Filippin iqtisadi tənəzzülün qarşısını almaq üçün məhdudiyyətləri yumşaldır

54

Filippin hökuməti daxili iqtisadiyyatı dirçəltmək üçün paytaxt Manilada və ətraf regionda koronavirusa görə tətbiq edilən məhdudiyyətləri yumşaldır.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Prezidenti Rodriqo Duterte televiziya vasitəsilə xalqa müraciətində bildirib. R.Duterte qeyd edib ki, koronovirus pandemiyası bütün dünyada iqtisadiyyatın çökməsinə və iş yerlərinin bağlanmasına səbəb olub. Filippində də pandemiyanın yayılmasına baxmayaraq, hökumət məhdudiyyətləri yumşaltmaq qərarına gəlib. Prezident əlavə edib ki, Filippin hökuməti həmin məhdudiyyətlərə görə vətəndaşlara və şirkətlərə ödənən kompensasiyaları artıq vermək iqtidarında deyil.

Əlavə olaraq qeyd edək ki, aprel-iyun aylarını əhatə edən son rüb ərzində Filippində ümumi daxili məhsul (ÜDM) illik hesablamada 16,5 faiz azalıb. Bu, həmin statistikanın aparılmağa başladığı 1981-ci ildən bəri ən aşağı göstəricidir.

Filippində iyundan başlayaraq məhdudiyyətlər yumşaldılıb. Lakin virusun yayılması artdığına görə avqustun 4-dən Manilada və ətrafda yerləşən dörd əyalətdə məhdudiyyətlər ciddiləşdirilib və işgüzar fəallıq kəskin şəkildə aşağı düşüb.

Bildirilir ki, həmin ərazidə yerləşən müəssisələrin əksəriyyəti avqustun 19-dan başlayaraq fəaliyyətini bərpa edəcək.