“Fransa ilə oyuna kimi çıxarım?”

126

Bu arada Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç AFFA rəhbərliyinə etiraz edib. Sportal.az-ın məlumatına görə, serbiyalı mütəxəssis U-21-dən bir neçə futbolçunun əsas yığmaya dəvət almağından narazı qalıb.

Obradoviç “Mən Fransa ilə oyuna kimi çıxaracağam?”, – deyərək federasiya rəsmilərinə etraz edib. O, Ömər Buludov, Amin Seydiyev, İsmayıl İbrahimli, Renat Dadaşov və Ozan Can Kökcünün U-21-ə lazım olduğunu bildirib.

Federasiyadan 42 yaşlı mütəxəssisə bildirilib ki, bu, komandanın baş məşqçisi Canni De Byazinin seçimidir. Fransa ilə oyun üçün Amin Seydiyev, İsmayıl İbrahimli və Ozan Can Kökcünün U-21-ə göndəriləcəyi ehtimalı var.

Renat Dadaşov isə U-21-də oynamaq istəmədiyini hələ ötən il AFFA rəhbərliyinə çatdırıb. O, Azərbaycana yalnız əsas milli üçün gələcəyini federasiyaya çatdırmışdı.

Azərbaycan – Fransa qarşılaşması sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.