“Facebook”da çalışan ermənilər Fransadakı soydaşlarımızın “Haut Karabagh” adlı səhifəsini bağladılar…

165

Elnur Məcidli: “Bizə məlum oldu ki, bu, “Facebook”-da çalışan ermənilərin öz səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlıdır”

“Facebook” şirkətində çalışan erməniləri səlahiyyətlərindən istifadə edərək, fransız dilində Qarabağ həqiqətlərini yayan “Haut Karabagh” səhifəsini bağlayıblar.

Bunu Musavat.com-a açıqlamasında Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli bildirib.

O, məsələnin ictimailəşdirilməsini istəyərək, “Facebook”-dan tezliklə səhifənin bərpasını tələb edib: “Bizim “Facebook”-da “Haut Karabagh” adlı bir səhifəmiz var və onu təxminən 1 ay öncə açmışdıq. Səhifə ötən gün bağlandı. Fəaliyyət göstərdiyi 1 aya yaxın müddətdə səhifənin 2600 üzvü və 2800-dən artıq təqibçisi var idi. Yeni bir səhifə idi və sırf Fransa ictimaiyyətinə və fransız dilli auditoriyaya xitab edirdi. Səhifədə Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini əks etdirən materiallar paylaşırdıq. Video, foto materiallar, yazılar, tarixi faktlar və sair fransız dilində təqdim olunurdu.

Səhifəmizdə aktiv olan qruplar Fransada yaşayan azərbaycanlılarla yanaşı, Fransada yaşayan türk icmasının üzvləri, həmçinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən fransız dostlarımız, dünyanın müxtəlif ölkələrində yaşayan fransız dilli insanlar, o cümlədən, Fransadakı erməni diasporunun üzvləri idi. Ermənilərin səhifəmizdə aktiv olmasının səbəbi isə bizim səhifənin əleyhinə və ya orada yazılan, paylaşılan materialların əleyhinə şərhlər yazmaq idi. Biz onlara o imkanı da tanıyırdıq ki, şərh yazsınlar, fikirlərini bildirsinlər. Bizi bəzən təhdid və təhqir də edirdilər, ancaq onlara fikir bildirmək imkanı yaratmışdıq. Səhifə artıq “Facebook”-un Fransa seqmentində sürətlə məşhurlaşırdı.

Səhifəmizdə son rəsmi statistika o idi ki, paylaşdığımız materiallar 350 mindən yuxarı insana çatır.  Səhifəmizin özündə bildirilən reaksiyalar 100 mindən yuxarı idi. Paylaşdığımız videoların ümumi baxış sayı 200 mini keçmişdi. Ən yüksək izlənmə gətirən videolarımız arasında “Euronews” kanalının Tərtərdən hazırladığı qısa reportaj var idi. Orada ermənilərin Tərtəri bombalaması əks olunurdu, 70 min dəfə izlənilmişdi. Digəri Fransa dövlət kanalının Qarabağla bağlı hazırladığı və erməni diasporunun təzyiqi ilə kanalın səhifəsindən silinən reportaj idi, o  da 40 minə yaxın izlənmişdi. Səhifəmiz daha əvvəl də şikayət olunmuşdu, bizim reklam vermə haqlarımız əlimizdən alınmışdı.

Noyabrın 3-də səhər reklam haqqımız bərpa olundu, bizdən üzr  istədilər, günorta isə səhifə tamamilə bağlandı. Bunu ermənilər edirlər. Biz “Facebook”-a şikayətlərimizi yazdıq, orada işləyən dostlarımızla əlaqə saxladıq. Bizə məlum oldu ki, bu “Facebook”-da çalışan ermənilərin öz səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlıdır. “Facebook”da artıq bununla bağlı xəbərdardırlar, ancaq  bu məsələlərə nə zaman baxılacağı bilinmir”.

E. Məcidli onu da diqqətə çatdırdı ki, “Facebook” şirkətində çalışan ermənilər Azərbaycanın lehinə xarici dildə effektiv təbliğat aparan səhifələri və şəxsi profilləri bağlamaqla məşğuldurlar:

“Bununla bağlı “Facebook”-a artıq xeyli şikayət daxil olub, faktlar var, ancaq nə zaman tədbir görüləcəyi bilinmir. “Facebook”-un qurucusu Mark Zukerberqə ünvanlanmış məktublarımız da var. Həmçinin səhifəmiz açılmazsa, Fransada bunu hüquqi müstəvidə davam etdirməkdə qərarlıyıq. Bu söz azadlığına bir zərbədir. Bizim səhifədə hər hansı etnik qrupa qarşı nifrət, kin təbliğ olunmurdu. Əksinə, biz orada Azərbaycan-Ermənistan sülh platformunu paylaşaraq bildirmişdik ki, biz də sülh istəyirik. Torpaqlarımız azad olunduqdan sonra, cənab Prezidentin də dediyi kimi, ermənilərlə bir yerdə yaşamağa hazırıq. Azərbaycanın bu gün özünün 30 ildir işğalda olan  torpaqlarını azad edir. Bu fəaliyyətimiz onlarda qıcıq doğururdu, səhifəmizə çoxsaylı şikayətlər gəlirdi. O şikayətlərin doğru olmadığını “Facebook”-a bildirirdik. Biz fransız dilində olan “Hout Karabagh” səhifəsini “İnstagram”da və “Twitter”də, “Tik-tok”da, “Youtube”da  və digər aktiv sosial platformalarda açmışıq”.

Nərgiz Liftiyeva
Musavat.com