“Forbes” Türkiyənin dron gücündən yazdı: “Türk düşmənlərini çətin günlər gözləyir”

102

Hurriyyet.org xəbər verir ki, “Forbes” jurnalı yaxın gələcəkdə Türkiyə Silahlı Qüvvələrinin ixtiyarına veriləcək “Akıncı”, “Aksunqur” və “Alqapu” avadanlıqlarından bəhs edərək yazıb: “Türkiyənin düşmənləri çətin günlər yaşayacaq”.  Jurnal “Bayrakdar Akıncı”nın Türkiyənin təhlükəsizlik qüvvələrinə təqdim edəcəyi kəşfiyyat, nəzarət və hədəfləmək imkanları ilə gələcək 10 ildə “oyunun qurucusu” olacağı proqnozunu verib.

ABŞ-da dərc edilən “Forbes” jurnalı Türkiyənin son illərdə yeni imkanlarla istehsal elədiyi “Bayraktar-TB2” və “Anka-S” pilotsuz uçuş aparatlarının özlərini Suriya, İraq və Liviya meydanlarında təsdiq etdirdiklərini yazıb.

Nəşr yaxın gələcəkdə müxtəlif istifadə sahələrinə görə Türkiyənin cəbbəxanasına daha iri və daha kiçik ölçülü müxtəlif dronların daxil olacağını xatırladaraq qeyd edib: “Mövcud silahlı və silahsız PUA-ların gücünü daha da qüvvətləndirəcək yeni vasitələr Türkiyənin düşmənlərinə ağır günlər yaşatdıracaqdır”.

“Akıncı” ilə “Aksunqur” hərbi təyyarələrin daşıdıqları raketlər daşıya biləcəklər

Silahlı PUA-larla yanaşı 22 kq ağırlığa və 14 km mənzilə malik MAM-L raketlərinin də xüsusiyyətlə fevral-mart ayları dövründə Suriyada tanklara və digər ağır zirehli vasitələrə qarşı təsirli şəkildə istifadə edildiyini yazan “Forbes” oxucularına bildirib:  “Türkiyənin bu yaxınlarda cəbbəxanasına daxil edəcəyi “Akıncı” və “Aksunqur” vasitələri hərbi təyyarələrin daşıdığı “Mark82”-ləri, həmçinin, “Poketsan” tərəfindən istehsal edilən daha uzun mənzilli SOM kruz raketlərini də rahatlıqla daşıya biləcəklər… “Roketsan”a məxsus qurudan-quruya atıla bilən TRLG-230 raketləri “Akıncı”nın işarələdiyi yerlərə nöqtə zərbələri endirəcəkdir”.

“Karqu-2” kamikadze dronlarından xüsusilə də PKK terror təşkilatına qarşı əməliyyatlarda uğurla istifadə edildiyini qeyd edən “Forbes” bununla yanaşı, “Alqapu”nun da təkmilləşdirilməkdə olduğunu və 2020-ci ilin sonuna doğru təsirli bir şəkildə istifadə ediləcəyini oxucularına çatdırıb.