Filoloji cəngəllik

21

“Müharibə – sülhdür, azadlıq – köləlikdir, cəhalət – qüvvədir”

(Corc Oruell, “1984″)

Bu dəfə Lavrov 5 rayonu qaytarırdı, bilmədik axırı necə oldu. 30 ildir bu cür söhbətlər davam edir, İvan Krılovdan Abbas Səhhətin dilimizə çevirdiyi “Xərçəng, balıq və ördək” təmsilindəki vəziyyət yaranır: araba yerindəcə durur. Çünki bu problemi biri göyə dartır, biri quruya, o biri suya. Bizim bu davada Türkiyədən başqa fərli müttəfiqimiz də yoxdur. 30 illik xarici siyasət dustaq səfirlərə, biabırçı nazirə gəlib dirənəndən bu temada çox danışan da qalmamışdır.

Doğrudur, hər dəfə atəşkəs ciddi pozulanda qopan hay-küydən görünür ki, soydaşlarımız torpaq itkisi ilə barışmaq fikrində deyildir, ancaq zaman birmənalı olaraq Ermənistanın xeyrinə işləyir. Onlar müxtəlif manevrlər, oyunlar oynayaraq Qarabağı da o biri torpaqlarımız kimi həmişəlik qopartmaq istəyirlər. Hansısa liderləri danışıqlara, güzəştlərə razılaşanda onu öldürəcəklər, başqası istefaya gedəcək, üçüncü “Rusiyameylli”, dördüncü “Qərbyönümlü” fırıldaqları quracaq və nəticədə vaxt udacaqlar. Biz isə qıraqdan baxıb Suriyadan, Livandan Qarabağa köçürülən erməniləri izləyəcəyik. Hələ separatçı qurumun Xankəndindəki oyuncaq “parlamentini” Şuşaya köçürmək planı vardır. Bunun üçün hansısa bina da qayırırlar. Yəqin biz buna qarşı tədbirlər görüb parlamentimizin hansısa komitəsini Ağdama köçürərik. Ya da prokurorluq qarabağlı erməni “deputatlara” “dövlət hakimiyyətini mənimsəmək cəhdi” maddəsi ilə cinayət işi açar.

Yeri gəlmişkən, dünən internetdə bir qəribə videoroliklə qarşılaşdım. Yazmışdılar ki, bu rolikdə Baş Prokurorluq ev dustaqlığının mənasını xalqımıza izah edir. Mən də sevindim, ürəyimdə dedim nə yaxşı maarifləndirici iş görürlər, ev dustaqlığı kimi alternativ cəzanın mahiyyəti açıqlanır, yoxsa məhkəmələrimiz, hüquq-mühafizə orqanları türmələrə adam basmaq üzrə ixtisaslaşıblar, axırda içəridə yer də qalmır. Uzun sözün qısası, həmin maraqla rolikə baxdım, təəssüfləndim. Çünki prokurorluğun hazırladığı o rolikdə təqdimatdan fərqli olaraq ev dustaqlığı haqda əhaliyə heç bir xüsusi bilgi verilmirdi. Bircə cümlədən başqa: “Ev dustaqlığı məhkumun cəza müddətindən sayılır”. Qalan bütün “maarifləndiricilik” bundan ibarət idi ki, bizdə ev dustaqlığı deyə cəza var və bu zaman adam ev dustağı olur. Hə, ədalət naminə bu möhtəşəm bilgiyə də çatdıq:  “Daimi yaşayış yeri olmayanlara ev dustaqlığı cəzası tətbiq edilə bilməz”. Yəni, hörmətli idarə bizə deyir ki, əgər ev dustağı olmaq istəsəniz mütləq eviniz olmalıdır. Nə gözəl.

Ta mövzu açılıb, üstəlik, son çağlar dilimizin qorunması söhbətləri geniş yayıldığından bu temada bir-iki tənqidimi yazım. Bizdə hüquq-mühafizə orqanlarının (əslində bunu hüquq-qoruma orqanları da yaza bilərik) dili olduqca bərbaddır, sanki insanlara işgəncə vermək üçün düşünülüb. Görürsən kimsə saxlanılıb, açıqlayırlar: “Tərəfimizdən Filankəs saxlandı”. Bu “tərəfimizdən” sözünü polisin dilindən çıxartmaq üçün hansısa sərəncam lazımdır? Nəyə lazımdır bu mənasız söz? Aydın məsələdir ki, açıqlamanı polis verirsə, adamı da polis saxlayıb. Hələ bir “aşkar edilib götürülüb” şablonu var, narkotik, silah-zad tapılanda işlədilir. Görəsən, aşkar eləmədən götürmək mümkündürmü? Yoxsa polisdə fokusçular da çalışır? Qısaca “Filankəsin üzərindən narkotik götürülüb”, ya da “narkotik aşkar olunub” demək olmazmı? Ya bəzən narkotikin aşkar edildiyinə, lakin götürülmədiyi hallara işarə edilir? Freyd demiş, dil çaşıb düzünü söyləyir? Bu idiotizmləri dilimizə kim salıbsa, başına yekə bir lüğət düşsün.

Başqa bir dərd “həbs-qətimkan tədbiri” ifadəsidir. “Məmməd həbs edildi” demək yerinə, “Məmməd haqda həbs-qətimkan tədbiri seçildi” deyərkən məhkəmələrimiz nəyə qəsd edir? Məqsəd insanları hüquqdan qorxutmaq, ədalətin yoxluğuna alışdırmaq üçün süni filoloji cəngəllik qurmaqdırsa, buna nail olunur.

Sonda qeyd edim ki, heç bilmirəm Qarabağ mövzusundan bura nə cür gəlib çıxdım, ancaq 5 rayon yenə qaytarılmadı.

musavat.com