FHN Mingəçevir İES-dəki qəzayla bağlı MƏLUMAT YAYDI

    6

    Fövqəladə Hallar Nazirliyi iyulun 3-də saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayışla bağlı məlumat yayıb.

    Hurriyyet.org-un FHN-nin saytına istinadən xəbərinə görə, yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb.

    Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.

    Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundaki yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub.

    Yanğın zamanı xəsarət alan olmamışdır.