FİL GÜCƏNDİ, QARIŞQA DOĞDU…

    18

    Azərbaycanın meşələri talan edilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göyçayda 43 akasiya ağacını məhv edənləri axtarır

    Dünən xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

    ETSN-dən verilən məlumata görə, keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib. Bildirilir ki, hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.

    Əlbəttə, nəinki onlarla, hətta bir ağacın qanunsuz olaraq kəsilməsi belə, yolverilməzdir. Odur ki, bu cür qanunsuzluğa yol verənlər mütləq cəzalandırılmalıdır. Amma, çox təəssüf ki, son aylarda “Hürriyyət”in dəfələrlə gündəmə gətirdiyi bu problemi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görməzdən gəldiyi halda, bu gün Göyçayda 43 ədəd akasiya ağacını kəsənləri axtarırlar. Buz aman isə, məşhur “fil gücəndi, qarışqa doğdu” məsəli yada düşür…

    Əlbəttə, bu yoxlamalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyində baş verən dəyişikliklərlə, o cümlədən nazir Hüseynqulu Bağırovu Muxtar Babayevin əvəz etməsi faktı ilə bağlı ola bilər. Görünür, yerli idarələrin rəhbərliyi bununla özlərini yeni nazirə “göstərmək” istəyirlər. Halbuki, aylardır qəzetimizdə yüzlərlə, minlərlə ağacın kəsilməsi və talan olunan meşələrin sonradan qəsdən yandırılması haqda yazsaq da, bu fakta Ekologiya və Təbii Sərvətlər Nazirliyi səviyyəsində heç bir reaksiya verilmirdi. Məgər, illərdir ölkədə “yaşıl soyqırım” həyata keçirildiyi faktını görmək üçün mütləq nazirin dəyişməsi lazım idi?

    Doğrudur, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi “yaşıl soyqırım” və meşələrin kütləvi qırılması faktını heç bir halda qəbul etmək istəmirdi. Və yaxud da daha ciddi faktlar görməzdən gəlinir, hansas vətəndaş öz həyətindəki qurumuş ağacı icazəsiz kəsəndə və ya kiçik bir iş adamı bir-iki ağacı kəsib yerində obyekt tikəndə, dərhal cərimə yazılırdı. Lakin iri iş adamlarının onlarla, yüzlərlə ağacı bir gecənin içərisində kəsməsi nazirliyin araşdırma predmeti olmurdu. O cümlədən, talan olunan yüz hektarlarla meşə sahəsinin sonradan izi itirmək məqsədilə yandırılması da “təbiət hadisəsi” kimi qələmə verilirdi…

    Əlbəttə, təbii hadisələrdən yaranan faciələr təkcə Azərbaycanda deyil, bütün dünyada zaman-zaman qaçılmaz olur. Məsələn, anomal istilər və yaxud ildırım çaxması səbəbindən baş verən meşə yanğınları sıx-sıx görünən təbiət hadisələrindədir. Hansı ki, bu yanğınlar zamanı on minlərlə hektar meşə və otlaq sahələri külə dönməklə yanaşı, bəzi hallarda insan təlafatı da yaşanır. Sözsüz ki, bu zaman da toplum həmin faciələrə “Allahın qəzəbi” kimi yanaşaraq, kimsəni ittiham etmək fikrindən uzaq olur. Amma, dəfələrlə qeyd etdiyimiz kimi, təəssüf ki, bəzən təbiət hadisələri hesab etdiyimiz olayların Allahın deyil, “məmurun qəzəbi” olduğunun fərqində olmuruq. Bu zaman heç ağlımızdan belə, keçmir ki, məsələn, yüzlərlə, minlərlə hektar meşə sahəsi hansısa məmurun, yaxud məmurların tamahının qurbanı olub. Doğrudur, bəzi hallarda mətbuat, müəyyən ekspertlər bu cür yanğın hadisələrini qəsd işi kimi qələmə verir. Lakin bu halda da qəsdçilər ölkə sınırlarından kənarda axtarılır, heç kim hansısa məmuru ittiham etmək fikrinə düşmür. Eynən ötən il Qəbələdə baş verən yanğılanlar ərəfəsində olduğu kimi…

    Məmur tamahının təbiətimizə vurduğu böyük zərər

    Dəyərli oxuculara xatırladaq ki, təkcə 2017-ci ilin avqust-sentyabr aylarında Azərbaycanın bir çox rayonlarında güclü yanğınlar baş verdi. Xüsusən də Qəbələ, Lerik, Lənkəran rayonlarında bu yanğınların günlərlə və həftələrlə davam etdiyi hər kəsə bəllidir. Hansı ki, bu yanğınlar zamanı “Hürriyyət” də daxil olmaqla, bir sıra mətbu orqanlar və ekspertlər bu hadisənin hansısa vətəndaşın məsuliyyətsiz və yaxud ehtiyatsız davranışından qaynaqlanmadığı iddiasını ortaya qoymuşdu. Lakin isti yay fəslini əsas gətirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu faktın üstündən sükutla keçdi. Amma Hurriyyet.org-un əldə etdiyi sensasion faktlar Qəbələdə və Talış meşələrində baş verən yanğının arxasında məmur tamahının olduğunu ortaya qoydu. Hansı ki, bu faktlar açıqlandıqdan sonra digər rayonlarda baş verən genişhəcmli yanğınların da qəsd işi olduğu istisna olunmur.

    Bu haqda əməkdaşımıza məlumat verən mənbə açıqladı ki, xüsusən də son illər Azərbaycanda baş verən meşə yanğınlarının böyük əksəriyyəti yüksək rütbəli məmurların razılığı, dolayısı ilə göstərişi əsasında törədilib. Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və yanğın baş verən rayonların rəhbərlərindən gedir. Mənbə bildirir ki, son illər ölkəmizdə meşələr kütləvi şəkildə qırılır. Belə ki, monopolist məmurların mebel sexlərini xammalla (taxta) təmin etmək üçün bahalı və iri ağaclar tədricən meşələrimizdən yoxa çıxır. Bundan sonra izi itirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ağaclar kəsilən ərazilər qəsdən yandırılır…

    Картинки по запросу M EŞƏ YANĞINLARI AZƏRBAYCANDA

    Hər il təkcə Şəmkirdən Rusiyaya milyonlarla yeşik göndərilir

    Təbii ki, meşələrin qırılması təkcə mebel sexlərini materialla təmin etmək məqsədilə həyata keçirilmir. Həmin bahalı ağaclar tikintidə də geniş istifadə olunur. Ağacların qol-budağı və kök hissəsi isə əsasən Qəbələ və Şəmkir rayonlarındakı yeşik sexlərinə satılır. Məlumata əsasən, hər il təkcə Şəmkir rayonundan Rusiyaya milyonlarla ədəd meyvə-tərəvəz dolu yeşik göndərilir. Bu yeşiklər əvvəllər Rusiyadan gətirilən şam ağaclarından hazırlanırdısa, son illər materiala olan təlabat öz meşələrimizin hesabına ödənilir. Ona görə ki, artıq Rusiyadan gətirilən şam ağaclarından yeşik hazırlamaq sərfəli deyil və çox baha başa gəlir. Məsələn, xaricdən gələn taxtanın hər kubu 320-350 manata alınırsa, yerli ağacların hər kub-metri bundan iki dəfədən artıq ucuzdur. Yəni bizdə yeşik hazırlanması üçün istifadə olunan taxtanın kubu təxminən 150 manatdır. Bu səbəbdən də, təbii olaraq, istehsalçılar yerli xammalın alınmasına daha çox üstünlük verirlər. Nəticədə isə meşələrimiz tədricən məhv olmaq təhülkəsi ilə üzləşib. Odur ki, bizim “uzaqgörən” məmurlarımız vəhşicəsinə talan edilən meşələri yandırmaq göstərişi verərək, kəsilən ağacların izini itirməklə yanaşı, hələ materiala yaramayan kiçik ağacları, yeni çıxan tingləri də onlarla birlikdə məhv edirlər. Bu cür “yaşıl soyqırım”a isə ən yaxşı halda vicdansızlıqdan başqa ad qoymaq mümkün deyil. Hansı ki, bu məsələdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və yanğın baş verən rayonların rəhbərlərinin birbaşa məsuliyyət daşıdığı şübhəsizdir.

    Məmurların vicdansızlığı…

    Dəyərli oxucuların diqqətinə onu da çatdıraq ki, ötən il Qəbələdə və Talış dağlarında baş verən yanğının həftələrlə davam etməsi də təsadüf deyil. Məsələn, rəsmi qurumlar Qəbələdəki yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının 500 nəfərə yaxın əməkdaşının cəlb olunduğunu bildirmişdi. Üstəlik, bu prosesə könüllü olaraq ictimaiyyət nümayəndələri də cəlb olunmuşdu. Lakin, mənbə deyir ki, bütün bunlar o zaman baş verdi ki, artıq qırılan meşələr tamamilə külə dönmüşdü. Yanğın ətraf ərazilərə keçdikdə əlavə qüvvələrlə yanaşı, ictimaiyyət nümayəndələrini də cəıb edərək, alovun qarşısını almışlar.

    Daha bir maraqlı fakt isə odur ki, bu yanğınlar zamanı televiziyaların çəkiliş aparmasına da ilk günlər qadağa qoyulub. Çəkilişə yalnız qırılan meşələr tamamilə külə dönüb, yanğın ətrafa yayıldıqdan sonra icazə verilib ki, bu zaman da guya alovun zəbt edilməsinə böyük güc sərf edildiyi nümayiş olunub.

    “Hürriyyət”

    P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni rəhbərliyi meşələrin talan edilmısi faktını bir daha nəzərdən keçirəcək və bu işdə günahı olan şəxslər qanun çərçivəsində cəzalandırılacaqdır.