Fransa Senatına etirazlar və vətəndaş cəmiyyəti

237

Neçə gündür Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barəsində qərarın qəbul edilməsi ilə bağlı genişmiqyaslı müzakirələr apaırlırdı. Sonunda Senat tövsiyə xarakterli qərar qəbul edibdir. 305 senator lehinə və bir nəfər isə, əleyhinə olmaqla səs veriblər. Ancaq qəbul edilmiş sənədin heç bir hüquqi əsası da yoxdur. O da bəllidir ki, sonradan 8 nəfər senator verdiyi səsi geri götürübdür. O zaman sual doğur ki: “Fransa Senatının belə bir təşəbbüsü ən üçün idi? Nədən Fransa Azərbaycanın 44 gün davam edən II Qarabağ Savaşı dönəmində 30 ildir Ermənistanın silahlı qüvvələr tərəfindən işğal altında saxlanılan dövlətimizin inzibati ərazilərinin azad edilməsi sürəcində Fransa nə üçün susurdu?” Sən demə, savaş başlanan kimi, Avropanın əksər dövlətləri Azərbaycana təzyiq yolu ilə bu savaşın dərhal durdurulması və ermənilərin keçmiş Sovetlər Birliyi dönəmində malik olduqları bütün imtiyazların bərpa olunmasını tələb ediblər. Başda ölkə prezidenti və Ali Baş Komandan İlham Iliyev olmaqla Azərbaycan bu tələblərdən imtina edib. Ona görə də, Fransa qəti addımlar atmaq qərarını verib. Azərbaycanda isə, vətəndaş cəmiyyətinin hakimiyyətlə birgə addımladığı sülh dövründə də davam etməsi bir daha Qərbin şaşqınlığına səbəb oldu.

Heç bir statusu olmayan bölgə dilemması

Keçən əsrin 90-cı illərinin ilk dönəmində Azərbaycanda Xalq Hərəkatının populyar olduğu dönəmlərdə ölkə parlamentində dövlət müstəqilliyimizin tərəfdarı kimi tanınan məşhur “Demokratik Blok”da başda görkəmli dövlət xadimi və mərhum prezident Heydər Əliyev olmaqla 47 deputatatın israrlı tələblərinin nəticəsində keçmiş Sovetlər Birliyindən miras qalmış qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin 1991ci il 26 noybar tarixində fəaliyyəti qanunla ləğv edildi. Pasrlamentdə çoxluq təşkil edən və əksəriyyətinin sovet rejiminin qalmasının tərəfdarı olanlar isə, qondarma vilayətin statusunun saxlanılmasının tərəfdarı idilər. Onlar “Azərbaycan Xalq Hərəkatı”ndan qorxaraq çox zaman geri çəkilmək məcburiyyətində qalırdılar. 1995-ci il 13 noyabr tarixində Respublikamızda keçirilən ümumxalq referandumu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunubdur. Bu Konstitusiya indiyə kimi bütün qanunları ilə göz oxşayır. Orada heç bir maddədə qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” cümləsi yoxdur. 2016-cı il 26 sentyabr tarixində Konstitusiyaya bəzi dəyişikliklərlə bağlı ümumxalq referendumu  keçirilibdir. Yeni dəyişikliklərdə isə qeyd olnur ki, Azərbaycan Respublikasından könüllü olaraq ayrılmaq və öz müqəddəratını təyin etmək üçün referendum keçirilə bilər. Ancaq, referendumda ölkə əhalisinin 80 faizi bu aksiyaya səs verməlidir. Bütün bu faktlar sübut edir ki, Azərbaysan Respublikası qanunvericiliyində ayrıca hansısa xalqa inzibati idarəetmə statusa malik muxtariyyat verilməsi qanunu yoxdur. Fransa Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlətdir. Rəsmi Paris bütün bunları bilməmiş olmaz. Sözdə “güclü erməni lobbisi” mövzusunu qabartmaqla dövlət maraqlarını önə sürmək siyasi baxımdan məntiqə uyğun gəlmir. Aradan 30 il ötüb. Nə Fransa, nə də Ermənistan bu günə kimi qondarma “DQR” rejiminin müstəqilliyini tanımayıblar. İndi “Nə üçün əl-ayağa düşüblər?”, sualına isə kimsə normal cavab verə bilmir.

 

Vətəndaş cəmiyyəti dövlətlə birgə addımlayır

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilir ki, Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik. Azərbaycan və Fransa arasında ən yüksək səviyyədə dövlət səfərləri təşkil edilmiş, bizim ölkəmiz Fransaya böyük ümidlər bəsləyərək 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədr seçilməsinə razılıq vermişdir. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. 2018-ci ilin iyununda Parisə səfəri zamanı Prezident İlham Əliyev iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirmiş, aparıcı fransız şirkətləri və qruplarının rəhbərləri ilə görüşlər keçirmiş, 2,2 milyard dollarlıq anlaşmalar imzalanmışdır. Azərbaycan dövləti və Heydər Əliyev Fondu Fransada çoxsaylı mədəni layihələr icra etmiş, Parisdə Versal Sarayı parkındakı bəşəri abidələr, Luvr Muzeyi bərpa olunmuş, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmışdır. Lakin Fransa qərəzli ermənipərəst mövqeyindən imtina etmədi, bəzi fransız şirkətləri İkinci Qarabağ müharibəsinin son anlarınadək Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməkdə davam etdi. 2018-ci ildə Fransa bələdiyyələri qondarma rejimdəki bələdiyyələrlə dostluq xartiyaları imzalamışlar. Azərbaycan tərəfi Fransa məhkəmələri vasitəsilə bu xartiyaları ləğv etdirsə də, bu il Paris meriyası “Dağlıq Qarabağ respublikası”nı tanımaq təşəbbüsü qaldırmışdır. Fransa prezidenti Emmanuel Makron sentyabrın 30-da Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar vermiş, heç bir dəlil-sübutsuz ölkəmizə qarşı böhtan atmışdır. Noyabrın əvvəlində Fransanın 42 tanınmış xadimi – yazıçılar, jurnalistlər və s. prezident Makrona birgə məktub yazaraq “Qarabağ ermənilərini müdafiə etməyə” çağırmışlar. Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Azərbaycan ictimaiyyətinə E. Makronun da etnik lobbilər, konkret olaraq erməni lobbisi tərəfindən ələ alınması, öz fəaliyyətini erməni lobbisinin maraqları ilə uzlaşdırması haqqında məlumatlar bəllidir. Biz siyasi partiyalar olaraq bəyan edirik ki, indi daha konkret addımlar atmaq zamanı yetişmişdir. Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi qəbul olunacağı təqdirdə, açıq-aşkar işğalçını dəstəkləyən ölkə bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, Fransa ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır.
Qeyd edək ki, YAP, VHP, AVP, BQP, BAXCP, DİP, VP, VBP, ADMP, MCP, ReAL, Ümid, MDHP, ADP, ƏP, KXCP, AzDP, ALP, AMİP, AP, ARP, ASDP, ASRP, BAP, MVP, AĞ, MMP, ALDP, AYP, AP, ANAP, AARP, CXP, MHP, YZP, VİP, AXDP, AKP, MKP, MXP, VAMBP, AMDP, ATP, BP, GAP, AMHP, AMP, Qorqud, MDİP adına 49 siyasi partiya lideri bu bəyanatı imzalamışlar. Beləliklə Azərbaycan tərəfi Fransadan fərqli olaraq, vətəndaş sülhünün və vətəndaş cəmiyyətinin dövlət və xlaqın birliyinin müdafiəsində bəşəri mənada böyük iradə ortaya qoymuşdur.

Xəritədə Qarabağın yerini göstərə bilməyənlərin xəyalı

Fransa Senatında qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsvermə sonrası belə deyib: “Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?” O, bildirilib ki, Fransa Senatının bir çox üzvünün müharibənin dayandırılmasından, tərəflər arasında razılaşmanın əldə olunmasından xəbəri belə yoxdur. Məsələn, militarist ruhda çıxış edən senator Stefan Ravyenin sözlərinə görə, Fransadakı erməni gənclər vətənlərinə dönüb vuruşmaq istəyirlər, onların yolu açılmalıdır. O, qeyd edib ki, Fransadakı QHT-lər onlara yardımçı olmalıdır. Digər senator Alen Rişar qondarma rejimin guya 1991-ci ildən müstəqil dövlət kimi fəaliyyət göstərdiyini deyib. Bununla belə, iclasın sonunda çıxış edən Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Lemuan qətnamə layihəsinin dövlətin mənafeyinə uyğun olmadığını, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe sərgiləməli olduğunu diqqətə çatdırsa da, bu, Senatın mövqeyinə təsir etməyib.
Bütün bu hadisələrin axarında Azərbaycanda 44 gün davam edən II Qarabağ Müharibəsində olduğu kimi, cəmiyyətdə aktiv olan ictimai qurumlar deyil, həm də ölkə vətəndaşları Fransanın atdığı addımları təqdir etmirlər. Apardığımız müşahidələr və Fransada yaşayan Azərbaycan diasporu fəallarının verdiyi bilgilərə görə, bu ölkədə əhalinin 90 faizinin qondarma “Dağlıq Qarabağ” rejimi ilə bağlı heç bir bilgisi yoxdur və onlar bu məsələ ilə heç maraqlanmırlar da. Bu mövzuları daim gündəmə gətirənlər əsasın siyasi karyeraları adına vəzifə tutmuş bəzi zümrələrdir. Azərbaycana təzyiq metodu taktikası ilə hərəkət edən həmin qrupları komprador maraqarı ilgiləndirir. Ona görə də belə bir addım atırlar. Fransadan fərqli olaraq və xüsusilə II Qarabağ Müharibəsinin uğurlu nəticələrinə arxalanan Azərbaycan tərəfi vətəndaş sülhü və cəmiyyəti ilə birlikdə heç bir beynəlxalq təzyiqdən və dövlətimizin zərərinə hesablanmış hansısa addımlardan qorxaraq geri çəkilməyəcəyini elan edibdir.
Eyni zamanda açıq şəkildə bildirilib ki, artıq ATƏT-in Qarabağ münaqişəsi məsələsində hansısa yeni missiyanı irəli sürməsinə ehtiyac qalmayıbdır. Ona görə ki, belə bir münaqişə artıq yoxdur. Azərbaycan bir dövlət olaraq iradəsinə arxalanaraq həmin problemi təkbaşına 44 gün ərzində həll edibdir. Qarabağda bundan sonra, əsil quruculuq işlərinə başlanılacaqdır. Məcburi köçkünlərin və qaçqınların dogma torpaqlarına 27 ildən sonra geri dönmələri təmin olunacaq. Bir milyondan çox əhalinin sevinci ümummilli toy-bayrama çevrilib. Vətəndaş cəmiyyəti quruculuğu siyasətinin Azərbaycan modeli artıq dünya xalqları üçün bir örnəyə çevrilir.

“Hürriyyət”