Fransa işğalçı, terrorçu Ermənistana ən çox dəstək göstərən ölkədir – Politoloq

198

Fransa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı verdiyi son bəyanatında Azərbaycanın qədim şəhəri olan Şuşanı ermənilər kimi “Şuşi” adlandırması beynəlxalq hüquq normalarını pozur.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğundan neytral olmalıdır. Lakin BMT-nin veto hüquqlu daimi üzvü olan Fransa işğalçı, terrorçu Ermənistana ən çox dəstək göstərən ölkədir. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çalışmaq əvəzinə Ermənistana dəstək verməklə münaqişəni qızışdırır.

R.Dadaşova bildirib ki, Fransada təxminən 500 min erməni yaşayır. Fransanın Prezidenti Emmanuel Makron erməni seçicilərinin rəğbətini qazanmaq, hakimiyyətdə qalması üçün Ermənistana havadarlıq edir:

“Fransa Prezidentinin Azərbaycana qarşı ədalətsiz mövqedə dayanması Fransanı demokratik respublika kimi qələmə vermək cəhdinə ziddir. Qondarma Dağlıq Qarabağ Respublikasınınn olmasını dəstəkləyən Fransa Prezidenti Korsikaya və digər etnik qrupların yaşadıqları ərazilərə müstəqillik verərmi?! Əlbəttə, buna yol verməz. Digər tərəfdən, Fransa yalnız Avropa İttifaqında deyil, həm də Aralıq dənizi ölkələrində, Şimali Afrikada – Mərakeşdə, Tunisdə, Əlcəzairdə öz müstəmləkəçilik siyasətini möhkəmlətməyə cəhd edir. 100 il əvvəl Fransa Suriya və Livanı işğal altında saxlayıb. Türkiyənin beynəlxalq iqtisadi zonasına daxil olan bu ərazilərdə Fransa həmin mövqelərini bərpa etmək məqsədilə Türkiyəyə qarşı təhdidlər, şantajlar etməyə cəhd edir”.

Politoloq əlavə edib ki, Türkiyənin sona qədər Azərbaycanın haqq mübarizəsinin yanında olduğunu bildirməsi və işğalçı, terrorçu Ermənistana qarşı sərt mövqedə durması Fransanın Ermənistanı dəstəkləməsinin digər səbəbidir:

“Dəfələrlə Türkiyəni 1915-ci ildə “erməni soyqırımı” törətməkdə günahlandıran Fransa müstəmləkəsi olan Əlcəzairin 1954-cü ildən 1962-ci ilə qədərki dövrdə müstəqillik uğrunda mübarizəsində 1 milyon əlcəzairlini qətlə yetirib. Fransanın Liviyada həyata keçirdiyi siyasət də insanlıq ölçülərindən kənar siyasətdir. Son zamanlarda Fransada Prezident Emmanuel Makron hakimiyyətinin təqaüdlə bağlı islahatlarına etiraz edən on minlərlə insan və polis əməkdaşları arasında iğtişaş yaranmış, tətil edən “sarı jiletlilər” atla, itlə döydürülmüşlər. Onlarla insan öldürülüb. Bütün bunlar demokratiyadan ağızdolusu danışan Fransanın demokratik dövlət olmadığını göstərir”.