Fazil Mustafa: “Azərbaycan xalqının tarixində bu cür birlik modeli olmamışdı”

141

“Artıq hamı, siyasi partiyalardan tutmuş müxtəlif qruplara qədər hər kəs anlayır ki, biz güclü bir hakimiyyətlə Qarabağı işğaldan azad edə bilərik”

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi cəbhədə böyük nailiyyətlərlə müşahidə olunmaqla yanaşı daxildə də çox böyük ruh yüksəkliyi yaradıb.

Öncəki dövrlərdə də Qarabağ problemi həmişə cəmiyyətdə birləşdirici rola malik olub, Qarabağ deyəndə, işğalda olan torpaqlarımızın azadlığı deyəndə hamı şəxsi mənafeyini unudaraq Vətən uğrunda birləşib. Lakin bu dəfə vəziyyət çox fərqlidir. Xalq nəinki öz içində birləşib, hətta bütün cəmiyyət-vətəndaşlar, iqtidar, müxalifət hər kəs bir düşüncədə, bir amalda, bir ideya ətrafında birləşib. Budəfəki qədər xalq-iqtidar birliyi heç zaman müşahidə olunmayıb. Əksinə, hər zaman hakimiyyətə bir inamsızlıq, ordu rəhbərliyinə bir şübhə hökm sürür. Bu gün isə sosial şəbəkələrdə də görürük ki, insanlar Ali Baş Komandanın çıxışını necə təqdir edir, ordu rəhbərliyinin, generalların fotolarını paylaşıb onlara uğur diləyir, əsgərə sevgini izhar edir. Bu gün əsgər hər kəsə öz balası qədər doğmadır, onun suyu, yeməyi, geyimi haqqında düşünürlər. Kimi cəbhəyə yun paltar göndərir, əsgər üşüməsin deyə, kimi əl kremi göndərir şaxtada silah tutan əlləri çatlayar deyə. Ərzaq, su, tibbi ləvazimatlar, yağışdan qoruyan geyimlər və sair… İnsanlar yolda əsgər maşınlarını gözləyir, kimi imkanı çatan bazarlığını, kimi həyətinin meyvəsini maşına doldurur. Xalq-iqtidar-ordu birliyi, qarşılıqlı inam və sevgi bəlkə də son əsrlərin ən yüksək pilləsindədir.

Dünyada elə bir xalq yoxdur ki, müharibənin başlamasından yox, bitməsindən qorxsun. Elə bir valideyn yoxdur ki, şəhid cənazəsini “Çox sağ ol oğlum, Vətən sağ olsun” deyə qarşılasın və göz yaşı tökməsin. Elə bir şəxs yoxdur ki, “100 belə evim dağılsın, təki əsgərimə heç nə olmasın” deyə bilsin, hər cür maddi maraqlar gözündə sönmüş olsun.

 Bu nümunələr bu gün Azərbaycandadır və bütün dünya da bunu görür…

Fazil Mustafa: “Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”

Fazil Mustafa

Mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqlayan deputat Fazil Mustafa bildirdi ki, bu tamamilə yeni bir dövrdür və Azərbaycan xalqının tarixində bu cür birlik modeli, ümumiyyətlə, olmamışdı: “Azərbaycan xalqı bütövlükdə ayrı-ayrı vaxtlarda müharibə üçün böyük fədakarlıq etmişdi, onlar hamısı vətən sevgisi ilə savaşa getmişdilər. Şəhid olan, qazi olan insanlar var idi ki, onların heç birinin fəaliyyətini azaltmaq olmaz. Onlar da bugünkü qəhrəmanlarımız qədər, onlardan da artıq fədakarlıq göstərmişdilər, ən minimum şərtlərlə, mümkün olan ən sadə vasitələrlə torpağı qorumağa gedən insanlar idi. Ancaq yuxarıda vəhdət yox idi. SSRİ dağıldıqda belə Baltikyanı ölkələrdə Kommunist Partiyası ilə digər yaranan xalq hərəkatlarının uzlaşaraq bir yerdə müstəqillik yükünü götürməsi mümkün oldu. Bizdə isə biri digərini sıradan çıxararaq bunu götürdü. Bu da aşağıda parçalanma yaratdı və bu proses davam etdi”.

Deputat onu  da diqqətə çatdırdı ki, bizdə 4-5 ay öncə tam  fərqli proseslər var idi: “Hətta Tovuz hadisələrindən sonra da müəyyən dərəcədə güvənsizlik atmosferini  körükləməyə çalışanlar var idi. Hakimiyyəti ittiham edənlər var idi ki, onlar Qarabağı almaq istəmirlər, heç vaxt Qarabağla bağlı müəyyən addımlar atmayacaqlar. Bunu deyən çox sayda insanlar bu gün fərqli ifadələr işlədirlər. Bu da sevindiricidir. Çünki bu gün görürlər ki, Azərbaycan hakimiyyəti bütün gücünü Qarabağın xilasına yönəldib. Belə bir vəziyyətdə bu cür model olduqca vacib idi. 3 ay öncə 14 iyulda küçəyə çıxan insanlar arasında da orduya dəstək verənlər çoxluq təşkil edirdi, ancaq dərhal şüarlar ”istefa”, “azadlıq” şüarlarına çevrildi. Dərhal prosesi siyasiləşdirməyə çalışdılar.  Bu gün isə bu prosesi kimsə siyasiləşdirməyə çalışmır. Artıq hamı, siyasi partiyalardan tutmuş müxtəlif qruplara qədər hər kəs anlayır ki, biz güclü bir hakimiyyətlə Qarabağı işğaldan azad edə bilərik. İndi artıq o siyasi ritorika da ortadan qalxıb ki, kimlərsə  gələcəyi görmədən, savadsız şəkildə bizləri də, başqalarını da konstruktiv mövqeyimizə görə tənqid edirdilər. Hər addımımızda təhqirlər yazırdılar. Bu gün nəticə ona gətirib çıxartdı ki, hamı bizim nə demək istədiyimizi anladı. Bəli, ölkədə birinci maraq təhlükəsizlik marağıdır, Qarabağ probleminin həllidir”.

F.Mustafanın fikrincə, düşməni həll etmədən, bizim istədiyimiz demokratik cəmiyyəti qurmağımız mümkün deyil, hər zaman natamamlıq ortada olacaq: “Biz indi bunu edə bilmərik. ilk növbədə təhlükəsizliyi təmin etmək üçün Azərbaycanda güclü hakimiyyətə ehtiyac var. Döyüşü, danışıqları kim aparmalıdır, hərbi təlimləri kim keçirməlidir. Hakimiyyət zəif olduqdan sonra hansı uduşdan söhbət gedə bilər? Bizim tezislərin də haqlılıq dərəcəsi ortaya çıxdı. Azərbaycan hakimiyyətini zəiflətmək istəyənlər düşünsün ki, belə bir məqamda biz zəif hakimiyyətlə nəyə nail ola bilərdik? Güclü hakimiyyət olandan sonra həm də müxalifətin dəstəyi ilə hakimiyyət özünün siyasi gücünü artırmış olur və prosesi birlikdə götürmək mümkün  olur”.

Deputatın sözlərinə görə, hakimiyyətin xalqa münasibətində də güvən artıb və yanaşma dəyişib: “Artıq dəyişən bir xalq var, dəyişən bir struktur var. Artıq hakimiyyətin müxtəlif strukturlarında olanların dünyagörüşündə də bir fərq yaranıb. Xalqa bir qədər fərqli güvən artıb. Onlar üçün xalq kənardan müşahidəçi rolunda idi. Bu gün xalq bu prosesdə iştirakı vacib olan elementdir. Artıq bunu qəbul etməyə başlayıblr. Xalq özü də başa düşdü ki, müəyyən kiçik narazılıqlar, sosial problemlər və qayğıların fonunda dövlətə etimadsızlıq göstərmək yanlışdır. Dövlətin zəifləməsinə rəvac verəcək addımlar atmaq olmaz. Bu proses bizi yenidən dəyişdi və yeni bir cəmiyyətə çevirmiş oldu.

Xalqın orduya, əsgərə münasibəti də xeyli dəyişib. Bu münasibətləri biz tamam fərqli bir istiqamətdə də inkişaf etdirməliyik. Müharibədə uğurlar qazanmaq mümkündür, bunun diplomatiya tərəfləri də var, orada uğurlar da, uğursuzluqlar da mümkündür. Ən böyük fəlakət ruhdan düşməkdir. Biz bu ruhdan düşməyə, cəmiyyətin inamının itməsinə yol verəcək addımlar atmamalıyıq”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”