“FONDUN AKTİVLƏRİ HESABINA BÖYÜK PULLAR QAZANIRLAR…” – İpoteka Fondunun rəhbərliyinə qarşı ağır ittihamlar

    6

    “Kirayə mənzillər layihəsi iflasa uğrayıb, sosial ipoteka dayandırılıb”

    İpoteka və Kredit Zəmanət Fondunun kirayə evlər layihəsi iflasa uğrayıb. Kirayə mənzillərə müraciət bu ilin yanvar ayının 22-də saat 10:00-da başlamalı olsa da, Fondun qurduğu sistem çökdüyündən müraciətlər qəbul edilmədi.

    Fond rəbərliyi bunun səbəbini müraciət qəbulu zamanı "Elektron hökumət" portalına kütləvi istifadəçi girişi və əməliyyat sayı qeydə alınması ilə izah edib.

    Xaricdən milyonlarla dollara alınan proqram təminatının nə vaxt bərpa olunacağı məlum deyil. Fondun rəhbərliyi cəmiyyətdəki narahatlığa və gözləntilərə rəğmən, bu barədə heç bir açıqlama vermək istəmir.

    Xatırladaq ki, ötən il satmaq öhdəliyi ilə kirayə mənzil verilməsi mexanizmi yaradılıb. Bu mexanizmə görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək. Kirayənişinlər isə bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.

    Fondan verilən məlumata görə, Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayacaq. Beləliklə, Bakı şəhərində mənzilin bir kvadrat metri 2126 manat, Xırdalanda 1708 manat, Sumqayıtda isə 2152 manat olacaq.

     

    Bu konsepsiyanın əsas hədəfi gənclərin mənzil probleminin həllinə yardım etmək olsa da, təklif edilən mexanizm ondan yalnız yüksək gəliri olanların yararlanmasına şərait yaradır.

    Ekspertlərin qənaətinə görə, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış minimumun dəyəri və ev təsərrüfatlarının ölçüsü əsasında müəyyənləşdirilməlidir. Təklif olunan qiymətlər isə olduqca baha və əlçatan deyil.

    Bank sektorundakı mənbədən əldə etdiyimiz məlumata görə, kirayə mənzillərlə bağlı layihənin yarım ildən çoxdur yubanması kommersiya qurumları ilə Fond arasında ciddi narazılıq yaradıb.

    Hər gün yüzlərlə müştəri bank flilallarına üz tutub, müraciətlərin nə zaman bərpa olunması barədə məlumat almaq istəyirlər. Qiymətlərin, faizlərin olduqca yüksək olması da vətəndaşlarla bank əməkdaşları arasında əsəb gərginliyi yaradır.

    Çünki kirayə mənzillərin faizsiz olduğu bilidirlsə də, mənzillərin dəyəri əvvəldən şişirdilir. Bununla Fond rəhbərliyindəki şəxslərin də qazancı onun dəyərinə əlavə olunduğu ehtimal edilir. Bu günə qədər mənzillərin hansı şirkətlərdən, hansı qiymətə alındığı barədə detallı açıqlamanın verilməməsi də bununla bağlanır.

    Narazılığın bir səbəbi də ipoteka kreditləri ilə bağlı limitlərin tətbiq edilməsidir: "Belə bir fikir var ki, Fond rəhbərliyi ancaq özlərinə yaxın, özəl əlaqələri olan banklara səxavətlə vəsaitlər ayırır. Qalan banklara bir, ya da iki milyon manat verməklə işini bitmiş sayır. Biz də ipoteka üçün müraciət edən vətəndaşlara nə cavab verəcəyimizi bilmirik.

    Sənədlərini toplayırıq, amma müştərilər Fondun sistemi məqsədli şəkildə qapalı saxlanıldığı üçün müraciət edə bilmirlər. Ona görə qapalı saxlanılır ki, yalnız öz bankları üçün lazım olanda açılır, qalan müddətdə müraciətləri daxil etmək mümkün olmur. Dövlətin vəsaitinin başına oyun açırlar, istədikləri kimi istifadə edərək, pul qazanırlar".

    Mənbə qeyd edib ki, güzəştli ipoteka kreditləri demək olar ki, Fondun menyüsündən çıxarılıb: "Əksər banklar imtiyazlı kateqoriyadan olan müştərilərin müraciətlərinə "yox" cavabı verirlər. Çünki illik 4 faizlə krediti ancaq dövlət vəsaiti hesabına vermək mümkündür, kommersiya qurumlarının belə kreditləri vermək imkanları yoxdur. Fonddan isə bu istiqamətdə vəsait almaq mümkünsüz olub”

    Mənbə bunun səbəbini Fond rəhbərliyinə sosial ipoteka verməyin sərf etməməsi ilə izah edir.

    “Belə iddialar var ki, Fond rəhbərliyi aktivləri ən aşağı reytinqli banklara yatırıb, böyük pullar qazanırlar. Bu da faktiki olaraq dövlət siyasətinin sabotaj edilməsidir" – deyə, mənbə bildirir.

    Mənbə bildirib ki, Mərkəzi Bank Fonddakı özbaşınalığa reaksiya verib tədbirlər görməsə, böhran daha da dərinləşəcək.

     

     

    Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondunun rəhbəri Fəxri Kazımovdur. O, keçmiş deputat, Sosial Rifah Partiyasının sədri Xanhüseyin Kazımlının oğludur.

    İddialarla bağlı İpoteka Fondunun rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq./AzPolitika.info/