FOTOREPORTAJ| Azərbaycan Prezidenti işğaldan azad olunmuş Qubadlıya səfər edib

480
Milliyet, Türkiyə
25.12.2020
Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədə nəticəsində Ermənistanın işğalından azad olunmuş Qubadlı şəhərinə səfər edib.

İlham Əliyevin xanımı Mehriban Əliyevanın “Instaqram” hesabında paylaşdığı kadrlarda dövlət başçısının səfər zamanı avtomobili özünün idarə etdiyi görünür. Kadrlarda prezident yol boyu dağıdılmış yaşayış yerlərini göstərir, ətrafdakı bütün kəndlərin Ermənistan qüvvələri tərəfindən dağıldığını bildirir.

“Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyib”, – deyə İlham Əliyev qeyd edir: “Görün biz hansı vəhşi düşmənə üz-üzə idik. Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir”.

“Bu görüntülər təzminat davamız üçün dəlil olacaq”

Yol boyu işğaldan azad edilmiş daha bir rayon – Zəngilanın da kəndlərinin dağıdıldığını göstərən İlham Əliyev deyib: “Bəzi evlərdə yaşayıblar. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq”.

Əliyev əsgərlərlə görüşüb

Sosial şəbəklərdə paylaşılmış başqa bir kadrda İlham Əliyevin Qubadlıda əsgərlərlə görüşü yer alır.

“Əsgərlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızı azad etdik. Qarabağ Azərbaycandır!”, – deyə dövlət başçısı görüşdə bildirib.

Kadrlarda əsgərlərin Prezident Əliyevi böyük həvəslə alqışladıqları da görünür.

(Türk dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Milliyet