baş tutması Rusiyanın qaz və neft satması ehtiyacını aradan qalxacağı anlamına gəldiyi üçün Moskva çevik hərəkət edərək Suriya və Liviyada mövqe tutdu. Moskvanın Aralıq dənizinə enmə səbəblərindən biri də özünə alternativ ola biləcək variantların ortadan qaldırılması idi ki, bunun da reallaşdığını görürük. Dediyimiz ana səbəblərdən biri də ABŞ-ın maye qazın alternativini sıradan çıxartmaq idi və Moskvanın hələ ki, buna nail olduğunu görürük.

Hadisələrin gələcək inkişafı nələrə gətirə bilər? Yunanıstan bu templə və qeyri-peşəkar siyasəti ilə Lozan müqaviləsinin müddəalarından olan adaların silahsızlaşdırılması şərtini pozaraq adaların mübahisə predmeti kimi ortaya gətirəcəyinin fərqində deyil. Hətta bu adaları itirmək də gündəmə gələ bilər və Türkiyənin adaları ələ keçirərək daha da böyüməsinə gətirə bilər. ABŞ isə Rusiya ilə bəzi məsələlərdə bir araya gələ bilsə də, Türkiyəyə qarşı qondarma kürd dövləti kartı-Rusiyanın hərbi müstəvidə bölgəyə enmək istəməyən Çinin hərbi ayağını təmin edəcəyinin fərqindədir. Çox güman ki, Rusiyanın Çinə yol açmaq missiyasını bitirmək naminə Moskvanın Aralıq dənzində möhkəmlənməsinə qarşı və regiondan sıxışdırılıb çıxarılması üçün hərəkət edəcək.

Ülviyyə ŞÜKÜROVA